22 Yanvar 2022 09:28
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ukrayna ətrafında gərginlik pik nöqtəyə çatıb, bu ölkəyə hərbi müdaxilənin an məsələsi olduğu iddia edilir. Siz vəziyyəti necə qiymətləndirirsiniz?

- Mənə elə gəlir ki, situasiya Rusiya ilə Qərb arasında mövcud olan gərginliyin nəticəsidir. Yaxın müddətdə Rusiya tərəfindən hansısa əməliyyatların başlanmasını gözləmirəm. Çünki bu böyük faciə olardı. Yalnız Ukrayna üçün deyil, eyni zamanda Rusiya üçün böyük təhlükə yaradardı. Amma hesab edirəm ki, gərginlik davam edəcək. Bu gərginlikdə maraqlı olan qüvvələr var. Əslində bu hər iki tərəfdən diqqəti yeni təhlükələrə cəlb edir və cəmiyyətlərdə, ölkələrdə mövcud olan problemləri arxa səhnəyə keçirir.

- ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə bəyan edib ki, Putin hər an müdaxilə qərarı verə bilər. Bu informasiya nə dərəcədə ciddiyə alına bilər?

-Bu əslində dediyim sözlərin təkrarıdır. Hər iki tərəfdə gərginlik var. Tərəflər vəziyyətin gərgin olduğunu öz cəmiyyətlərinə göstərirlər. Bu, diqqəti tamamilə fərqli istiqamətə yönəldir.

- ABŞ Rusiyanın Ukraynaya müdaxilə etməsində maraqlıdırmı?

-Təbii ki, heç kəs, o cümlədən ABŞ-da bunda maraqlı deyil. Amma gərginlik və onun ətrafında mətbuatda, cəmiyyətdə gedən müzakirələrdə ola bilsin ki, müəyyən qüvvələr maraqlıdır. Bununla da diqqət bəlkə də əsas problemlərdən yayındırılır.

- Biz diqqət edəndə görürük ki, Almaniya Ukrayna məsələsində tam fərqli mövqe nümayiş etdirir. Berlin hətta Britaniyadan Ukraynaya göndərilən silahların ərazisindən keçməsinə imkan verməyib. Alman siyasəti bununla nəyə nail olmağa çalışır, məqsədləri nədir?

-Buna tamamilə normal yanaşmaq lazımdır. Əvvəlla, Almaniyanın Rusiya ilə xüsusi münasibətləri var. Berlin bu münasibətləri qoruyub saxlamaq niyyətindədir. Bu yaxınlarda Almaniyanın yeni xarici işlər naziri Ukrayna və Rusiyada səfərdə oldu, Moskvada ikitərəfli münasibətlərin inkişafına dair müzakirələr apardı. Berlin hər zaman Rusiya ilə fərqli münasibətlər sərgiləyib. Müşahidələr deməyə əsas verir ki, yeni alman hökuməti də bu siyasəti davam etdirəcək.

- Deməli, Qərbin Ukrayna məsələsində vahid və qəti mövqeyi yoxdur?

- Təkcə Ukrayna mövzusu deyil. Bir sıra məsələlərlə bağlı fikir ayrılıqlarını müşahidə edirik. Çünki maraqlar da fərqlidir.

- Ukrayna məsələsinin ən gərgin fazasında rəsmi Ankara da prosesə vasitəçi qismində qatılmağa start verib. Prezident Ərdoğan Ukrayna və Rusiya liderlərinin ölkəsinə səfər edərək danışıqlar aparmasını mümkün sayıb. Türkiyənin bu mərhələddəki vasitəçilik addımı nəyə hesablanır?

- Əslində Türkiyənin ciddi marağı var ki, Ukrayna ətrafında müşahidə edilən gərginlik aradan qaldırılsın. Türkiyənin qonşuluğunda hansısa hərbi əməliyyatlar təhlükə olduğu üçün Ankara çalışır ki, ona yaxın olan bölgədə sülh, stabillik və əmin-amanlıq olsun. Ona görə də Prezident Ərdoğanın təşəbbüsü müsbət addımdır. Əlbəttə, Ankara həm Rusiya, həm də Türkiyə ilə müsbət əlaqələrə malik olduğunu nəzərə alaraq gərginliyin aradan qaldırılması üçün səylər göstərir, sülh təşəbbüsü irəli sürür. Bu da Türkiyənin strateji maraqlarından doğur. Başqa sözlə, bu, Türkiyənin ona yaxın regionda sülh və stabillik istəyindən irəli gələn addımlardır.

- Aydındır ki, ABŞ başda olmaqla qərb ölkələrinin Ukrayna mövzusunda vasitəçilik təklifi Moskva tərəfindən qıcıqla qarşılanır. Bu baxımdan Ankara və Bakının sülh təşəbbüsü nə dərəcədə effektiv ola bilər?

- Rusiya prezidentinin sözçüsü Türkiyənin təşəbbüsünə müsbət reaksiya ifadə edib. Ümid edirəm ki, Türkiyə və Azərbaycanın təşəbbüsləri sülhün yaranması və gərginliyin aradan qaldırılması üçün müsbət nəticələrə gətirib çıxara bilər. Ümidvaram ki, bu təşəbbüslər müsbət nəticələr verəcək, bölgədə sülh və sabitliyin qorunması təmin ediləcək.


Müəllif: Nemət Orucov