26 May 2022 09:05
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Liderlərin Brüsseldəki üçüncü görüşündən sonra bir ilk yaşandı: Azərbaycan və Ermənistan nümayəndələri sərhədlərin müəyyənləşdirilməsini müzakirə etdilər. Sizcə, proses davamlı olacaqmı və sona qədər gedəcəkmi?

- Ötən ilin mayında Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində bu məsələ ilə bağlı razılaşma əldə edilmişdi. Bundan əvvəl isə məsələnin həlli 10 noyabr bəyanatı çərçivəsində razılaşdırılmışdı. Nəticədə sərhədlərin delimitasiya və demarkasiyası başlamalıydı. Ötən müddətdə isə belə bir proses olmadı, əksinə, Ermənistan ötən yay sabotaja əl atdı. Bu sabotajdan sonra yenidən Soçidə görüş oldu, ardınca Brüsseldə üç dəfə görüş keçirildi, proses bu şəkildə getdi.

İndi isə Brüsselin bu prosesdəki aktivliyinin səbəbini izah etmək lazımdır. Məlumdur ki, Cənubi Qafqaz Avropa Birliyi üçün çox aktiv keçid bölgəsidir, bu səbəbdən də onun maraq dairəsindədir. Cənubi Qafqaz Avropa Birliyi üçün Yaxın Şərq və Asiyaya keçiddir. Amma Avropa Birliyi burada gedən proseslərə təsir imkanlarına malik deyildi. Avropa Birliyi əvvəllər ATƏT-in Minsk qrupu çərçivəsində prosesi dəstəkləyirdi. Amma Minsk qrupu da otuz ilə yaxın prosesi uzatdı, münaqişənin nizamlanmasında heç bir müsbət fəaliyyəti olmadı. Beləliklə, həm özünün, həm də onu dəstəkləyən Avropa Birliyinin maraqlarını zədələdi.

Minsk qrupunun üç həmsdər ölkəsindən ikisi – Rusiya və ABŞ burada aktiv oyunçular idi. Fransanın da Ermənistanla sıx, Azərbaycanla normal münasibətləri vardı. Avropa Birliyinin isə prosesə təsir baxımından belə bir lüksü yox idi. Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra bütün təşəbbüsü öz əlinə aldıqdan sonra isə Avropa Birliyi tamamilə kənarlaşdı. Birlik 44 günlük müharibədə çox sərt və yanlış yol tutdu. Bu müharibədə müasir dünyanın gözü qarşısında bəşəri cinayətlər törədən Ermənistanla bağlı aktiv danışmadı. Cəmi bir-iki dəfə Borrelin müavini səviyyəsində ermənilərin Gəncə və Bərdədəki hərbi cinayətləri ilə söz deyildi. Bundan başqa Avropa Birliyinin Azərbaycanı qane edən, ən əsası da beynəlxalq hüquqa uyğun fəaliyyətini görən olmadı.

44 günlük müharibədən sonra Avropa Birliyi bir neçə dəfə ermənipərəst mövqe sərgilədi. Ümumiyyətlə, Avropa Birliyinin yanlışı bundadır ki, Cənubi Qafqazın təhlükəsizliyinin dəyərləndirilməsində siyasi arqumentlərə əl atır, bunlara etibar edir. Həmişə real vəziyyətlə onların siyasi təqdimatı arasında 90 faizlik fərq var. Avropa Birliyi Ermənistanın siyasi spekulyasiyalarını özünün bəyanatlarına saldı, 44 günlük müharibədən sonra Azərbaycan ərazilərinə keçən terrorçuları “hərbi əsirlər” adlandıraraq, Ermənistana verilməsini istədi, üstəgəl, Birinci Qarabağ Müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlı haqda heç nə demədi. Amma Brüsseldə keçirilən birinci görüşdən sonra Avropa Birliyinin təhlükəsizlik mərkəzləri real vəziyyəti düzgün dəyərləndirdilər və baxdılar ki, sən demə, bölgə onların əllərindən çıxır. Onun da fərqinə vardılar ki, proseslərə Ermənistan tərəfindən baxmaq beynəlxalq hüquq baxımından onları zərərli tərəf kimi göstərir. Yəni onlar beynəlxalq hüquq mexanizminə təcavüz edən tərəfi dəstəkləyirdilər.

- Bəs bugünkü baxışları necədir?

- Artıq səhvlərini düzəltməyə başlayıblar. Ötən ilin yayında Avropa Birliyi şurası rəhbərinin Prezident İlham Əliyevlə görüşündən öncə və sonra birmənalı olaraq, Azərbaycanın mövqeyindən, yəni real vəziyyətdən çıxış etməyə başladılar. Artıq Ermənistanın spekulyasiyası, erməni lobbisinin təxribatları, ermənipərəst siyasətşilərin Avropa Birliyi və Avropa Şurasındakı pozucu fəaliyyətləri ikinci plana keçdi. Avropa Birliyi Azərbaycanın real vəziyyətə söykənən şərtləri ilə razılaşmağa başladı. Onsuz da prosesi Azərbaycan aparır. Azərbaycan sərhədlərin demarkasiya və delimitasiyasına əl qoydu, Ermənistanla sərhədində öz keçid məntəqəsini qurdu və daha bir neçə ciddi addım atdı. Bundan sonra Avropa Birliyinə aydın oldu ki, prosesə indi qatılmasa, bundan sonra burada sadəcə istifadəçi haqqıyla iştirak edəcək. Məsələn, Avstraliya Cənubi Qafqazdan daşımaları hansı şərtlərlə edəcəksə, Avropa Birliyi də o şərtlərlə edəcək. Bu isə çoxmilyardlı daşımalar həyata keçirən Avropa Birliyi üçün böyük ziyan deməkdir.

