30 Aprel 2022 09:16
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh danışıqları Azərbaycanın irəli sürdüyü beş prinsip ətrafında gedir. Bu yanaşmada da əsas məqsəd beynəlxalq prinsiplərin tətbiqinə nail olmaqdır. Yəni beynəlxalq və ya digər dövlətlər arasındakı münasibətlərdə hansı prinsiplər əsas təşkil edirsə, burada da onlar olmalıdır. Biz bunu izah etməyə çalışırıq, digər oyunçular da bunu qəbul edirlər. Bu da ondan xəbər verir ki, nikbinlik üçün əsas var. Sadəcə sürət məsələsi var. Biz istəyirik ki, bu proses daha sürətlə getsin, yubanmasın. Çünki proses yubansa, ortaya başqa maneələr çıxa bilər. Eyni zamanda, regionda vəziyyət dəyişə bilər ki, bunun da gedişata mənfi təsir göstərməsi mümkündür. Buna görə də, biz çalışırıq ki, danışıqlar qısa müddətdə nəticə versin”.

Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarını davam etdirir. Müxalif mətbuatda isə “Paşinyansız Ermənistan” tezisi ətrafında fikir mübadiləsi aparılır. Sizcə, daxili təzyiqlər və etirazlar nə ilə nəticələnəcək və Paşinyan öz iqtidarını qorumaq üçün nə qədər güclüdür?

- Heç nə ilə nəticələnməyəcək. Hadisələr göstərir ki, müxalifət öz taktikasından əl çəkməyib, hələ də köhnə metodla işləyir, çağırışlar eynidir. Bu metodan ötən il də, ondan əvvəlki dövrlərdə də istifadə ediblər. Bu köhnə metod praktikada heç bir nəticə verməyib. İndi isə vəziyyət və reallıq dəyişib. Onlar eyni metodan istifadə etməklə yanaşı, cəmiyyətə göstərməyə çalışırlar ki, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə danışıqları intensivləşdirib, guya bu da son nəticədə məğlubiyyətə gətirib çıxaracaq. Ermənistan onsuz da məğlub olub. Bundan o tərəfə məğlubiyyət nə deməkdir? Onlar düşünürlər ki, Qarabağı itirmiş olurlar. Qarabağı necə “itirə” bilərsiniz? Qarabağ zatən sizin deyil və sizin olmayıb.

Məsələ budur ki, Paşinyandan da çox şey asılıdır. Paşinyan cəmiyyətə başa salmağa çalışır ki, Qarabağ onsuz da əldən çıxıb, yenidən almaq mümkün olmayacaq. Paşinyan yavaş-yavaş bunu edir. Etiraz aksiyalarına gəldikdə, bunun heç bir nəticəsi olmayacaq. Bu baxımdan, hər şey müxalifətdən çox Paşinyandan asılıdır. Paşinyan parlamentdəki çıxışlarında, mətbuat konfranslarında, yaxud digər tribunalarda ermənilərə yeni reallığı qəbul etdirməyə çalışır. Bu proses nə qədər effektli olsa, müxalifətin təsir imkanları azalacaq.

- Bəs Ermənistan və Azərbaycan arasında gedən sülhyaratma prosesindən gözləntiniz necədir? Məsələ ilə əlaqədar mayın əvvəlində Brüsseldə iki ölkə arasında ilk görüş də keçiriləcək.

- Baxın, hadisələr öz məntiqi ilə davam edir. Müxalifət qışqırır, bağırır – bu onun öz işidir. Artıq bu tendensiyanın qarşısını almaq mümkün olmur. Tendensiya isə bundan xəbər verir ki, artıq sülh danışıqları ilə bağlı əməli işlər görülür. Paradoksal bir vəziyyət də yaranıb, yəni bunu həm Rusiya, həm də Avropa Birliyi istəyir. Təbii ki, onlar bu məsələyə öz maraqları prizmasından yanaşırlar. Amma görünən budur ki, münaqişənin yenidən alovlanmasını heç kim istəmir. Bu da Azərbaycanın xeyrinədir. Azərbaycan da bundan istifadə edərək, sülh danışıqlarındakı mövqelərini gücləndirir.

Sülh danışıqları Azərbaycanın irəli sürdüyü beş prinsip ətrafında gedir. Bu yanaşmada da əsas məqsəd beynəlxalq prinsiplərin tətbiqinə nail olmaqdır. Yəni beynəlxalq və ya digər dövlətlər arasındakı münasibətlərdə hansı prinsiplər əsas təşkil edirsə, burada da onlar olmalıdır. Biz bunu izah etməyə çalışırıq, digər oyunçular da bunu qəbul edirlər. Bu da ondan xəbər verir ki, nikbinlik üçün əsas var. Sadəcə sürət məsələsi var. Biz istəyirik ki, bu proses daha sürətlə getsin, yubanmasın. Çünki proses yubansa, ortaya başqa maneələr çıxa bilər. Eyni zamanda, regionda vəziyyət dəyişə bilər ki, bunun da gedişata mənfi təsir göstərməsi mümkündür. Buna görə də, biz çalışırıq ki, danışıqlar qısa müddətdə nəticə versin.

