Azərbaycan sülh müqaviləsinin bağlanması üçün 5 bənddən ibarət təklifini Ermənistana təqdim edib. Bu prinsiplər Azərbaycanın suveren hüququnun təmin olunmasına hesablanıb. Ölkəmizin bu təklifinə Ermənistan tərəfindən də cavab verilib. Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan ATƏT-in Minsk qrupu vasitəsilə sülh sazişinin bağlanmasına dair mövqeyini bildirib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, burada qaranlıq məqamlar var:
“Çünki Ermənistan ATƏT-ə təqdim etdiyi cavabı açıq şəkildə ifadə etməyib. Azərbaycan qalib ölkə kimi Ermənistanın heç bir tələbini qəbul etmir. Ermənistan isə ATƏT-in Minsk qrupu vasitəsilə cəhənnəmə göndərdiyimiz “status” məsələsinə yenidən “ruh” vermək istəyir”.
Millət vəkilinə görə, Minsk qrupu sülh sazişinə “töhfə” vermək adı ilə ermənilərə xidmət edəcəklərsə, Azərbaycan bunu qəbul etməyəcək:
“Bizə ATƏT-in belə “töhfəsi” lazım deyil. ATƏT-in 28 ildə həll etmədiyi işi Azərbaycan 44 gündə icra etdi. Bu mənada prosesdə sərhədlərin delimitasiya və demarkasiyası və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması kimi məsələlərə töhfə verə bilər. Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməsi, qaçqın və məcburi köçkünlərin qısa zamanda öz yurdlarına qayıtmasında, xalqların inteqrasiyasında, birgə yaşayışın təminatında ATƏT-in rol alması mümkündür”.