11 Fevral 2022 13:05
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Buna paralel olaraq orta və ali məktəblərdə ənənəvi təhsilin dayandırılması ilə bağlı çağırışların artdığının şahidi oluruq. Vəziyyət həqiqətən mürəkkəbdir. Ancaq hesab edirəm ki, hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq. Çoxlarının düşündüyü kimi, ənənəvi təhsildən məsafədən təhsilə keçid asan məsələ deyil. Dərslərin sentyabrın ortasından deyil, sonundan başlaması proqramın tam mənimsənilməsi üçün bir sıra çətinliklər yaratdı. Birinci semestrdə dərsi olan müəllimlər bu problemi açıq yaşadılar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, bu gün internet və avadanlıqlarla bağlı problemlər bir sıra bölgələrdə hələ də qalmaqdadır, məsələnin nə qədər ciddi olduğunu anlamış olarıq:

“Digər bir mühüm məsələ distant təhsilin ənənəvi təhsili əvəz edə bilməməsidir. Ötənilki məsafədən təhsil dərslərin keyfiyyətinə çox ciddi təsir etdi. Həm orta, həm də ali təhsil müəssisələrimiz həmin dövrün acı nəticələrini bu gün yaşamaqdadır. Ona görə də tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Virusdan kütləvi yoluxmalara gəlincə təhlillər göstərir ki, burada gigiyenik qaydalara, maskadan istifadəyə tam əməl ediməməsi mühüm rol oynayır. Bunlar bir sıra hallarda virusun daha sürətlə yayılmasına təsir edən amillərdəndir. Ona görə hər kəs çalışmalıdır ki, müəyyənləşdirilmiş qaydalara əməl etsin, gücləndirilmiş 3-cü buster dozanı vurdursun”.

Millət vəkili hesab edir ki, növbəti illərdə bizi hansı "sürpriz"lərin gözlədiyini bilmədiyimiz üçün distant təhsilin hüquqi bazasının gücləndirilməsi, bu təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində səylərimizi artırmalıyıq:

“Artıq bir sıra ölkələr məsafədən təhsilin araşdırılması və tətbiqinin təkmilləşdirilməsi üçün sırf distant təhsil verən təhsil müəssisələrinin yaradılması ideyaları üzərində sıx işləyir. Bu barədə ciddi düşünməyə ehtiyac var. Prosesləri qabaqlamaq üçün bu istiqamətdə işlər sürətləndirilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər