24 Fevral 2022 19:54
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasının tarixi əhəmiyyəti olduqca böyükdür. Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan-Rusiya münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək imzaladığı mühüm bir sənəddir. 43 bənddən ibarət müttəfiqlik haqqında Moskva Bəyannaməsi Rusiya-Azərbaycan və iki ölkənin xalqları arasında dostluq, mehriban qonşuluq, tarixi ənənələr, dərin mədəni, humanitar əlaqələrə əsaslanır.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor xatırladıb ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il iyulun 3-də müqavilə imzalanıb: “2008-ci ildə isə Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq sənədi, həmçinin 2018-ci ildə Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Birgə Bəyanatı mövcuddur. Bu tarixi sənədlər ikitərəfli münasibətlərə, xalqlarının maraqlarına tam şəkildə cavab verir. Regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsi, möhkəmləndirilməsi üçün münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması önəmlidir. Siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində tərəflər arasında sıx əməkdaşlıq formalaşır. Eyni zamanda iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə sadiqlik ifadə edilir. Rusiya və Azərbaycan üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətini ortaya qoyur. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsində iki ölkənin maraqlı olduğu açıq şəkildə əks edilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) konsensusla qəbul edilən digər sənədlərinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına riayət etməyə dair öhdəlik də sənəddə öz əksini tapıb. Beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyini əsas götürülür”.

Millət vəkili vurğulayıb ki, Rusiya ilə Azərbaycan öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında formalaşdırır: “Eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında münasibətlərin formalaşdırlması təmin ediləcək. Dövlətlər öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürütməklə qlobal, regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklərinə dair razılıq əldə edib. Münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm qeyd edilir. Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət əsas götürülür. İki ölkədən birinə hər hansı bir təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı halda təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına dair da razılıq əldə edilib. Paralel olaraq iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməklə bağlı əsas prinsiplər Bəyanatda yer alıb”.

Eldar Quliyev qeyd edib ki, Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir: “Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına tərəfdaş olduğunu bəyan edir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi 10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək ifadə edilir. Hər iki ölkə öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə almaqla bağlı da sənəddə mühüm bənd mövcuddur. Bundan sonra Azərbaycan və Rusiya silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirməyə hazır olduqlarını bəyan edib. Üçüncü dövlətlər vasitəsilə həyata keçirilən və bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinəcəklərini beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı da birgə hərəkət etmək kimi vacib müddəalar bu sənədə öz əksini tapıb”.

Millət vəkili bildirib ki, Azərbaycanla Rusiya 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması məsələsində də razılıq əldə edib: “Azərbaycanla Rusiya arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı, istehsal, elmi əməkdaşlıq, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırılacaq. Bəyannamədə vacib məqamlardan biri də ölkələrin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinməklə bağlı da mühüm müddəa var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər