18 May 2022 09:23
8 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sürətlə zəifləyir. “Ukrayna bataqlığı” Rusiyanı daha dərinliyə çəkir. Bu reallıqdır. Bu günə qədər dünyanı, xüsusən də Qərbi nüvə silahları ilə hədələyən Rusiya bu sözünün qarşısında real addım ata bilmədiyi üçün dünya dövlətləri tərəfindən ciddi qəbul olunmur. Bu fonda Rusiyadan İsveçlə Finlandiyaya uğursuz hədələr edildi ki, Putin bunu düzəltmək məcburiyyətində qaldı. İnnən belə də bu hədənin arxasında əməli fəaliyyət olmayacaq. Yəni Rusiya İsveç və Finlandiyanı nüvə silahı ilə vura bilməyəcək. Çünki belə bir addım təkcə Putinin yox, Rusiyanın məhvi demək olardı. Gülünc vəziyyətə düşməsinlər deyə, Putin bunu etiraf etmək məcburiyyətində qaldı”.

Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bildirdi ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razı olmayacaqlar. Ərdoğanın bu məsələdəki mövqeyini necə qiymətləndirirsiniz, bu iki ölkə NATO-nun qapısının açılması üçün Türkiyənin şərtlərini qəbul edəcəkmi?

- İlk növbədə, bu mövqe bu gün Türkiyənin fərqli bir dövlət olduğunun göstəricisidir. Bütün dünyaya bəlli olmalıdır ki, artıq Amerikanın barmaq işarəsi ilə oturub-duran Türkiyə yoxdur. Türkiyə artıq öz sərhədlərinə sığmayan, dünyaya sülh gətirə biləcək və dünyanın vicdanı statusunda olan yeganə ölkəyə çevrilib. Bu mövqeyi də bunları sübut edir.

Bütün NATO-ya qarşı belə bir mövqenin ortaya qoyulması prinsipiallıqla bərabər, həm də bunun arxasında dayana biləcək gücə söykənməlidir. İndi Türkiyə bu gücə malikdir. Türkiyə özü-özünü hərbi baxımdan təchiz edən ölkəyə çevrilib.

Bəs NATO rəhbərliyi və bu alyansın ipini çəkən ABŞ Türkiyənin maraqlarını əks etdirən addımlar atacaqmı? Atacaq. Türkiyənin qərarlı duruşu NATO rəhbərliyi və ABŞ-ın geri çəkilməsinə səbəb olacaq. Çünki ortada ABŞ-ın istədiyi Türkiyə yoxdur. Ayrıca, NATO-nun nizamnaməsinə görə, bir ölkənin alyansın üzvlüyünə qəbul edilməsi üçün bütün üzvlər “hə” deməlidir.

Həmçinin qərar NATO üzvü olan bütün ölkələrin parlamentlərində təsdiqlənməlidir. Buna görə də, NATO rəhbərliyinin Türkiyənin maraqlarına müsbət cavab verməkdən başqa alternativi yoxdur.

Türkiyənin doğruluğu ortadadır. Bu necə müttəfiqlikdir ki, sən öz müttəfiqlinin əleyhinə olan terrorçu qruplaşmalara ev sahibliyi edirsən? Həm maddi, həm logistik, həm də iqtisadi cəhətdən yardım göstərirsən. Bunun müqabilində də Türkiyənin müttəfiqi olmaq istəyini dilə gətirirsən. Ortada bir Yunanıstan faktoru da var. Vaxtilə Türkiyədə iqtidarda zəif bir hakimiyyətin olmasından istifadə edərək bu ölkəyə təzyiq göstərmişdilər. Nəticədə Türkiyə ona düşmənçilik edən Yunanıstanın NATO-ya üzvlüyünü qəbul etmək məcburiyyətində qaldı. İndi bu Türkiyə o Türkiyə deyil.

