Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, ölkəmizin post-münaqişə dövrü üçün informasiya, diplomatik və siyasi müstəvidəki yanaşmalarını necə şərh edərdiniz?
- Rusiyada kütləvi informasiya vasitələri sırasında özünəməxsus yer qazanan TASS agentliyi yalnız bir coğrafiyada deyil, daha böyük beynəlxalq məkanda daim izlənilən və mötəbərliyi ilə seçilən informasiya quruluşudur. Prezident İlham Əliyev və hörmətli Mehriban xanım Əliyevanın belə bir addım atması öz-özlüyündə uzun illər ərzində dövlət kursumuzu və xarici siyasət maraqlarımızı həyata keçirərkən bir neçə istiqamətdə fəal iş apardığımızın göstəricisidir. Bütün hakimiyyət təmsilçiləri üçün də bu addım bir nümunədir. Bu da diplomatik, siyasi müstəvidə aparılan görüşlər, tədbirlər, seminarlar, beynəlxalq tədbirlər, əsas görüşlərlə yanaşı məhz media təmsilçiləri ilə görüşə yüksək önəm verilməsi bizim üçün xüsusilə də Vətən Müharibəsi dövründə çox parlaq səlnamələr yaratdı. Dövlət başçısının İTAR TASS-da görüşdə müxtəlif suallara cavab verərkən vurğuladığı məqam o idi ki, biz ümumən Rusiyanın media strukturlarından razı qaldıq. Bunun özü də bu otuz il ərzində keçilən böyük bir yolu ortaya qoyur. Halbuki biz fərqli bir tarixi də yaşamışıq. İndi sadəcə olaraq onu xatırlamaq istəmirik. Ona görə ki, o, həddindən artıq ağrılı idi. Biz müxtəlif qüvvələrin hücumlarına məruz qalarkən eyni zamanda informasiya zərbələrini də dəf etməli olurduq. Bu, öz-özlüyündə illər ərzində görülən sistemli işi sübut edir.
- İctimai fikri düzgün istiqamətdə formalaşdırmaq üçün atılan addımların effektivliyi haqqında nə demək olar?
- Azərbaycan diplomatik siyasi qüvvələri, o cümlədən Prezidentin tapşırığı ilə bütövlükdə vətəndaşlarımız ayrı-ayrı ölkələrdə ciddi iş apardı, məqsədyönlü fəaliyyət sərgiləndi. Bu da ictimai fikri köklü şəkildə dəyişdi. Bu, media aləminə də təsir etdi. Bu baxımdan da belə bir görüşün reallaşması bizim üçün iki dövlət liderinin nə dərəcədə beynəlxalq proseslərə önəm verdiyini sübuta yetirir. Onların strateji liderlik imkanlarını növbəti dəfə ortaya qoyur. O görüşdə seçilmiş müxtəlif media təmsilçilərinin son dərəcədə maraqlı polemika üçün əslində bir diplomatiya dərsliyi, qələbədən sonra Rusiya və Moskva məkanında son dərəcədə istedadla, həddindən artıq yüksək ünsiyyət qabiliyyəti ilə fərqli mədəni imkanlarla mövqelərini ifadə etməsi bizə olan rəğbəti çox artırır. Bəlkə də biz keçmişdə məhz rəhbərlərin timsalında bunu görə bilməmişdik. Məcburuq deyək ki, məğlubiyyətimizin səbəbləri sırasında heç də bu amil az yer tutmurdu. Ona görə də, Prezident İlham Əliyevlə görüşdə Marqarita Simonyanın iştirakı öz-özlüyündə ayrıca bir rəmzi məna daşıyırdı. Bu da ondan ibarət idi ki, sözügedən şəxs müharibə dövründə Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirdi. Bu mövqe düzgün idi. Onun bu addımlarının arxasında xeyli səbəblər də var. O, yalnız Ermənistanı işğalçı kimi görərək, bu torpaqlardan çıxması prizmasından məsələləri qiymətləndirmirdi. Onlar sadəcə bir inqilabı deyil, Paşinyanı pisləyirdilər. Bu böyük bir media quruluşunda xətt kimi özünün göstərirdi. Simonyanın paylaşımlarında, virtual məkanda həmişə onun ətrafında skandal yaradılırdı. Müxtəlif millətçi dairələr onu günahlandırdılar ki, bu davranışlar Azərbaycanın xeyrinə işləyir. Belə olan təqdirdə bu görüşdə onun yer alması, xüsusilə də dövlət rəhbərinin kimliyindən asılı olmayaraq haqq işimizin ədalətli mübarizəmizin bir tərkib hissəsi kimi yanaşaraq razı olması və onu məqbul sayması Simonyan tərəfindən də düzgün qiymətləndirilməlidir.
- Sizcə, real proseslərə adekvat qiymət necə olmalı idi?
- Adekvat qiymət olmalı idi, təəssüflər olsun ki, düzgün ifadə tərzi, söz və fikir quruluşu seçilmədi. Prezident İlham Əliyev Simonyanın milli mənsubiyyəti üzərindən məsələyə yanaşdığını və dar çərçivədə hisslərini təhlil etdiyini vurğuladı. Bu, sanki iki dövlət və xalq arasında, statuslar fərqli olmasına baxmayaraq bir polemika, fikir dueli oldu. Ölkə rəhbərinin miqyası baxımından belə sualları illər ərzində peşəkarlıqla cavablandırdığını görümüşük. 2005-2006-cı ildə AŞPA-da, sonrakı illərdə müxtəlif tribunalarda ayrı-ayrı beyin mərkəzlərində, diskusiya klublarında çıxışlarını yaxşı xatırlayırıq. Bu baxımdan bizim üçün məqsəd orada Simonyan və onun təmsil etdiyi media quruluşuna üz göstərmək deyildi. Prezident İlham Əliyevin alicənablığını, onun dərin biliklərini qiymətləndirənlər gördü ki, rusdilli platformalarda məhz ona üstünlük verərkən və rəğbətlərini bildirərkən daha artıq dərəcədə onun obyektiv olduğunu, dürüst gedən məsələlərin qiymətləndirildiyini vurğulayırlar. Bu, həqiqət idi. Azərbaycana hər hansı bir erməni mənsubiyyətli şəxsin gəlməsi xüsusilə azad edilmiş torpaqları işıqlandırması, göstərməsi bizim maraqlarımız çərçivəsindədir. Qətiyyən buna qarşı olan yoxdur. Kimisə erməni millətindən olduğu üçün didib-parçalamayacaqlar sözünün söylənməsi belə absurd idi.
- Azərbaycanlı millət vəkilləri İrəvanda səfərdə oldu. Onlara qarşı erməni millətçilərinin sərgilədiyi davranış Ermənistanın sülh ab-havası ilə nə dərəcədə uzlaşırdı?
- Bəli, həmin günlərdə Ermənistanda fərqli bir mənzərə yaşanırdı. Azərbaycanlı iki millət vəkilinin İrəvanda mühüm beynəlxalq tədbirdə iştirakına reaksiyalar özü də bir ayrıca mənzərədir. Bu da simvolik bir xarakter daşımırdı. Təəssüf olsun ki, o meydana toplaşanlar sanki keçmişin qalığı kimi itirdiklərini kimlərdənsə çıxmaq istədiklərini göstərirdilər. Azərbaycan Prezidentinin isə ortaya qoyduğu böyük iradə hər kəsin, o cümlədən erməni media təmsilçilərinin və yaxud da öz milli mənsubiyyətini qabartmadan informasiya siyasətində obyektivliyi, qərəzsizliyi bir mühüm prisnipə çevirərək bütün o məkanı göstərmək istəyəcəklərsə, onunla bağlı reportajlar xüsusi proqramlar hazırlanacaqsa, onlara həmişə meydan veriləcək. Kamerasını Ermənistan tərəfdən artilleriya silahına çevirməyən, hansısa bir təşkilatın təbliğatı ucuz fəndləri altında qurmayan, bu halda qələbəmizi amma onun əks cinahında isə erməni faşizminin gerçək simasını göstərməyə həmişə maraqlıyıq. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar və onların təmsilçiləri və eləcə də media mənsubları azad edilmiş əraziləri ziyarət edirlər. Ona görə də, bu öz-özlüyündə fərqli bir platformada növbəti bir uğurlu polemika oldu. Azərbaycan jurnalistləri də bu amili düzgün diqqətə alır onun təhlil edir və cəmiyyətimizlə bölüşürlər.