“Rusiya qlobal güc olduğunu göstərmək istəyir, amma bunun üçün onun hərbi güclə hədələməkdən başqa heç bir resursu yoxdur. Yəni Rusiyanın dünyaya nümayiş etdirə biləcəyi yeganə geosiyasi alət onun hərbi gücüdür. Hərçənd ki, heç hərbi güc baxımından da Rusiya ciddi uğurlara imza ata bilməyib, çünki texnologiyaların ən vacib amillərdən bir olduğu dönəmdə onların hərbi sahəyə tətbiqi də hərbi gücün meyarlarını müəyyən edir. Amma bu sahədə də həmin Almaniya və Fransanın texnoloji inkişafda Rusiyanı xeyli önləməsi Moskvaya nüvə silahı ilə hədələməkdən başqa şans vermir”.
Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Müttəfiqlik haqqında Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqləndi. Bunun bizim üçün nə kimi üstünlükləri olacaq, gələcək təhlükələrin dəf edilməsi üçün hansı rolu oynayacaq və bunun davamı olaraq müttəfiqliyin gücləndirilməsi üçün daha nə kimi addımlar atıla bilər?
- Hər şeydən əvvəl Şuşa bəyannaməsinin hər iki ölkənin ali qanunverici orqanında təsdiqlənməsinin ikitərəfli münasibətlər kontekstində son dərəcə əhəmiyyətli olmasını qeyd etmək istərdim. Bununla bəyannamə deklarativ xarakterli sənəddən ölkələrin tərəfdaşlıq öhdəliklərini özündə ehtiva edən hüquqi sənədə çevrildi. Amma Şuşa bəyannaməsi ikitərəfli müqavilədən daha əhatəli sənəddir, çünki o, təkcə ikitərəfli münasibətlər baxımından indiyədək imzalanmış sənədlərin əhəmiyyətini, qüvvədə olmasını təsdiqləmir, həm də tərəfdaşlığın gələcək və daha dərin perspektivlərini əks etdirir. Bu isə Azərbaycan üçün təkcə təhlükəsizlik təminatları deyil. Sənəddə ikitərəfli münasibətlərin demək olar ki, bütün aspektləri göstərilib. Bizim üçün bu, suverenliyin, ərazi bötövlüyünün, təhlükəsizliyin təmin olunmasından tutmuş, ölkənin inkişaf modelinin müəyyənləşdirilməsi kimi konseptual məsələlərin həlli deməkdir.
Konseptual dəyişiklik isə bu günədək Azərbaycanın inkişafına mane olan bir sıra amillərin aradan qalxacağına imkanların yaranması deməkdir. Təbii ki, onun implementasiyasına istər daxildən, istərsə də xaricdən müqavimət olacaq və dünyanın yeni geosiyasi mənzərəsinin formalaşdırılması dönəmində bu, tamamilə təbiidir. Amma ortaya siyasi iradə qoyulacağı halda gözlənilən həmin müqavimətləri dəf etmək mümkündür. Bəyannamənin hər iki ölkədə təsdiq olunması isə artıq belə iradənin olmasına işarədir. İndi düşünürəm ki, sənəddə əks olunmuş hədəflərin əldə olunması istiqamətində real addımlar atılmalıdır və onların reallaşdırılması Azərbaycanın istər təhlükəsizliyinin, istərsə də sosial-iqtisadi inkişafının təmin olunması üçün son dərəcə zəruridir.
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yönündə aktiv addımlar atılır. Təyyarə reysləri bərpa edildi, tərəflərin diplomatik təmasları sıxlaşır. Bu prosesdən gözləntiniz nədir, indiki halda bunun Azərbaycan üçün əhəmiyyəti varmı?
- Görünən budur ki, Ermənistanın indiki rəhbərliyi Türkiyə ilə münasibətlərin bərpasını və əməkdaşlığın qurulmasını ölkəsinin perspektivləri baxımından Rusiya ilə bağlılığa alternativ kimi görür. Bu gün Türkiyə Avrasiya məkanında real gücə çevrilmiş geosiyasi oyunçudur və bunu İrəvanda da yaxşı anlayırlar. Amma təkcə İrəvanda deyil, Moskvada da görürlər ki, Ankaranın artan rolu ilə hesablaşmaq qaçılmazdır və elə ona görə də gələcək əməkdaşlığın müxtəlif formatlarını axtarırlar. Yəni hətta iddialı Rusiya da daim özünün müstəsna təsir dairəsi hesab etdiyi bölgələrdəTürkiyə ilə rəqabətdən çox əməkdaşlığa meyllidir. Bu da öz növbəsində bölgə ölkələri arasında iki və çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulmasını tələb edir.
Qaldı konkret olaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına, mən bunu pozitiv dinamika kimi dəyərləndirirəm və düşünürəm ki, belə inkişaf son nəticədə Azərbaycan-Ermənistan münasibətlərinin bərpası və normallaşması üçün yeni imkanlar aça bilər. İki və çoxtərəfli iqtisadi, siyasi və diplomatik münasibətlərin qurulması ən azı Ermənistanı əvvəlki ənənəvi yolundan imtinaya sövq edə bilər.
- Belarus başçısı Aleksandr Lukaşenko bildirdi ki, Qazaxıstan, Ermənistan, Özbəkistan, Türkmənistan və gələcəkdə Ukrayna Belarus-Rusiya Birlik Dövləti İttifaqına qoşula bilər, Azərbaycan isə siyahıda yoxdur, çünki Türkiyənin ona güclü dəstəyi var. O, Azərbaycanla bağlı danışarkən, “bizim də səhvlərimiz oldu” dedi. Sizcə, burada söhbət nədən gedə bilər?
- Aleksandr Lukaşenkonun həmin fikirləri Türkiyənin Cənubi Qafqazda rolunun və iştirakının etirafı deməkdir. Başqa sözlə, Rusiyanın Azərbaycana yönəlik siyasətinin yanlış olmasının nəticəsində ölkəmizin öz gələcəyini Türkiyə ilə tərəfdaşlıqda tapmasına işarə idi. Başqa bir məqam isə onun öz ölkəsinin Azərbaycana etibarlı tərəfdaş kimi yanaşmasının göstəricisidir. Bu mənada Lukaşenkonun Belarusun enerji qıtlığından əziyyət çəkdiyi bir anda Azərbaycandan iki tanker neft göndərilməsini vurğulaması da təsadüfi deyildi.
İttifaq Dövlətinin perspektivlərinə gəlincə, məncə, Lukaşenkonun özü də bunun baş tutacağına bir o qədər də əmin deyil. Hər halda onun danışdıqlarından hiss olunan bu idi.
- Fransa Prezidenti Emmanuel Makron Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşdü. İstər Fransa, istərsə də Almaniyanın səylərindən görünən budur ki, onlar Avropada yeni müharibə istəmirlər. Putin isə Makronla görüşdə Qərbi nüvə silahları ilə hədələdi. Bu haqda nə düşünürsünüz: sonda geri çəkilən kim olacaq: Qərb, yoxsa Rusiya?
- Rusiya qlobal güc olduğunu göstərmək istəyir, amma bunun üçün onun hərbi güclə hədələməkdən başqa heç bir resursu yoxdur. Yəni Rusiyanın dünyaya nümayiş etdirə biləcəyi yeganə geosiyasi alət onun hərbi gücüdür. Hərçənd ki, heç hərbi güc baxımından da Rusiya ciddi uğurlara imza ata bilməyib, çünki texnologiyaların ən vacib amillərdən biri olduğu dönəmdə onların hərbi sahəyə tətbiqi də hərbi gücün meyarlarını müəyyən edir. Amma bu sahədə də həmin Almaniya və Fransanın texnoloji inkişafda Rusiyanı xeyli önləməsi Moskvaya nüvə silahı ilə hədələməkdən başqa şans vermir.
Qərbdə bu gün Rusiya silahlarının keyfiyyətindən deyil, kəmiyyətindən, yəni sayından ehtiyat edirlər, amma hətta bu da Qərbin geri çəkiləcəyini deməyə əsas vermir. Avropada yeni müharibəni isə heç kim istəmir, o cümlədən də Rusiyanın özü. Bəlkə də ilk növbədə elə Rusiya istəmir, çünki istənilən uğursuzluq Moskvanı yeni geosiyasi konstruksiyanın qurulması prosesindən kənarda qoya bilər. Ona görə də sonda bütün tərəfləri qane edən hər hansı bir ortaq mövqenin tapılacağı daha inandırıcı görünür. Bir şərtlə ki, hansısa ölkəyə müharibəyə təhriketmə öz daxili problemlərindən yayınmağın yolu kimi görünməsin. Konkret halda belə ölkə Rusiyadır. Amma burda da iki risk var: müharibəyə təhrik edib məğlub olmaq və bununla daxili problemləri bir qədər də dərinləşdirmək.
- Təqaüddə olan yüksək rütbəli rusiyalı hərbçilər (Ümumrusiya Zabitlər Məclisi) Rusiya hakimiyyəti əleyhinə bəyanat verdilər. Sizin bununla bağlı şərhinizi oxudum, bir fikriniz diqqət çəkdi, bildirirsiniz ki, yaxın dövrlərdə Rusiyada sürpriz siyasi proseslərin şahidi ola bilərik. İstərdik ki, bu fikrinizi bir qədər açasınız, nə kimi gəlişmələr ola bilər?
- Əslində həmin bəyanat təkcə hakimiyyətə deyil, həm də və ilk növbədə Rusiya əhalisinə yönəlmiş müraciətdir. Bu isə Kreml uğrunda gedən mübarizənin artıq açıq müstəviyə keçməsi deməkdir. Həmin mübarizənin qapalı mərhələsi olanda sizinlə bu haqda bir neçə dəfə danışmışdıq. Amma indi mübarizə artıq yeni - aktiv fazaya keçir və Putin hakimiyyətinin əhali arasında nüfuzunun olmadığını yaxşı anlayan opponentləri xalqa müraciət edirlər. Xalqa müraciət siyasi mübarizənin kəskinləşməsidir, bu isə özünü ən müxtəlif aspektlərdə mütləq göstərməlidir.
Müraciətin ardınca - ötən gün Ümumrusiya Zabitlər Məclisinin sədri, general-polkovnik Leonid İvaşov rusiyalı jurnalist Andrey Karaulova müsahibəsində müraciətin bir çox generallar tərəfindən dəstəkləndiyini bildirdi. İvaşovun təşkilatın sıralarında Putinin nəinki istefaya göndərilməsini, hətta onun mühakimə olunmasını tələb edənlərin olduğunu söyləməsi isə məsələnin ilk baxışdan göründüyündən daha ciddi olmasına işarədir. Bu isə adi kütləvi etirazlardan, tələblərdən tutmuş hərbi çevrilişədək bütün ssenarilərin mümkün olması deməkdir.
Unutmayaq ki, Putinin opponentləri əllərində ağır silahlar olan insanlardır və indiki Rusiya hakim zümrəsindən fərqli olaraq onların millətçilik kimi ideoloji bazası var. Bu isə ağır odlu silahlardan daha güclü və daha dağıdıcı ola bilər.