Hesab edirəm ki, Yunanıstanla bağlı buraxılan səhv bu gün təkrarlanmayacaq. Bu da qlobal güclü Türkiyə projesinin tərkib hissəsi kimi düşünülməlidir. Türkiyə onun üçün həyati önəm kəsb edən təhlükəsizlik maraqlarından geri çəkilərsə, heç vaxt hədəflərinə çata bilməz. Buna görə də, Türkiyə istədiyi hər şeyi NATO rəhbərliyi və onun bütün üzvlərindən, eləcə də ABŞ-dan təkcə sözdə yox, həm də əməldə alacaq.

- Rusiya həmişə Finlandiya və İsveçi hədələyirdi ki, NATO-ya üzv olmasınlar. Amma bu dəfə Prezident Vladimir Putin bildirdi ki, bu ölkələrin alyansa qoşulması Rusiya üçün problem yaratmır. Necə oldu ki, Putinin hədələyici dili birdən-birə yumşaldı?

- Rusiya sürətlə zəifləyir. “Ukrayna bataqlığı” Rusiyanı daha dərinliyə çəkir. Bu reallıqdır. Bu günə qədər dünyanı, xüsusən də Qərbi nüvə silahları ilə hədələyən Rusiya bu sözünün qarşısında real addım ata bilmədiyi üçün dünya dövlətləri tərəfindən ciddi qəbul olunmur. Bu fonda Rusiyadan İsveçlə Finlandiyaya uğursuz hədələr edildi ki, Putin bunu düzəltmək məcburiyyətində qaldı. İnnən belə bu hədənin arxasında əməli fəaliyyət olmayacaq. Yəni Rusiya İsveç və Finlandiyanı nüvə silahı ilə vura bilməyəcək. Çünki belə bir addım təkcə Putinin yox, Rusiyanın məhvi demək olardı. Gülünc vəziyyətə düşməsinslər deyə, Putin bunu etiraf etmək məcburiyyətində qaldı.

Guya Ukraynada “xüsusi əməliyyat”ın keçirilməsinin səbəbi Rusiyanın təhlükəsizliyi məsələsi ilə bağlıydı. Ukraynanın NATO-ya üzv olması taktiki nüvə silahlarının bu ölkədə yerləşdirilməsinə gətirib çıxara bilərdi ki, bununla da Rusiyanın mərkəzi şəhərlərini qısa müddətdə vurmaq mümkün olacaqdı. Düşünürəm ki, eyni şey İsveç və Finlandiyaya da aiddir.

İsveç və Finlandiyadan atılan ballistik raketlər Ukraynadan buraxılan eyni silahlardan daha tez Rusiyanın Moskva və Sankt-Peterburq kimi şəhərlərini vura bilər. Əgər Ukraynaya müdaxilə təhlükəsizliklə bağlı idisə, Putinin son açıqlaması ağlabatan görünmür. Rusiyanın verdiyi bir-birinə zidd açıqlamalar bu dövlətin dünyada tamamilə nüfuzdan düşdüyünü göstərir. Hətta KTMT-nin Moskvada keçirilən son toplantısında bu bloka üzv olan dövlətlərdən heç biri Ukrayna məsələsində Rusiyaya şifahi dəstəyini belə bildirmədi.

- Putin həmin toplantıda KTMT-də MDB-yə statusun verilməsi təklifi ilə çıxış etdi. Rusiya liderinin bu təklifinin arxasındakı niyyəti nə ola bilər, ümumiyyətlə, bu təklif nə qədər məntiqlidir?

- Bu, tam məntiqsiz fikirdir. Çünki MDB daha qlobal miqyaslı təşkilatdır. Ən azı qlobal səviyyədə qəbul edilmiş qurumdur. Belə bir təşkilatın kiçik bir hərbi bloka müşahidəçi qismində qatılması nə qədər məntiqli ola bilər? Bu onu göstərir ki, Rusiya təkcə “Ukrayna bataqlığı”nda çökmür, həm də məntiqli düşünmüək imkanlarından da məhrum olub. Bu, artıq Rusiyanın faciəvi durumda olduğunu göstərir. Bu, qeyri-ciddi təklifdir.

