8 Aprel 2022 17:18
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb bu işğalı qəbul etməyə hazır idi, amma Ukraynanın işğal olunmamasına səbəb Zelenskinin cəsarəti və ukrayna xalqının mübarizəsi oldu”

Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldə bir araya gələrək, müəyyən məsələlərə dair razılaşmalar əldə edib. Gözlənilir ki, bu razılaşmaların yaxın gələcəkdə tətbiqinə başlanılsın. Bura xüsusilə, sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin hazırlanması kimi vacib detallar daxildir. Ermənistanın bu dəfə hansı mövqe tutacağı, növbəti dəfə verdiyi sözə əməl edib-etməyəcəyini zaman ortaya qoyacaq.

Teleqraf.com Brüssel danışıqları, sülh sazişi, Moskvanın buna reaksiyası, Ukrayna savaşı, onun yaradacağı qlobal nəticələr və digər mövzularda BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətləşib.

Müsahibənin ardını təqdim edirik:

(Əvvəli burada)

- Regionda Türkiyə faktoru da var. Siz Rusiya ilə münasibətlər konteksində bu detalı nəzərə almırsınız?

- İndi bizi Ukraynaya daha ciddi dəstək verməməkdə, Qərb alyansında olmamaqda ittiham edənlərə baxın. Bu insanlar uzun illər bizi tənqid ediblər ki, niyə beynəlxalq məsələlərdə Türkiyə ilə birlikdə çıxış etmirik. İndi Türkiyə özü NATO üzvü olduğu halda Rusiyaya qarşı sanksiyalara qoşulmur və deyir ki, BMT Təhlükəsizlik Şurasının sanksiya qərarı olduğu təqdirdə bunu icra edəcək. Əlavə edir ki, nə Ukraynadan, nə də Rusiyadan keçəcək. Çünki hər iki ölkə ilə yaxın və geniş iqtisadi əlaqələr var. Türkiyə də bizim kimi Ukraynaya humanitar dəstək verir, silah da satır, amma sanksiyalara qoşulmur. Azərbaycan da bu mövqeni sərgiləyir.

- Belə mövqeni də normal və real vəziyyətə adekvat qiymətləndirmək olarmı?

-Bəli, olduqca normaldır. Normal olmayan Azərbaycan jurnalistikasında, ictimai-siyasi həyatında olan bəzi insanlarımızın açıqlama verərkən öz problemlərimizi yaddan çıxarmasıdır. Nəticə olaraq Rusiyada da kimlərsə durub açıqlamalar verir, bizi qorxudurlar və s. Mən 44 günlük müharibə başlayanda dəfələrlə vurğulamışdım ki, müharibənin sonunda müqavilə imzalanmalıdır və biz ərazi bütövlüyümüzü tanımayan heç bir sənədə imza atmamalıyıq. Ola bilməz ki, prezidentimiz bu barədə düşünməsin. Deməli, mümkün olmadı ki, biz 10 noyabr sazişinə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını yazdıraq. Daha doğrusu, Rusiya bunu istəmədi. Amma buna baxmayaraq biz torpaqlarımızın böyük əksəriyyətinin işğaldan azad edilməsi üçün Rusiyanı razı sala bilmişiksə, demək yerdə qalan dörd faizi də danışıqlar yolu ilə həll etməliyik. Problemimizi həll edə bilmirik deyə Rusiyanı düşmən elan etməməliyik. Onsuz da biz öncədən bilirdik ki, ərazimizi Ermənistan işğal altında saxlamır. Bu səbəbdən də, mən uzun illər deyirdim ki, Ermənistan deyil, Rusiya ilə danışmaq lazımdır. Bu gün də qeyd edirəm ki, Brüssel görüşü və aparılan müzakirələr Ermənistanın ifşası baxımından vacibdir. Lakin sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması nə Avropanın, nə də ABŞ-ın iradəsindən asılı məsələdir. Bu, Rusiyadan asılıdır və yenə də hesab edirəm ki, danışıqları Rusiya ilə aparmaq lazımdır.

- Hazırda Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilir, bu ölkə faktiki olaraq beynəlxalq cəmiyyətdən təcrid olunur. Gözləntiniz nədir, sanksiyalar Rusiyanı zəiflədə və onun dünyadakı rolunu azalda bilərmi?

- Rusiyanı heç vaxt kənara qoymaq mümkün olmayacaq, bu, nüvə dövlətidir və 6 minə qədər nüvə başlığı var. Dünya ərazisinin altıda biri Rusiyadadır, böyük təbii sərvətlərə malikdir. Halbuki bu sərvətlərə dünyanın bir sıra aparıcı ölkələrinin, o cümlədən Qərb ölkələrinin ehtiyacı var. Ruslar dünyada əsas taxıl istehsalçılarından biridir. Yəni Rusiyanı tam mənada kənara qoymaq mümkün olmayacaq. Mənim qənaətimcə, əslində Qərb yardım etməlidir ki, Rusiyada cəmiyyət demokratikləşsin, liberallaşma getsin, rus insanı imperiya təfəkkürünə son qoysun, belə ambisiyalar aradan qalxsın. Nəticə etibarilə Rusiyanın qonşuları ilə yaxşı münasibəti qurulsun, qonşu dövlətlərin ərazi bütövlüyü tanınsın. Yəni Rusiya qonşularının probleminin həllinə kömək etsin, daha etnik separatizmi dəstəkləməklə problem yaratmasın. Rusiya bu yolu seçərsə, bütün qonşuları daxil hamı çalışacaq ki, belə zəngin, 140 milyon əhalisi olan ölkə ilə dostluq etsin. Rusiyanın dağılması həm qonşuları, həm də digər dövlərlər üçün qorxuludur. Diqqət edirsinizsə, Qərb Ukraynaya kömək edir, istəmir ki, məğlub olsun. Amma digər tərəfdən Rusiyanın da məğlub olmasını arzulamır. Qorxur ki, məğlub olan Rusiya həm dağılar, həm də aqressivləşər, kütləvi qırğın silahlarına əl atar. Onsuz da Ukraynanı sonda hansısa güzəştlərə getməyə məcbur edəcəklər ki, Rusiya özünü məğlub kimi hiss etməsin. Rusiya da müharibədən məğlub kimi çıxması ilə barışmaz. Əslində Qərb dünyasının Rusiyadan qorxma səbəbi budur. Baxmayaraq ki, Qərb liderlərinin çoxunu Rusiya alıb. Qərbdə Rusiya ilə üz-üzə gələcək səviyyədə güclü lider yoxdur.

- Mümkün deyil ki, Qərb dünyasında Putinlə üz-üzə gələ biləcək lider tapılmasın, biz Qərb dünyası deyəndə azı əlli dövləti nəzərdə tuturuq...

- Qərbin ifrat liberallaşması ancaq yumşaq təbiətli insanların həm siyasi partiyalarda, həm də ümumi seçkilərdə qalib gəlməsini şərtləndirir. Yəni insanlar yumşaq adamlara səs verirlər. Sərt mövqeyi olan siyasətçilərin dəstək qazanmaq imkanları yoxdur. Bu səbəblərdən də Putindən qorxurlar və onunla üz-üzə gəlmək istəmirlər. Buna görə də bəhanə edib deyirlər ki, Ukrayna NATO üzvü deyil. Bəyəm Küveyt NATO-nun üzvü idi? İraq Küveyti işğal etməyə başlayanda ABŞ ordusu hərəkətə keçdi. Çünki İraq 20 milyonluq ölkə idi və ABŞ onunla asan şəkildə bacara bilərdi. Ancaq Rusiya nüvə dövlətidir. Görürsünüz ki, Ukraynaya raketdən müdafiə sistemləri, qırıcılar, tanklar vermirlər. Əvəzində nə verirlər? Özünü müdafiə üçün “Javelin” sistemləri və bəzi müdafiə silahları, maksimum 5-6 kilometrdə hədəfi vuran raket sistemləri. Ruslar da kənardan uzaq mənzilli raketlərlə vururlar, aviasiya ilə dağıdırlar. Ötən gün oxudum ki, artq Ukrayna iqtisadiyyatının 30 faizi dağılıb, ümumi daxili məhsul isə son iki ayda təxminən 50 faiz azalıb. Əvəzində Qərbdən nə eşidirik?

Birincisi, başlayıblar Ukrayna müharibəsini Finlandiya müharibəsi ilə müqayisə etməyə. 1939-1940-cı illərdə Finlandiya SSRİ-yə güclü müqavimət göstərdi, düzdür, ərazisinin 11 faizini itirdi, iqtisadiyyatının 30 faizi bu 11 faizlik ərazidə itdi. Ancaq müstəqilliyini qoruyub saxladı və s. İndi Qərbdə bundan danışırlar. Başqa sözlə, Ukraynaya deyirlər ki, sən də ərazi güzəştinə get, amma müstəqilliyini saxla.

İkincisi, bilirlər ki, BMT nizamnaməsinə görə, başqa dövlətin ərazisinə zor tətbiq etməklə işğal etmək və həm də zor tətbiq etməklə siyasi qərarların qəbul edilməsinə imkan vermək olmaz. Hansı dövlət bunu edirsə, bu halda qəbul edilən qərarlar beynəlxalq birlik tərəfindən rədd edilməlidir, çünki beynəlxalq hüquqa ziddir. Amma Co Bayden deyir ki, bu, Ukraynaya aid olan məsələdir, Kiyev Moskva ilə anlaşsa, güzəştə getsə, biz bunu qəbul edəcəyik. Halbuki BMT nizamnaməsi bunu qəbul etməyə imkan vermir.

Üçüncüsü, tutaq ki, Ukrayna və ABŞ arasında qarşılıqlı hərbi yardım haqqında saziş yoxdur. Baxmayaraq ki, Budapeşt memorandumuna görə, ABŞ Ukraynanın təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyır. Amma ABŞ-da deyirlər ki, sənəddə birbaşa yazılmayıb ki, biz hərbi kömək edəcəyik, müdaxilə edəcəyik və s. Baxmayaraq ki, BMT nizamnaməsinə əsasən dövlətlər fərdi şəkildə və ya başqaları ilə birlikdə özünü müdafiə edə bilər. Bu o deməkdir ki, bir dövlət başqa bir dövləti müdafiə edirsə, bu, artıq beynəlxalq hüquqa uyğundur. Başqa sözlə, bu gün sən beynəlxalq hüquqa zidd heç nə etmirsən, istəsən Ukraynanı müdafiə edə bilərsən. Ukrayna Prezidenti Volodimir Zelenski də hər gün yalvarır ki, bizə kömək edin. Amma qorxularından etmirlər. Niyə Rusiya belə əminliklə Ukraynaya daxil oldu? Əvvəla əmin idi ki, Avropa Birliyində Rusiyanın əlaltısı olan dövlətlər və liderlər var, onlar daha ciddi sanksiyaların qəbul edilməsinə imkan verməyəcəklər. Baxın, Rusiyanın bütün bankları SWİFT-dən çıxarılmayıb. Eləcə də neft-qaz sahəsinə ciddi sanksiya tətbiq olunmur. Açıq desək, ortada daha ciddi və Rusiyaya birbaşa təsir edəcək sanksiyalar ya yoxdur, ya da çox azdır. İndiyə qədər Rusiya ilə bütün yollar bağlana, diplomatik əlaqələr dayandırıla, daha ciddi addımlar ata bilərdilər. Ancaq bunu etmirlər. Hətta Ukrayna xarici işlər naziri Kuleba açıq bildirdi, Almaniya müdafiə naziri Ukrayna səfirinə deyib ki, bizdən nə silah istəyirsiniz, onsuz da 8 saatdan sonra regionda yeni siyasi reallıq yaranacaq. Məncə, onlar əslində istəyirdi ki, Rusiya daxil olub Ukraynanı tutsun, Avropa da Ukraynaya kömək etməkdən xilas olsun. Bununla da məsələ bitsin. Beləcə gözləsinlər ki, gələcək seçkilərdə Rusiyanı Ukraynadan çıxarmaq nə dərəcədə mümkün ola bilər. Reallıq budur. Prezident Zelenskinin təcrübəsizliyi, müdrikliyinin olmaması müharibəni qaçılmaz etdi. Açığını da deyim ki, Ukraynanın işğal olunmamasına səbəb Zelenskinin cəsarətli olması və Ukrayna xalqının öz azadlığı uğrunda vuruşması oldu. Qərb bu işğalı qəbul etməyə hazır idi. Mənim fikrimcə, bəlkə də Bayden Putindən çox Zelenskiyə nifrət edir. Mən qeyd etmişdim ki, Zelenski dəstək üçün Qərb liderlərindən deyil, bu dövlətlərin vətəndaşlarına üz tutmalı, onlardan dəstək istəməli, onların öz hökumətlərinə Ukraynaya dəstək verməsi üçün təzyiqlər göstərməsinə nail olmalıdır. Bəli, bu gün ABŞ-da Baydenə belə təzyiq müşahidə olunur. Bəzi senatorlar deyirlər ki, Ukraynaya 13,6 milyard pul ayırmışıq, amma Bayden indiyə qədər onun cəmi 1 milyardını verib. Üstəlik bunu da hissə-hissə verir. Senatorlar bu səbəbdən Baydeni qınayırlar, deyirlər bəlkə oğlun haqqında Moskvada kompromat materiallar olduğundan belə edirsən. Əlbəttə, Putini söymək, tənqid etmək olar, amma real addım da atmalısan. Buna görə, Baydeni impiçmentlə hədələyən senatorlar var. Eləcə də Almaniya və Fransanın tutduğu mövqe. Rusiya onlarla öncədən işləyib, ehtimalıma görə, onlarla əvvəlcədən nələrsə razılaşdırılıb. Nə vaxtsa Rusiyanın arxivləri açılsa və Bayden başda olmaqla Qərb ölkələrinin liderləri Rusiya agenti çıxsa, insanlar buna təəccüblənməməlidir. ABŞ-da demokratlar sanki Ukraynaya düşmən kəsilib.

- Son fikirləriniz çox ciddi iddiadır...

- 1994-cü ildə ABŞ-ın demokrat Prezidenti Bill Klinton Kravçuku məcbur edib ki, Budapeşt memorandumunu imzalasın. Ukrayna prezidenti deyirmiş ki, sənəddə Ukraynanın təhlükəsizliyinə açıq dəstək vermək aydın yazılmalıdır. Klinton Ukrayna rəhbərliyinin iradəsini qırmaq üçün sonda deyib ki, bu, Ukrayna-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxaracaq. Beləcə, Kravçuku Boris Yeltsin deyil, Bill Klinton buna məcbur edib.

2008-ci ildə Ukraynanı NATO-ya qəbul etmədilər. Bəzi kiçik ölkələri öncədən öyrətdilər ki, siz etiraz edin...

2014-cü ildə rusların Krımı işğalı ərəfəsində Prezident Obama çıxıb dedi ki, Budapeşt memorandumunda birmənalı yazılmayıb biz hərbi kömək etməliyik, qoşun yeritməliyik və s. Əlavə etdi ki, BMT Təhlükəsizlik Şurasını çağırmalı, orada Ukraynaya dəstəklə bağlı qərar qəbul etməliyik. Halbuki Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri Rusiyadır və Krıma hücum edən tərəfdir. Deməli, özün də bilirsən ki, Təhlükəsizlik Şurasında qərar qəbul etmək mümkün deyil. Amma sən Ukraynaya köməklə bağlı öhdəlik götürmüsən, Budapeşt memorandumu hüquqi nəticə yaradır. Axı sən demisən ki, nüvə silahından imtina et, əvəzində təhlükəsizliyinə qarantiya verirəm. Yerigəlmişkən, bəziləri çıxıb deyirlər ki, bu nüvə silahları Ukraynada qalsada düymə Moskvanın əlində idi. Bu cəfəngiyyatdır. Qısa müddətdə ukraynalı alimlər bu silahların müstəqil şəkildə istifadə edilməsi sistemini qura bilərdi. Digər tərəfdən, əgər Ukrayna bundan istifadə edə bilməyəcəkdirsə, niyə Kiyevə təzyiq edirdiniz ki, bu silahları Rusiyaya ver. Söhbət 2 minə yaxın nüvə başlığından və onu uzaqmənzilli hədəfə çatdıracaq balistik raketlərdən gedir. Qısacası, bütün bunları söyləyərkən demək istəyirəm ki, dünyanın mövcud reallıqlarını nəzərə almalıyıq. Bu səbəbdən də Azərbaycan olaraq bütün tərəflərlə işləməliyik. Məsələn, Qərbdə normal dövlətlər qurublar, hüququn aliliyi, demokratiya və s kimi dəyərlər yaradılıb. Əlbəttə, biz dövlətçilik dəyərlərini ölkəmizə gətirməliyik. Amma bu o demək deyil ki, Qərb ölkələri beynəlxalq hüquqa, beynəlxalq prinsiplərə sadiqdirlər. Onların maraqları tələb edəndə ən diktator ölkələrlə müttəfiq də olurlar, əməkdaşlıq da edirlər. Məsələn, Səudiyyə Ərəbistanı və digər ölkələr nümunəsi var. Sərf etməyəndə isə kiçik bir ölkədə hansısa problemi böyüdüb fil edirlər. Mövzuya qayıdaraq deyim ki, Qərb Rusiyanın məğlub olmasından qorxur. Ehtimal edirəm ki, müharibə bir müddət uzanacaq.


Müəllif: Nemət Orucov