2 Aprel 17:01
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərinə qədər ermənilər müəyyən miflər yaratmışdılar. Onlar iddia edirdilər ki, guya azərbaycanlılar döyüşkən xalq deyil, onlar döyüşə bilmir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin 4 günlük Aprel Zəfəri göstərdi ki, Azərbaycan Ordusu döyüşməyi və düşməni məhv edib torpaqlarımızdan qovmağı əla bacarır. 2016-cı ilin Aprel döyüşləri Ermənistanın yalvarışlarından sonra dayanmasaydı, Azərbaycan Ordusu torpaqlarımızı qısa zamanda işğaldan azad edəcəkdi. O vaxtki Ermənistan Prezidenti Serj Sərkisyan Rusiya prezidenti Vladimir Putinin qarşısında diz çökərək yalvardı ki, Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazırdır. Bundan sonra döyüşlər dayandı. Növbəti dəfə diplomatik-siyasi müstəvidə danışıqlar davam etdirildi. Müharibədən xeyli vaxt keçdikdən sonra Soçidə Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü baş tutdu. Amma bu görüşün də müsbət nəticəsi olmadı.

Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücuma keçib:

“Bu əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılıb. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının 2000 hektardan artıq hissəsi işğaldan azad edilib. Strateji yüksəkliklər Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza tarixi qələbə sevincini yaşadıb. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb. Erməni cəmiyyəti işğalçılıq siyasətinin tam iflasa uğradığını dərk edib. Həmçinin Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunu artırdı, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbəsini tarixi zəfər kimi qiymətləndirib. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu zəfərin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qalxdı. Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə 2017-ci ildən “Böyük Qayıdış” prosesinə start verildi. Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfəri 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanda Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alması ilə davam etdirdi. Bu mənada Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu”.

Millət vəkili hesab edir ki, 2016-cı ildə Ermənistan və ona havadarlıq edənlər bir daha Azərbaycanın gücünü, imkanlarını Ordumuzun qüdrətini gördü:

“Bu tarixi qələbədən sonra da Azərbaycan Ordusu özünün inkişaf strategiyasına uyğun güclənməyə başladı. Silahlı Qüvvələrimiz ən yeni silah-sursat, hərbi texnikalarla təchizi davam etdirildi. Dost və tərəfdaş ölkələrdən Azərbaycan Ordusunun arsenalına ən müasir silahlar, pilotusuz uçuş aparatları, Harop, Bayraqdar kimi müasir imkanlara malik texnikalar daxil edildi. Ən vacib məqam isə xalqımız torpaqlarımızı azad etmək üçün olan inamı və əzmi daha da gücləndi. Azərbaycan ordusu 4 gündə erməni silahlı qüvvələrinə elə bir dərs vermişdi ki, döyüşlər bitəndən sonra Ermənistanda müdafiə naziri biabırcasına vəzifəsindən qovuldu. Digər erməni hərbi rəhbərlər isə məsuliyyətə cəlb edildi. Bu tarixi qələbədən sonra da arxayınlaşmayan Azərbaycan Ordusu qardaş Türkiyənin hərtərəfli dəstəyi və iki ordunun birgə, davamlı təlimləri fonunda döyüş taktikası, müasir silahlarla davranış qaydaları daha da təkmilləşdirildi. Bütün bunlar isə yüksək döyüş qabiliyyətinə malik bir ordunun formalaşmasına imkan verdi. Aprel döyüşlərindən sonra Ermənistan hərbi-siyasi müstəvidə təxribatlarını davam etdirirdi. Hətta iddia edirdilər ki, guya Aprel döyüşlərində onlar Azərbaycanın hücumunu dayandırıb. Sözsüz ki, bunlar növbəti erməni yalanı idi. Güclü Azərbaycan Ordusu cəmi bir neçə günə Ermənistanın özləri üçün “keçilməz adlandırdığı sədləri” aşaraq onlara sarsıdıcı zərbə vurmuşdu. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın təxribatı da onların işğalçı mahiyyətindən qaynaqlanırdı. Qarabağ cəbhəsindən kilometrlərlə uzaq bir bölgədə iki dövlətin sərhəddində Ermənistanın təxribata əl atması, “yeni ərazilər, yeni işğal siyasəti” mahiyyətindən qaynaqlanırdı. Tovuz döyüşlərində güclü Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Həmin ilin avqustunda erməni tərəfi növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun bölmələrinə basqınlar təşkil etmək üçün terror-diversiya əməliyyatlarına əl atdı. Ermənistanın bu təxribatına da layiqli cavab verildi. Diversiya qrupu zərərsizləşdirildi, ona rəhbərlik edən şəxs saxlanıldı”.

Eldar Quliyevə görə, Aprel döyüşləri Böyük qələbənin əsasını qoymaqla yanaşı bu tarixin uzaqda olmadığını da göstərdi:

“Dörd günlük Aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Lələtəpəyə sancılan üçrəngli bayrağımız bu gün Şuşada dalğalanır. Qələbəyə tam əmin olan xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan Ordusu, ölkə gəncliyi üçün bir imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə bir daha göstərdi. Azərbaycan gəncinin, əqidəsinin, Vətənə olan sevgisinin göstəricisi idi. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu zəfərə tam hazırdır. Çünki hərbi qüdrəti gündən-günə artan Azərbaycan Ordusunun arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir və hər ötən il daha da gücləndirməkdə davam edirdi. Bütün bunlar isə onu göstərirdi ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır və ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil. 2020-ci il 27-i sentyabrından etibarən 44 gün ərazindəki qısa dövrdə həm döyüş meydanında, arxa cəbhədə, diplomatiya müstəvisində, informasiya məkanında Azərbaycanı qələbəyə aparan bir tarix yazıldı. Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik qətiyyəti ilə Müzəffər Ordumuz Lələtəpədən başladığı tarixi missiyasını Şuşanın fəthi və üçrəngli bayrağımızın bütün azad edilmiş torpaqlarımızda dalğalandırması ilə başa çatdırdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində isə ərazilərimizdə uzun on illiklər kök salmış separatizm yuvası darmadağın edildi. Bütün ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar edildi. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərimizdə bu gün gün şanlı üçrəngli bayrağımız qürurla dalğalanır.

Bu gün işğaldan zad edilmiş ərazilərimizdə quruculuq bərpa işləri uğurla icra edilir. 30 ilə yaxın işğalçı Ermənistan bu ərazilərdə ancaq mina basdırıb. Əgər doğurdan da onlar bu ərazilərin özlərinə “məxsus” olduğunu iddia edirdilərsə, sual olunur ki, niyə minalayırdılar? Çünki onlar bilirdilər ki, bu ərazilər onlara məxsus deyil. Gec-tez güclü Azərbaycan öz tarixi torpaqlarını erməni işğalından azad edəcək. Ona görə də məkirli ermənilər əraziləri sıx şəkildə minalamaqla sonrakı quruculuq-bərpa, məskunlaşma prosesinə maksimum zərbə vurmağı, ləngitməyi düşünüb. Hazırda ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq böyük quruculuq-bərpa işləri aparılır. Bu da imkan verəcək ki, qısa zamanda 30 ilə yaxın öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın o ərazilərə qayıdışı təmin olunsun.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər