10 May 2022 10:45
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu, ölkəmizin inkişafı yolunda gördüyü böyük işlər, misilsiz xidmətləri var. Məhz dahi liderin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyi yox olmaqdan, parçalanmaqdan, tarix səhnəsindən silinmək təhlükəsindən xilas olub.

Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, 1969-cu ildən ulu öndər Heydər Əliyevin SSRİ-i rəhbərliyə gəlməsi Azərbaycanın həyatında çox böyük dəyişikliklərlə yadda qaldı. Həmin dövrə qədər keçmiş SSRİ məkanında inkişafdan, tərəqqidən geri qalmış olan Azərbaycan inkişaf etməyə başladı. Ölkəmiz aqrar, sənaye və digər sahələrdə az müddətdə məhz ulu öndərin təşəbbüsləri sayəsində SSRİ məkanında ən qabaqcıl ölkəyə çevrildi. Azərbaycanda bütün sahələrdə canlanma, inkişaf yeni-yeni müəssisələrin yaradılması ölkəmizin gələcəyi baxımında da önəmli idi.

1987-ci ildə ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, bunun o vaxtkı SSRİ prezidenti Mixail Qorbaçov və erməni mafiyasının planı əsasında həyata keçirilməsi tarixi həqiqətdir:

“Məhz ulu öndər həmin vəzifədən uzaqlaşdırıldıqdan sonra Azərbaycana qarşı kampaniya başlandı. Bakıda 1990-cı ilin qanlı 20 Yanvar qırğını, Sumqayıt hadisələri, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının törədilməsi ulu öndər Heydər Əliyevin məhz siyasi rəhbərlikdən uzaqlaşdırılmasından sonra Azərbaycan xalqına qarşı olan məkirli planın tərkib hissəsi idi. Çünki ermənilər və onlara havadarlıq edənlər Heydər Əliyevin iradəsi qarşısında aciz qalaraq Azərbaycan xalqına qarşı nifrətlərini açıq şəkilə büruzə verə bilmirdilər. Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra M.Qorbaçov və onun havadarlıq etdiyi ermənilər Azərbaycana, xalqımıza qarşı özlərinin məkirli niyyətlərini tətbiq etməyə başladılar. Bu eyni zamanda dünya erməniliyinin son 200 ildə tərtib etdiyi “Böyük Ermənistan” ideyasının addım-addım reallaşdırılması planının parçası idi. Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması bu planın həyata keçirilməsinə yol açdı”.

Millət vəkili hesab edir ki, 1990-cı ilin əvvəllərində Azərbaycanda o vaxtkı hakimiyyətin yarıtmazlığı nəticəsində separatçılıq, özbaşınalıq, anarxiya və xaos baş alıb gedirdi:

“Ölkəmizdə yaşanan bu ağır durumdan öz məkirli niyyəti üçün istifadə etməyə çalışan Ermənistan torpaqlarımızı bir-birinin ardınca işğal edirdi. Eyni zamanda həm daxildə həm xaricdə olan təzyiqlər fonunda ölkə daxilində qarşıdurmalar geniş bir miqyas almışdı. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqı bu ağır sınaqlardan üzü ağ çıxmağı bacardı. Dünya erməniliyinin yanılması, öz məqsədlərinə çata bilməməsinin əsas səbəbi Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması oldu. Bununla da Azərbaycan dövləti dağılmaqdan, paraçalamadan xilas olaraq inkişaf və tərəqqi yoluna qədəm qoydu. Azərbaycanın bütün faciə və təlatümlərdən üzüağ çıxması, dövlətçiliyimizin qorunub saxlanması və inkişafının əsas səbəbi tarixin həlledici məqamında ölkədə Heydər Əliyev kimi siyasi liderin olması, Azərbaycan xalqının ona dərin inamı, böyük etimadı idi. Hakimiyyətə gəldikdən sonra ölkəni ağır durumdan xilas etmək, Ermənistanın işğal siyasətini dayandırmaq üçün bütün zəruri addımlar atıldı. Heydər Əliyev Ermənistanla müharibənin dayandırılması, milli dövlət quruculuğu, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması, institusional islahatların həyata keçirilməsi və müasir cəmiyyət quruculuğunun formalaşması üçün mühüm proqramlar icra edilməyə başlanıldı. Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəyliyin təmin edilməsi üçün vacib işlər görüldü”.

Deputatın fikrincə, “Əsrin müqaviləsi”nın imzalanması, dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edilməsi, ölkəyə investisiya axınının başlanması, nəhəng enerji layihələrinin icrası, gələcək inkişaf üçün lazımi resursların əldə edilməsi baxımdan çox önəmli idi:

“Bu mənada 1993-2003-cü illərin Azərbaycanda milli dövlətçiliyin qorunub saxlanması və davamlı müasir inkişafının başlandığı mühüm mərhələ hesab edilir. Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, 2003-cü ildən başlayaraq ulu öndərin yaratdığı təməl üzərində Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi istiqamətində müasir yanaşmalar əsasında yeni bir strategiya müəyyənləşdi. Mühüm enerji layihələrinin reallaşdırılması, regionların sosial-iqtisadi inkişafı, sosial-iqtisadi infrastrukturun yenidən qurulması, Azərbaycanın regionun nəqliyyat-kommunikasiya xabına çevrilməsi təmin edildi. Uğurlu ordu quruculuğu, milli maraqlara əsaslanan müstəqil siyasət yürüdən Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da güclənməsinə təkan verdi. Ümumilikdə, Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsaslanır”.

Eldar Quliyev bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin tərkib hissəsi idi:

“Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi məhz 2020-ci ilin 27 sentyabrında başlayan və 2020-ci ilin 10 noyabrında Ermənistanın kapituliyasiyası ilə bitən 44 günlük müharibənin yekununda əldə edilən tarixi Zəfər oldu. Bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə nəinki regionda qlobal miqyasda hörmət edilən mövqeyi nəzərə alınan bir dövlətə çevrilib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq məhz bu bölgədə sülhü və əməkdaşlığı özündə ehtiva edir. Azərbaycanın təklif etdiyi platforma Cənubi Qafqazda ümumi inkişafa, sülhə, sabitliyə və tərəqiyyə hesablanıb. Sözsüz ki, bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əldə ediləcək sülh Cənubi Qafqazda yeni bir strategiyanı inkişaf konsepsiyasını ehtiva edir. Güclü və qüdrətli Azərbaycan Vətən müharibəsindəki tarixi qələbəsi ilə bundan sonra da öz üzərinə düşən missiyanı böyük şərəflə icra edəcək. Azərbaycan dövlətinin əsas hədəfi bu bölgədə daimi sülhün əldə edilməsi və region xalqlarının inkişafına və tərəqqisinə xidmət edəcək addımların atılmasına nail olmaqdır. Atılan addımlar, görülən işlər məhz bu strategiyanın çox yaxın zamanda reallaşmasına zəmin formalaşdırır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər