23 Fevral 2022 19:42
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycan Rusiya arasında imzalanan tarixi sənədin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin təzahürüdür. Bu Bəyanatda bizim üçün ən vacib məqamlardan biri Azərbaycanın müstəqilliyi, suverenliyi, dövlət müstəqilliyi, sərhədlərinin toxunulmazlığı kimi mühüm prinsiplər öz əksini tapıb. Eyni zamanda qarşılıqlı hörmət eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi qaydasında, mübahisələrin dinc yolla həlli edilməsi məsələləri də sənəddə yer alıb. Bütün bu müddəalar BMT Nizamnaməsində nəzərdə tutulmuş prinsiplərə əsaslanır. Şimal qonşumuzla bu cür müttəfiqlik bəyanatının imzalanması Azərabycan üçün vacib idi. Hazırda Ermənistanla olan vəziyyətin yaratdığı situasiyanı hər kəs yaxşı başa düşür. Bununla da Azərbaycanın öz ərazisində müxtəlif şəxslərin, təşkilatların, terrorçuların hərəkətlərinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün əlavə imkanlar qazanmış olacaq.

- Ölkəmiz üçün xüsusi məqamlar daha çox hansı bəndlərdə öz əksini tapıb?

- Bəyanatın 11-ci bəndinə əsasən Azərbaycan Rusiya ilə öz ərazisində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısı qətiyyətlə alınacaq. Bu Azərbaycan üçün olduqca mühüm bir müddəadır. İşğaldan azad edilmiş ərazilərimizdə qanunsuz fəaliyyət göstərən hərbi birləşmələrin dövlət suverenliyinə, təhlükəsizliyinə olan təhdidlərinin qarşısının alınması olduqca önəmlidir. Eyni zamanda hümanitar, elm, texnologiya, mədəniyyət sahəsində və digər məsələlərdə iki tərəf üçün faydalı olan müddəalar bu sənəddə özünə yer tapıb. Bu gün Azərbaycanın daha çox dost qazanmaq üçün imkanları var. İndi bizim dost itirən vaxtımız deyil. Bu mənada Rusiya ilə iqtisadi, siyasi, hümanitar, strateji baxımından imzalanan bu Bəyanatın mühüm əhəmiyyəti var.

- Şuşa Bəyanatından sonra belə bir sənədin imzalanması bölgədə sülhün, təhlükəsizliyin təminatı üçün hansı imkanlar açacaq?

- Bu cür sənədlər hər bir dost tərəfdaş dövlətlə imzalana bilər. Burada əsas prinsipial məqamlar Azərbaycanın dövlətçilik maraqlarının qorunmasıdır. Şuşa və Moskva Bəyannaməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən tarixi sənədlərdir. Bu sənədlərdə Azərbaycanın suverenliyinə açıq hörmət öz əksini tapıb. Bundan sonra iki dövlət öz fəaliyyətlərində bir-birinə istənilən platformada dəstək nümayiş etdirəcək.

- Yeni bir mərhələnin başlanğıcı üçün bir sənədin rolu nə dərəcədə böyükdür?

- Azərbaycanla Rusiya arasında olan münasibətlər keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan bu sənədi imzalamaqla özünün siyasi-iqtisadi, hərbi imkanlarını daha da genişləndirəcək. Ölkəmizin bölgədə daha dayanıqlı və sabit siyasət yürütməsi üçün bu cür əməkdaşlığın, strateji yanaşmaların böyük rolu var.


Müəllif: Tapdıq Qurbanlı