18 Aprel 2022 18:38
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmən hər zaman düşmənçiliyini göstərəcək. Torpaqlarımızı işğaldan azad edəndən, Ermənistan kapitulyasiya aktına imza atandan sonra burada yüz minlərlə minanın olduğu aşkarlandı. Ermənistanın bizə təqdim etdiyi xəritələrin isə doğrulu 25 faiz həcmində idi. Ona görə də bu gün vaxtilə işğalda olan ərazilərdə ən başlıca təhlükə məhz bədnam, məkirli düşmənin basdırdığı minalardır.

Bunu Teleqraf.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, Kəlbəcərin Günəşli kəndində fərdi evdə aşkarlanan tank əleyhinə mina da Ermənistanın növbəti hərbi cinayətlərindən biridir:

“Orada evin girəcəyində aşkarlanan tank əleyhinə mina düşmənin amansızlığını göstərən başlıca amildir. Bu mina tank əleyhinə olsa da, partlayıcılıq xüsusiyyətinə görə digərlərindən fərqlənmir. Çünki bu minalar hara basdırılsa da, müəyyən üsullarla onu partlatmaq mümkündür. Minanın basdırılması ya da aşkar şəkildə olmasına baxmayaraq bütün bunlar insanlığa qarşı yönəlmiş bir aktdır”.

Hərbi ekspertin fikrincə, ermənilərin məqsədi o olub ki, bu partlayışla dinc azərbaycanlılara, əraziyə, texnikaya mümkün qədər ziyan vurulsun:

“İl yarımdan çoxdur ki, müharibə bitib. Amma ərazilərimizin 30 ilə yaxın işğalı dövründə ermənilər bura külli miqdarda mina basdırıb. Artıq ərazilərimiz azad edilib. Bütün bunlara baxmayaraq mina təmizlənməsi ilə bağlı beynəlxalq təşkilatlardan heç bir dəstək yoxdur. Sanki bu ərazilərə yüz minlərlə mina basdırılmayıb kimi mövqe sərgilənir. Bu isə açıq şəkildə ikili standartların növbəti nümunəsidir”.

Şair Ramaldanova görə, beynəlxalq konvensiyalara əsasən ərazilərin minalardan təmizlənməsi məhz bu prinsiplər əsasında tənzimlənməli idi:

"Müharibədən sonra hər iki tərəfin basdırdığı minaları təmizləyib təhvil verməklə bağlı öhdəlikləri var. Ermənistan da minalarla çirkləndirdiyi əraziləri təmizləyib bizə təhvil verməyə borclu idi. Burada donorların olması isə ayrı bir mövzudur. Çünki minaların təmizlənməsi olduqca bahalı bir prosesdir. Minanın mürəkkəbliyindən asılı olaraq onun basdırılması üçün 30-100 dollar arası vəsait xərclənirsə, minanın təmizlənməsinə 300 dollardan artıq vəsait tələb olunur. Eyni zamanda mina xəritələrinin düzgün tərtibatı haqqında da məsələ burada öz vacibliyini qoruyur. Mina xəritəsi əslində çox ciddi bir sənəddir. Bu sənədi ixtisaslı adamlar tərtib edir. Ermənilərin təqdim etdiyi xəritələrin doğruluğunun 25 faiz həcmində olması burada hərbi savadsızlığı həmçinin hiyləgərliyi ortaya çıxarır. Eyni zamanda biz gözləmirdik ki, hiyləgər ermənilər bizə normal xəritə təqdim etsin. Sadəcə onlar beynəlxalq təşkilatlara nümayiş etdirmək məqsədi ilə belə bir addım atmağa məcbur oldular”.


Müəllif: Tapdıq Qurbanlı