14 May 2022 20:38
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, müttəfiqlik səviyyəsində olmaqla dünya üçün örnək bir müstəvidədir. Bu yüksək münasibətlər iki qardaş ölkə lideri arasında olan səmimi dostluqla də özünü təsdiq edir. Məhz bu reallığı özündə əks etdirən Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Millət vəkili qardaş Türkiyə prezidentinin daha əvvəl işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərindən söz açıb: “Rəcəb Tayyib Ərdoğan Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Eyni zamanda iki qardaş ölkə arasında olan yüksək münasibətlərin rəsmi şəkildə təsdiqi olan tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalanıb. Azərbaycanın 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası üçün qardaş Türkiyə dövləti ölkəmizə bütün beynəlxalq müstəvilərdə açıq dəstək ifadə edib. Ona görə də, müttəfiqlik haqqında Şuşa bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirib”.

Aqil Məmmədova görə, Şuşa Bəyannaməsi iki qardaş xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyib: “Bu, həmçinin ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirib.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail olub, öz tarixi inkişafının zirvəsinə yüksəlib. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə dünyanın aparıcı ölkələrindən birinə çevrildi və hazırda bütün sahələrdə yüksək tərəqqi nümayiş etdirir. İki qardaş ölkə rəhbəri arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”.


Müəllif: Tapdıq Qurbanlı