7 Aprel 2022 17:09
2 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldə bir araya gələrək, müəyyən məsələlərə dair razılaşmalar əldə edib. Gözlənilir ki, bu razılaşmaların yaxın gələcəkdə tətbiqinə başlanılsın. Bura xüsusilə, sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin hazırlanması kimi vacib detallar daxildir. Ermənistanın bu dəfə hansı mövqe tutacağı, növbəti dəfə verdiyi sözə əməl edib-etməyəcəyini zaman ortaya qoyacaq"

Teleqraf.com Brüssel danışıqları, sülh sazişi, Moskvanın buna reaksiyası, Ukrayna savaşı, onun yaradacağı qlobal nəticələr və digər mövzularda BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Aİ 44 günlük müharibədən sonra regionda sülh və sabitliyin yaradılması prosesində fəallaşır. Ötən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüş və müəyyən razılaşmaların əldə edilməsi bunu göstərir. Avropa İttifaqının bu təşəbbüsünü necə qiymətləndirirsiniz, Brüssel prosesdə hansı formada iştirak edir, onun məqsədi nədir və bu platforma bizim maraqlarımıza nə dərəcədə uyğundur?

- Əvvəla, Azərbaycan bu görüşdən imtina edə bilməzdi, niyə də imtina etməlidir? Biz istəyirik ki, bütün platformalarda Ermənistanı ifşa edək. İrəvan 10 noyabrda imzaladığı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Konkret olaraq silahlı qüvvələrini ərazimizdən çıxarmır, Zəngəzur dəhlizinin açılmasına mane olur və sülh sazişi imzalamaqdan yayınır. Bu baxımdan Ermənistanı mümkün qədər ifşa etmək, əsl simalarını göstərmək lazımdır.

Yeri gəlmişkən, I Qarabağ müharibəsi zamanı bizim 4 minə qədər itkin düşən insanımız var, onların harada dəfn edilməsi, taleyi haqqında bizə informasiya vermirlər. Ermənistan bilir ki, bu, onların beynəlxalq miqyasda yeni ifşası olacaq. Bu səbəbdən də 4 min itkinimiz haqda məlumatı gizlədirlər. Biz də onların ifşa edilməsində maraqlıyıq. Həmçinin Ermənistan bizə mina xəritələrini təqdim edib, amma onlar real vəziyyəti əks etdirmir. Bu gün də bizim vətəndaşlarımız mina partlayışlarından əziyyət çəkir, həyatlarını itirirlər. Onların verdikləri xəritələrin haradasa 25 faizi özünü doğruldur. Bu baxımdan Azərbaycanın Ermənistana deyəcəyi sözü çoxdur, xüsusilə erməniləri dəstəkləyən və müdafiə edən xarici havadarları qarşısında. Brüssel səfəri bu baxımdan əhəmiyyətlidir. Amma orada aparılan danışıqlar, müzakirələr, fikir yaxınlaşmalarına gəldikdə, mən əvvəlcədən söyləmişəm ki, hər hansı nəticə gözləmirəm. Konkret desək, Ermənistan Rusiyadan tam asılı ölkədir. Rusiya istəmədikcə, Ermənistan nə bizimlə, nə də Türkiyə ilə diplomatik əlaqə qura, münasibətləri normallaşdıra bilər. Bu baxımdan əvvəlki fikrimdə qalıram ki, Qarabağdakı məsələlərin həlli üçün mütləq Rusiya ilə danışmalıyıq. Ermənistan bu məsələdə tərəf deyil.

- Real siyasi mənzərə göstərir ki, Avropa İttifaqı prosesdə fəal iştirak etmək niyyətindədir. Brüssel görüşündən əvvəl Rusiya lideri Putinin Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqlar aparması da Moskvanın narahatlığından doğa bilər. Demək istəyirsiniz ki, indiki halda Ermənistan sülhə gəlmirsə, bunu Rusiya istəyir?

- Birmənalı olaraq belədir. Rusiya istəmədikcə Ermənistan bizimlə hər hansı bir sənədə imza ata bilməz. İstər bunu ABŞ, istərsə də Avropa Birliyi istəsin, mümkün deyil. Ermənistan forpost dövlətdir, vacibi Rusiyanın istəyidir. Ermənistanda hakimiyyətlər dəyişə bilər, lakin Rusiyadan tam asılılıq dəyişmir. Prezident Putinin zənginə gəldikdə, məncə, bu xatırlatmadır ki, Rusiyanı unutmayın. Bir daha deyim ki, burada Avropa İttifaqı və ABŞ-ın edəcəyi bir şey yoxdur. Amma ABŞ və Qərb dairələri nə edə bilər? Ermənistana deyə bilərlər ki, sən heç nəyə baxmadan Azərbaycanla sülh sazişini imzala, onun ərazi bütövlüyünü tanı. Eləcə də Rusiyaya deyə bilərlər ki, Ermənistana təzyiq et, Azərbaycanın ərazi bütövlüyü tanınsın və bununla da problem həll edilsin. Mən hesab edirəm ki, bunu demək üçün kifayət qədər əsaslar var. Amma 44 günlük savaş dövründə Qərb Rusiyaya təzyiq edirdi ki, müharibəni dayandır, imkan vermə ki, Azərbaycan işğal altında olan ərazilərini azad etsin. Bizi sanksiya ilə hədələyir, Qarabağın müstəqilliyinin tanınması ilə qorxudurdular. Hətta Fransa Senatı separatçıların müstəqilliyini tanıdı. Normalda onlar bizə dəstək verməli idi ki, torpaqlarımızı işğaldan azad edə bilək və beləcə BMT-nin müvafiq qətnamələri icra olunsun. Amma Qərbin təzyiqləri işğalçı dövlətə deyil, bizə qarşı yönəlmişdi. Bu məqamda qeyd etməliyəm ki, mətbuatımız hazırda Ukrayna hadisələri fonunda Qərbi haqqın və ədalətin yanında olan güc mərkəzi kimi təqdim etməyə çalışır, insanlarımızda onlara rəğbət yaratmağa çalışırlar. İnsanlarımız da görür ki, Qərb hücuma məruz qalan ölkəyə yardım edir və s. Beləcə Qərbin yaxşı imici formalaşdırılır. Amma insanlarımız bilməlidir ki, Qarabağ məsələsində Qərb tamamilə ədalətsiz, hüquqa zidd mövqe tutub. Onların çalışdığı odur ki, bölgədə mövcud olan indiki status-kvo qorunub saxlanılsın. Yəni orada istədikləri kimi yaşasınlar, biz nə qədər oranın bizim olduğumuzu desək də, real vəziyyət fərqli olsun. Qısacası, Qərb ya orada indiki vəziyyəti qoruyub saxlamağa çalışacaq, ya da bizi məcbur etməyə çalışacaq ki, referendum keçirək. Beləcə orada hansısa dövlət yaradılsın. Bu baxımdan bizim Qərbdən ümid və dəstək gözləməyimiz mənasızdır. Əlbəttə, Qərbin əlaltıları var və onlar Qərbə rəğbət yaratmaq üçün deyirlər ki, bizə ədalətsiz münasibətlər Azərbaycanda demokratik cəmiyyətin olmamasından qaynaqlanır. Bu, tamamilə cəfəngiyyatdır. Həmin insanlar daim deyirlər ki, Elçibəy demokratik yolla seçilən prezident idi, ölkədə qanunun aliliyi yaradılırdı və s. Amma ABŞ o dövrdə sanksiyanı Ermənistana, yoxsa Azərbaycana tətbiq etmişdi? Əlbəttə, Azərbaycana. Təsəvvür edin ki, zorakı separatizmə, təcavüzə məruz qalan Azərbaycana sanksiya tətbiq olundu. MDB məkanında bizim kimi anoloji problemi olanlar var. Qərbin humanitar yardım adı altında Osetiya, Abxaziya, Dnestryani bölgəyə və ya Donetskə yardım etdiyini görmüsünüz?Amma Qarabağdakı separatçılara daima edirlər. Üstəlik həmişə deyiblər ki, o respublikalarda münaqişə dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bizə isə bildiriblər ki, ərazi bütövlüyünüzü tanıyırıq, amma gedin özünüz Ermənistanla, Qarabağ erməniləri ilə razılaşın, gəldiyiniz nəticəni biz müdafiə edəcəyik. Halbuki bizim ərazilərimizin 20 faizi işğal edilib, Ermənistandan 200 minə qədər azərbaycanlı etnik təmizlənməyə məruz qalıb. Biz bu iki məqamla bağlı heç vaxt Qərbin etirazını görməmişik.

- Sizin bu fikirlərinizlə o mənada razılaşmaq olar ki, Qərbin hələ 2014-cü ildən Ukraynaya dəstəyi ilə Azərbaycana dəstəyi arasında fərqdən danışmağa dəyməz. Halbuki Azərbaycan da separatizmlə üzləşmiş, əhalisi etnik təmizləməyə məruz qoyulmuş və ərazi bütövlüyü pozulmuşdu...

- Diqqət edin, hazırda dünya Buçada baş verən müharibə cinayətindən danışır. Orada 400 insanın ölümündən bəhs edilir. Amma bizdə-Xocalıda 613 insan öldürülüb. Məsələn, Xocalıda 3-4 yaşında uşaqlar soyundurulub təhqir edilib və sonra da vəhşicəsinə qətlə yetirilib. Belə səhnələr heç Buçada yoxdur. Üstəlik bu gün də Xocalı işğal altında qalır. Onu demək istəyirəm ki, bu cür vəhşiliyin, soyqırımının törədildiyi Xocalı işğal altındadır və bu, Qərbi narahat etmir. Buça şəhəri heç olmasa işğaldan azad olunub. Bunu müqayisəli ona görə deyirəm ki, müsəlman ölkəsinə fərqli münasibət var. Bəli, Qərbdə güclü erməni diasporu mövcuddur, siyasətçiləri ələ alırlar. Məsələn, Saakaşvili məşhur müsahibəsində Qərb siyasətçilərini nəzərə alaraq deyirdi ki, onlar satqın siyasətçilərdir. Onların çoxunu erməni diasporu pulla alıb. Erməni diasporu fəaldır, siyasətçilərə təsir edə bilirlər. Siyasətçilər də problem yaşamamaq üçün bir sıra hallarda erməniləri müdafiə edir. Real vəziyyət bundan ibarətdir.

- Axı Qərb kimi Rusiya da heç bizi sevmir. Belə olduğu halda hansı yol seçməliyik?

- Bəli, ona görə də deyirəm ki, bizim durumumuz çox ağır, çətindir. Rusiya da problemin həllini istəmir. Rusiya müharibə zamanı 44 gün bitərəfliyini saxlaya bildi, biz də Qarabağı, Şuşanı azad etdik. Bundan sonra Rusiya hərbi birləşməsini Qarabağa gətirib yerləşdirdi. Bu baxımdan durumumuz asan deyil, belə çətin və mürəkkəb vəziyyətdən baş çıxarmaq xüsusi qabiliyyət tələb edir. Bizim insanlarımız bu baxımdan siyasi baxımdan hazırlıqlı olmalı, emossional addımlar atmamalı, düşünülməmiş fikirlər ifadə etməməlidirlər. Gördünüz ki, rusiyalı deputatlar bizi bombalamaqla hədələdilər. Niyə belə aqressiv açıqlama verirlər? Çünki Azərbaycan mətbuatının Rusiya-Ukrayna savaşında Ukraynanın yanında olması açıq bəllidir. Bu da onları qıcıqlandırır. Hət da bizi müdafiə edən Şevçenko kimi ictimai xadimlər də bizi qınayır. Bu baxımdan Azərbaycan çox ehtiyatlı siyasət aparmalıdır. Bu, obrazlı ifadə etsək, sanki ülgücün üzərində hərəkət etmək kimi bir şeydir. Biz çalışmalıyıq ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə, bu ölkəyə humanitar yardımlar göstərməklə yanaşı Rusiya ilə münasibətlərimizi pozmayaq, pisləşdirməyək. İnsanlar istənilən məsələyə münasibət bildirəndə nəzərə almalıdırlar ki, bizim ərazilərimizin 4 faizi nəzarətimizdən kənardadır, hələlik orada süverenliyimizi bərpa etməmişik. Məsələlərə də bu mövqedən yanaşmalıyıq. Eyni zamanda Qərblə də əməkdaşlıq etməliyik. Qərb bizim tərəfdaşımız, neft və qazımızın əsas alıcısıdır. Amma Rusiyada 2 milyona yaxın azərbaycanlı var, orada işləyirlər, ailələrinə pul göndərirlər. Üstəlik Azərbaycan kəndlisinin və fermerinin məhsulları üçün Rusiya böyük bazardır. Buna görə deyirəm ki, biz bu münaqişədən tərəf tutmamalıyıq. Əgər biz nüvə dövləti olsaydıq və ya BMT Təhlükəsizlik Şurasında təmsil olunsaydıq, nəhayətdə NATO üzvü və 80-90 milyonluq dövlət olsaydıq, bu halda kimsə sual edə bilərdi ki, niyə qorxursan, haqqın-ədalətin yanında dayanmırsa?. Biz onsuz da Ukraynaya humanitar formada dəstək veririk, indi də dizel yanacağı verəcəyik ki, əkin işlərində istifadə etsinlər. Hələ buna qədər onlar bizim verdiyimiz dizelin pulunu ödəməyiblər. Buna baxmayaraq onlara kömək edirik. Məsələn, bizdə Ukrayna səfirliyi önündə insanlar bu ölkəyə dəstək aksiyası keçirdi. Amma 44 günlük savaşda 5 ukraynalı gəlib Kiyevdəki səfirliyimizin önündə bizə dəstək aksiyası keçirdimi? Biz bəzən Roma Papasından artıq kotolik olmaq istəyirik. Bu nədən irəli gəlir? Bu, insanların siyasi hazırlığının aşağı olmasından və xalqımızın emosionallığından doğur.

- Bəlkə burada haqsızlığa məruz qalan Ukrayna obrazı da var... Yuxarıda dediyiniz kimi, biz uzun illər haqsızlığa və ədalətsizliklə üzləşdiyimiz toplum olaraq Ukraynanın da ədalətsiz vəziyyətlə üzləşməsini dəstəkləyə bilmirik...

- Bəli, elə haqsızlıq da dediyim emosionallığı doğurur. Amma bizim emosiya ilə davranmağa haqqımız yoxdur, odur ki, məsələlərə soyuqbaşla yanaşmalı və ya davranmalıyıq. Xalqımız bilməlidir ki, sən hansı ölkənin vətəndaşısan, sənin dövlətinin gücü nədir. Və anlamalısan ki, ortaya açıq mövqe qoyanda dövlət hansı təzyiqlə üz-üzə qala bilər. Bütün bunları insanlarımız nəzərə almalıdır. Əlbəttə, bir qrup adam var ki, Qərbdə oturublar, ora sığınıblar və onların başqa cür danışmaq imkanı da yoxdur. Məsələn, onlara deyirlər ki, burada sənə ev, aylıq pul veririk. Özünün də internet televiziyası var. Sənin borcundur ki, qaldığın ölkənin maraqlarını müdafiə edəsən. Buyur, çalış Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün əlindən gələni et.

- Amma iş ondadır ki, Azərbaycan Rusiya ilə deyil, Rusiya bizimlə münasibətləri pisləşdirir. Arada bir qıcıq yaradan hansısa açıqlama verir, dişini qıcayır...

- Məncə, əvvəl elə bir gərginlik müşahidə edilmirdi. Gərginlik daha çox Ukrayna savaşından sonra başladı. Azərbaycan mətbuatı total formada Rusiyanın üzərinə getdi.

- Elə rus mediası da total formada Azərbaycanın üzərinə gəlir, tənqidlər edir və bu ilk dəfə də deyil...

- Bəli, Rusiyada var. Amma Rusiyada həm də Azərbaycanı müdafiə edən ekspertlər, mütəxəssislər var. Baxın görün 44 günlük müharibə zamanı bizi nə qədər adam müdafiə etdi.

- Sosial şəbəkələrin Azərbaycan seqmentində kommunistlər başda olmaqla, çox sayda insanlar var ki, onlar bu müharibədə Rusiyanı, onun mövqeyini müdafiə edir. Bunlar yetərli deyilmi?

- Söhbət cəmiyyətdə ciddi qəbul olunan və mövqeyi olan qüvvələrdən gedir. Mən demirəm ki, burada hamı Rusiyanı müdafiə etməlidir. Rusiya beynəlxalq hüquqa zidd olaraq başqa dövlətin ərazisinə ordu yeridib. Hətta KTMT-də təmsil olunan Rusiyanın hərbi-siyasi müttəfiqləri də onu dəstəkləmədi. Ya bitərəf qaldılar, ya da beynəlxalq təşkilatlarda Rusiyaya qarşı səsvermədə iştirak etmədilər. Biz bütün bunları bilirik. Söhbət ondan gedir ki, Azərbaycan siyasətçisi, jurnalisti, insanı tutduğu vəzifədən asılı olmayaraq nəzərə almalıdır ki, Rusiya bizim regionda və Avropada böyük gücdür və bu güclə hesablaşmaq lazımdır. Əgər, kimsə bunu nəzərə ala bilmirsə, deməli öz fəaliyyəti ilə Azərbaycana ziyan vurur.

- Amma regionda Türkiyə faktoru da var. Siz Rusiya ilə münasibəıtlər konteksində bu detalı nəzərə almırsınız?

Ardı var...


Müəllif: Nemət Orucov