Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, artıq üçüncü həftədir ki, Ermənistanda aksiyalar səngimir. Sizcə, bu aksiyaların iqtidarın siyasi kursuna təsiri olacaqmı?
- Rusiya bu prosesin həllində maraqlı deyil. Ona görə də, Brüssel görüşünün tələblərinə zidd olaraq Rusiya özünü Ermənistan-Azərbaycan arasındakı prosesin tənzimlənməsinə daxil edir. Bununla da problemi indiki mürəkkəb situasiyada daha da gərginləşdirməyi düşünür. Hazırda Ermənistandakı aksiyalarda aktiv olanlar da Rusiyanın əlaltılarıdır. Onlar da Rusiyanın Ermənistanla bağlı siyasətində iştirak edirlər. görünən odur ki, erməni baş nazir Nikol Paşinyanın müstəqil siyasət aparmaq niyyətinə qarşı bu cür addımlar atılacaq.
- Çıxış yolu nədən ibarətdir?
- Paşinyanın iki çıxış yolu var. O ya Levon Ter-Petrosyan kimi istefa verməlidir, ya da ki, Dəmirçiyan kimi öldürülməlidir. O həmçinin başqa bir üçüncü yolu da seçə bilər. Bu yol isə Qərbdən aldığı dəstəyə uyğun formada Rusiyanın təsirindən qurtarmaqla bağlıdır. Paşinyan bununla da Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalayıb Avropaya inteqrasiya əldə edə bilər. Bundan başqa alternativ də yoxdur.
- Daxili ictimai gərginliyin Paşinyan tərəfindən idarə edilməsi faktı nə dərəcədə əsaslıdır?
- Erməni baş nazir hazırda Ermənistandakı ictimai gərginliyi də idarə etməyə çalışır. Bunu biz onun Niderlanda səfərində səsləndirdiyi fikirlərdən də aydın görə bilirik. O, bəzi bəyanatlarında Azərbaycan və Türkiyə ilə əlaqələrin yaradılmasından, vasitəçilər olmadan danışıqların başlanmasından, sülhün vacibliyindən danışır. Daxili təzyiq artdıqca isə özünə qarşı olan etirazları yatırmaq üçün Paşinyan radikal çıxış edir. Amma bütövlükdə Paşinyanın mövqeyi demək olar ki, sülhə uyğundur.
- Ermənistan müxalifəti də Azərbaycanla sülhün əleyhinə olmadıqlarını bəyan edir. Belə olan halda bu narazılığa səbəb nədir?
- Erməni müxalifəti Qarabağın Azərbaycandan qoparılması ilə sülh müqaviləsi arzulayır. Paşinyan isə Azərbaycanın daxili işlərinə qarışmadan sülh müqaviləsi imzalamağı təklif edir. Ortada olan prinsipial fərq məhz bundan ibarətdir.
- Sərhədlərin dəqiqləşməsi kimi məsələlərdən danışırıqsa, Azərbaycan daxilində hansı “status”dan danışmaq olar?
- Onlar Qarabağı Azərbaycan ərazisi hesab etmədən delimitasiya və demarkasiyanın aparılmasını itəyirlər. Paşinyan isə Azərbaycanın BMT tərəfindən tanınan əraziləri, sərhədləri daxilində proseslərin həlinin mümkünlüyü bildirir.
- “Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində gələcəyi yoxdur” fikri nə dərəcədə ciddi qəbul edilə bilər?
- Sadəcə olaraq ermənilər sovet dövründəki kimi Azərbaycan əleyhinə iş aparacaqlarsa, bunun heç bir gələcəyi yoxdur. Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edib. Ermənilər ölkəmizdəki digər azlıqlar kimi konstitusiyamıza uyğun fəaliyyət göstərəcəklərsə, normal yaşamaq hüququ əldə edəcəklər. Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində qalmaları onların arzuladığı min “statusdan” daha üstündür.