Ayrıca, Rusiyanın Ukraynaya işğalçı müdaxiləsindən sonra ətrafındakı ölkələr onun istənilən təklifinə şübhə ilə yanaşmaq məcburiyyətindədir. Müstəqil dövlətlərdən heç biri salavyan qardaşlarının ölkəsini ordusu ilə darmadağın edən, təkcə ukraynalıları yox, rusları da Ukraynada öldürən Rusiyanın heç bir təklifini qəbul etməyəcək. Çünki bu təkliflər sonradan həmin ölkələrin suverenlikləri əleyhinə olan amilə çevrilə bilər. Bu dövlətlər bu kimi təkliflərin arxasında duran niyyəti çox gözəl bilirlər.

Rusiya öz ətrafındakı birliklərin dağılmasının qarşısını almaq üçün uğursuz cəhdlər edir. Putinin təklifinin mahiyyətində duran da budur. Amma bu prosesin qarşısını almaq mümkün deyil. Çünki bu ölkələr öz təhlükəsizliklərini “Rusiyanın təhlükəsizlik çətiri” altında görmürlər. Bu gün qardaşı slavyanları günahsız yerə öldürən Rusiya sabah bunu Qazaxıstan, Qırğızıstan və digər ölkələr üçün çox rahatlıqla edə bilər. Ayrıca, 44 günlük müharibədə Ermənistanın boğazdan yuxarı iddialarına baxmayaraq, KTMT Rusiya istisna olmaqla ona heç bir yardım etmədi.

Düşünürəm ki, Rusiya zəiflədikcə, bu birliklər daxilindəki əlaqələr də zəifləyəcək. Putinin son təklifi də batan gəmini xilas etmək üçün edilən uğursuz cəhdə bənzəyir. Artıq yeni geosiyasi reallıqlar formalaşır. Azərbaycan qardaş Türkiyə ilə Orta Asiyanın türk ölkələri ilə əlaqələrini intensivləşdirib.

Bu türk dövlətlərindən Azərbaycan və Türkiyəyə artan səfərlərə diqqət etmək lazımdır. Bu onu göstərir ki, Rusiyanın nüvəsində dayandığı birliklərdə mərkəzdənqaçma prosesi başlayıb. Hər müstəqil dövlət yeni geosiyasi reallıqlar fonunda yeni təhlükəsizlik sistemi axtarışındadır. Bu sistem də türk dövlətlərinin birliyi altında ola bilər.

- Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqda sazişin imzalanmasından sonra Qazaxıstan və Özbəkistan da Ankara ilə hərbi anlaşmalara imza atdı. Türk dövlətləri arasındakı bu hərbi inteqrasiya hansı gəlişmələrə yol aça bilər?

- Aysberq yerindən tərpənib. Hərbi əməkdaşlıq, strateji tərəfdaşlıq, hətta müttəfiqlik yönündə sənədlər imzalanır. Bu o deməkdir ki. bu ölkələr Rusiya xofunu atlatmaq üzrədirlər. Ayrıca, öz təhlükəsizliklərini Rusiyanın “çətir”i altında görmürlər. Bu, həmin dövlətlərin rəhbərliklərində oturuşmuş fikrə çevrilib. Buna görə də, tamamilə fərqli birlik daxilində fəaliyyət görürük. Bu fəaliyyətin adı türk birliyidir. Hər kəs bu birlikdə yerini almaqla, əməkdaşlığı artırmaqla türk birliyini gücləndirəcək ki, bu da təkcə Rusiya üçün yox, qlobal miqyasda çəkindirici faktora çevrilə bilər.

Türk birliyi yaxın 10-20 ildə qlobal miqyasda qəbul edilən ən güclü birliklərdən biri olacaq. Buna görə də, bu yöndə atılan addımları doğru sayıram, bunun gerçəkliyini artıq bütün türk cümhuriyyətləri qəbul edib. Bundan sonra prosesin daha da güclənərək irəli getdiyini görəcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu