Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ermənistanda hökumətə etimadsızlıq kampaniyası davam edir. Qarşı tərəfdə razılaşmalara imza atmış iqtidarın dəyişməsi Azərbaycanın hansı mövqeni sərgiləməsi zərurətini yarada bilər?
- Biz Ermənistandakı aksiyalara elə də fikir verməməliyik. Bu, onların daxili işidir. Çünki onlar gəlib danışıqları bizə yaxşılıq etmək üçün etmirlər. Yaxşı başa düşürlər ki, əgər danışıqlar aparmasalar, Azərbaycan güc tətbiq edib məsələləri həll edəcək. Ona görə də danışıqlar ilk növbədə ermənilərin özlərinə lazımdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da açıqlama verdi ki, nəinki anklavlar, digər məsələlər də gündəmdədir. Hətta Zəngəzur mövzusunun da gündəmə gəlməsi istisna edilmir. Çünki biz görürük ki, Ermənistan tərəfi hələ də Qarabağa aid hansısa zidiyyətli fikirlər səsləndirir. De-fakto bu fikirlər onu göstərir ki, ermənilər Azərbaycan ərazisinə olan iddialarından əl çəkmək istəmirlər. Belə olan halda Zəngəzur mövzusu gündəmə gələcək. Bu məsələ bu və ya digər şəkildə öz həllini tapacaq.
- Brüssel formatında Azərbaycanın 5 prinsipi üzərində razılıqla bağlı qarşı tərəfin müsbət mövqe sərgiləməsi fonunda Ermənistan özünün altı şərtindən danışır. Sizcə, bu yeni bir situasiyadır, yoxsa danışıqların formatının pozulmasıdır?
- Bildiyimiz qədər Ermənistanın altı şərt adlandırdığı məsələ ətrafında bir neçə ay öncə danışıqlar olub. Amma Azərbaycan birmənalı olaraq bəyan edib ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu olmayacaq. Qarabağ mövzusu bundan sonra heç bir halda müzakirə predmeti ola bilməz. Bu, Ermənistanla Azərbaycan arasında olan post-konflikt danışıqlarıdır. İmzalanacaq sülh müqaviləsinin də Qarabağa heç bir aidiyyatı yoxdur. Çünki Qarabağ məsələsi həll olunub. Onun statusu, Azərbaycana aidiyyatı da həll edilib. Azərbaycan Ermənistanla bu mövzunu müzakirə etmək niyyətində də deyil.
- Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Bu görüşdən hansı gözləntilər var?
- Biz görürük ki, bir çox istiqamətlərdə təmaslar davam edir. İndiki mərhələdə bunu heç danışıqlar da adlandırmaq olmaz. Brüsseldə olan görüşlərdə Azərbaycan öz mövqeyini ortaya qoydu. Ölkəmiz məhz bu mövqe ilə gələcəkdə də danışıqlara hazır olduğunu bəyan etdi. Ona görə də, təmasların davamlı olması mümkündür. Çünki burada psixoloji məntiq də dəyişməlidir. Danışıqlar ilk növbədə Ermənistana lazımdır. Bizə bu lazım deyil. Azərbaycana danışıqlar aparmaq gərək deyi. Biz artıq hər şeyi ermənilərə, dünyaya sübut etmişik.
- Sülh prosesinin yerində sayması ilə bağlı da fikirlər var. Bu gözləntilərin əleyhinə hansı təsirli addımların atılması mümkündür?
- Bu sual əslində Ermənistanın siyasi elitasını narahat etməlidir. Onlar dünyada gedən prosesləri görürlər. Rusiyanın zəifləməsi və bu ölkənin onların işğalçı siyasətində rolunu yaxşı başa düşürlər. Rusiyanın zəifləməsi onu göstərir ki, bu səhnədən onun çəkilməsi ehtimalı reallaşa bilər. Yəni, real mənzərə hər kəsə bəllidir. Çünki sabahki situasiyada Ermənistan Azərbaycan və Türkiyə ilə üzbəüz dayanacaq. Bu vəziyyətdə olan Ermənistan Azərbaycana qarşı hansı formada ərazi iddialarından danışa bilər? Bunu görməlidirlər.
- Ermənistanda hakimiyyətin dəyişməsi fonunda prosesin sıfır nöqtəsinə qayıtmaq ehtimalını necə görürsünüz?
- Kimin Ermənistanda hakimiyyətdə olmasından asılı olmayaraq heç nə dəyişməyəcək. Kimsə Ermənistanda Paşinyanı əvəzləyib kürsüdə əyləşsə belə görəcək ki, əllərində hansı imkanlar var. Elə həmin imkanlar Paşinyanda da mövcuddur. Ordu, iqtisadiyyat, xarici dəstək yox, Rusiya zəifləyib, Türkiyənin bu bölgədə güclənməsi, Azərbaycanın daha da güclü olması Ermənistandan əhalinin axınını görən yeni erməni iqtidarı nəyisə dəyişə bilməz. Rusiya bu gün elə bir vəziyyətdə deyil ki, gəlib onlara pul versin, Ermənistanı saxlayın. Bu gülməli bir yanaşmadır. Çünki bundan öncə ermənilərə heç nə vermədilər. İndi niyə versinlər ki?.. Yəni bu baxımdan əsaslı faktorlar dəyişməz olaraq qalır.
- Paşinyanın “Qarabağın statusu ilə bağlı “plankanı” bir qədər aşağı salmalıyıq” açıqlamasından sonra ona qarşı daxildə bir hücum başlandı. Sizcə, bu tezis gündəmdən çıxdımı?
- Biz bu məsələlərə Azərbaycan tərəfindən baxmalıyıq. O limiti azaldır, çoxaldır, genişləndirir və s kimi məsələlər ermənilərin özlərinə aid olan leksikondur. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı prinsip mövcuddur. Ya ermənilər buna qarşı çıxacaqlar və bunun nəticəsində də Azərbaycan onları əzəcək. Ya da özləri, öz səhvlərini, zəifliyini başa düşüb normal bir siyasət yürüdəcəklər. Bu artıq onların seçimidir. Ona görə də, ermənilərin bəyanatlarına qiymət vermək də lazım deyil. Onlar Ermənistanın daxili auditoriyası üçün bu bəyanatları verir. Onları nəyi azaldır-çoxaldır bu qətiyyən bizi maraqlandırmır. Bizim yeganə tələbimiz odur ki, ərazimizdən çıxın! Bu açıq məntiqdir.
- Rusiyanın proseslərə müdaxilə imkanlarını necə qiymətləndirmək olar?
- Rusiya üçün gedən prosesləri hər kəs görür. Böhranı gizlətməyə çalışsalar da bu göz qabağındadır. İqtisadi, siyasi, hərbi böhran Rusiya üçün çətin vəziyyət yaradır. Eyni zamanda Qərb Rusiyaya qarşı təzyiqlərdə israrlıdır. Rusiya bundan sonra öz problemləri ilə məşğul olacaq. Ermənistan indiki mərhələdə Rusiya üçün 15-ci, 20-ci mövzuddur. Reallıq məhz budur. Bu reallıqdan da biz maksimum istifadə etməliyik. Hesab edirəm ki, bundan da istifadə edirik.
- Gürcüstanın baş naziri də açıqlamışdı, regionda bir çox proseslər Rusiya-Ukrayna müharibəsindən asılıdr. Bu fikri nə dərəcədə ciddi qəbul edirsiniz?
- Dünyada hazırda bir çox məsələlər bundan asılıdır. Amma o dərəcədə buna köklənmək olmaz. Çünki ilk növbədə Azərbaycan dövlətinin güclənməsi faktoruna əsaslanmalıyıq. Öz imkanlarımızdan istifadə edərək Türkiyənin dəstəyi ilə düşməni məğlub etdik. Bu faktorlar hələ də bizim əlimizdə qalır. İndi isə əlavə geopolitik faktorlar ortaya çıxır. Bunlar da Azərbaycanın xeyrinə olan məsələlərdir. Əsas faktor isə Azərbaycan dövləti və xalqının iradəsidir.