- Belarus Prezidenti Aleksandr Lukaşenko iddia edir ki, keçmiş sovet respublikaları Birlik Dövlətinə qoşulacaqlar. Bu da bir çox insan tərəfindən “yeni SSRİ” mesajı kimi qəbul olunur. Yəni Belarus və Rusiyanı əhatə edən bu birliyin belə bir miqyasda böyüməsi imkanları var?

- Bu ideyanın mümkün olacağına inanmıram. Bunu birmənalı şəkildə də demək olar. Real vəziyyət buna imkan vermir. Keçmiş sovet respublikalarından söhbət gedəndə, məsələn, mən düşünmürəm ki, Baltikyanı ölkələr həmin birliyə daxil olacaqlar. Həmin ölkələr Avropa Birliyi və NATO üzvləridir. Onu da düşünmürəm ki, Gürcüstan fikrini dəyişib, geri qayıtsın. Hər halda bunun üçün əsas yoxdur. Ukrayna isə bu durumda yalnız güc yoluyla qayıda bilər. Amma bu da sual altındadır. Yəni hansısa bir dövləti güc yolu ilə hansısa bir birliyə daxil etmək o ittifaqın legitimliyi üçün problemlər yarada bilər. Moldovaya gəldikdə, son hadisələr göstərir ki, bu ölkə də bu məkandan uzaqlaşır, əksinə, Avropa Birliyi və ya Qərbə yaxınlaşır.

Azərbaycan isə digər dövlətlərlə bərabərhüquqlu, çoxşaxəli əlaqələr qurmağa üstünlük verir. Bizim bütün ölkələrlə normal münasibətlərimiz var – İranla da, Rusiya ilə də, Türkiyə ilə də və s. Eyni zamanda, Azərbaycanın xarici ticarət dövriyyəsinə baxsaq, tədricən Türkiyənin çəkisi və ya payının artdığını görə bilərik. Eləcə də Azərbaycan-Türkiyə müttəfiqliyi digər ölkələr arasındakı bu tip əlaqələrlə müqayisədə səviyyə və keyfiyyət baxımından fərqlənir. Hansısa birlikdən söhbət gedirsə, Azərbaycan daha çox Türkiyəyə inteqrasiya olur.

Mərkəzi Asiya ölkələrinə baxaq: yanvarda Qazaxıstanda məlum hadisələr baş verdikdən az qala hamı deyirdi ki, Nursultan bu olaylardan sonra Rusiyaya daha da yaxınlaşacaq. Amma Qazaxıstanın Rusiya-Ukrayna müharibəsinə münasibəti göstərdi ki, bu prosesdən kənar dayanır. Eyni zamanda, Qazaxıstanın son rəsmi açıqlamaları göstərir ki, ölkə rəhbərliyi bütün imkanlarından istifadə edərək, daha müstəqil siyasət yürütməyə və Qərblə münasibətlərini saxlamağa çalışır. Bəzi rusiyalı şərhçilər və siyasilər qazaxlarla bağlı nifrət dolu çıxışlar edirlər. Bu da Qazaxıstan cəmiyyətində birmənalı və xoş qarşılanmır. Belə bir durumda Qazaxıstan bu ittifaqa daxil ola bilərmi? Düşünmürəm ki, bunda maraqlı olacaqlar.

Özbəkistanın da mövqeyinin fərqli olduğunu düşünmürəm. Özbəkistan öz müstəqilliyini gücləndirən bir ölkədir və yerləşdiyi regionda mühüm geostrateji rol oynayan bir dövlət kimi, bu müstəqilliyindən yararlanır. Özbəkistanın yürütdüyü siyasət də müstəqilliyinin daha da gücləndirilməsinə hesablanıb. Qazaxıstanda məlum olaylar baş verəndə də, Lukaşenko demişdi ki, Özbəkistan bundan nəticə çıxarmalıdır. Bəli, Özbəkistan nəticə çıxardı, amma Lukaşenkonun dediyi kimi, öz istədiyi kimi. Özbəkistan bundan sonra öz silahlı qüvvələrini və təhlükəsizlik sistemini daha da gücləndirməyə başladı. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfər etdi və bu çərçivədə iki ölkə arasında mühüm sənədlər imzalandı. Bu da onu göstərir ki, Özbəkistan təhlükəsizlik və müdafiə sahələrində Türkiyə ilə münasibətlərini gücləndirməyə maraq göstərir.

Qırğızıstan və Tacikistan da müstəqil siyasət aparmağa çalışırlar. Amma bu o demək deyil ki, onlar Rusiya ilə bütün əlaqələrini qırmaq niyyətindədirlər, belə deyil, amma öz mövqelərini gücləndirmək istəyirlər. Buna görə də, bilmirəm ki, Lukaşenko hansı qəzetləri oxuyur, hansı informasiya mənbələrindən yararlanır, kim ona belə bir söz deyib, amma hər halda bu, yanlış fikirdir.


Müəllif: Mənsur Rəğbətoğlu