Ən əsası da bu həmin dövr idi ki, Avropa Birliyi ölkələrinin özləri Azərbaycana yaxınlaşmağa başladılar. Yəni Avropa Birliyi proseslərə beynəlxalq hüququn pəncərəsindən, yəni Azərbaycan tərəfdən baxmağa başladı.

- Ermənistandakı proseslər gedişata necə təsir edə bilər?

- Son Brüssel görüşünə Ermənistandakı mövcud durum baxımından da yanaşmaq olar. Əgər proses tələb etsə ki, Nikol Paşinyan Brüsseldə əldə edilmiş anlaşmaların ziddinə mesajlar versin, biz bunu eşidəcəyik. Amma prosesin bir real gedişi, bir də siyasi və media təqdimatı var. Təəssüf ki, bir Ermənistanın özünün yanlış, bir də Rusiyanın təzyiqi ilə sabotaj yanaşması mövcuddur. Buna baxmayaraq, Ermənistanın atmalı olduğu bir neçə addım var. Bunlardan biri də demarkasiya ilə bağlıdır. Ötən il Azərbaycan göstərdi ki, demarkasiya prosesinə özü başlayır, Ermənistan iştirak etsə də, etməsə də buna özü davam edəcək. Azərbaycan prezidentinin son mesajlarından da bəlli olur ki, biz Ermənistanı çox gözləməyəcəyik, yəni indi gəlir, gəlsin, gəlmir, gəlməsin.

Dediyimiz kimi, Ermənistan sərhəd məsələsi ilə bağlı üzərinə öhdəlik götürüb və bunları yerinə yetirməlidir. Amma Ermənistan daxilindəki vəziyyət Nikol Paşinyanın əleyhinə çevrildikcə, bu addımların atılması da gecikir. Bununla belə, Paşinyan Azərbaycanla yanaşı, böyük aktorlar – ABŞ, Rusiya və Avropa Birliyi qarşısında da öhdəlik götürüb.

Kommunikasiyalara gəldikdə, Azərbaycanın mövqeyinə görə bu xətlər məsələlərin kompleks həlli çərçivəsində açılmalıdır. Amma kommunikasiyaların açılmasının ayrıca bir fəlsəfəsi var. Bu çərçivədə Zəngəzur dəhlizi də açılmalıdır. Bu dəhlizin də açılmamaq şansı yoxdur. Çünki müharibə bu şərtlər altında dayandırılıb. Yəni bu, beynəlxalq statuslu razılaşmadır. Ermənistanın bunu etməmək şansı yoxdur. Bu dəhlizdən bir neçə yüz dəfə Ermənistanın büdcəsindən çox daşımalar həyata keçiriləcək. Bu səbəbdən də, Ermənistan dəhlizin açılmasına mane ola bilməyəcək.

Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı yolların açılması məsələsi Avropa Şurasını rəhbərinin bəyanatında da yer alıb. Amma bunun müqabilində Ermənistan Türkiyə ilə sərhədlərin və ya ora gedən yolun açılmasını istəmir. Bunun nəticəsi isə o olur ki, kommunikasiyaların açılması yenə də dalana dirənir. Türkiyə ilə sərhədlərin açılmasına Ermənistan konstitusiyası da mane olur. Ermənilərin konstitusiyasında Türkiyə ilə sərhədlərin bağlanması “əsas”landırılıb. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı problem yoxdur. Bu, Paşinyan qalsa da, getsə də baş verəcək. Böyük ehtimalla artıq Paşinyan gedir, çünki daxildəki proseslər onun əleyhinə idarəedilməz səviyyəyə qalxıb. Kommunikasiyalara gəldikdə, dediyimiz kimi, bununla bağlı bir neçə narahatlıq var və bunlar aradan qaldırılmalıdır.

- Bəs Rusiya nə istəyir, niyə prosesə mane olmağa çalışır? Kommunikasiyaların açılması Ukraynadakı işğalçı müharibəsinə görə çətin durumla üzləşən, bütün yollar üzünə bağlanan Rusiya üçün faydalı deyilmi?

- Rusiyadan prosesə iki yanaşma var. Birincisi, Rusiyanın dövlət maraqları, ikincisi, Rusiya daxilindəki siyasi qrupların yanaşması baxımından. Ermənistan həmişə problemlərini Rusiyanın hesabına həll etmiş bir ölkədir. Bu hava yenə də ermənilərin başlarında qalır. Rusiyada çox böyük erməni lobbi qrupu var. Rusiya hakimiyyətindəki dörd nüfuzlu şəxsdən ikisi ermənidir. İkisi də soyadını dəyişib. Rusiyanın baş naziri və xarici işlər naziri ermənidir. Bir ölkənin baş naziri və xarici işlər naziri ermənidirsə və ermənilərin maraqlarına xidmət edən qrupun üzvüdürsə, onda o, prosesə ermənilərin maraqları çərçivəsindən baxacaq.

Təbii ki, kommunikasiyaların açılması Rusiyanın dövlət maraqlarına uyğundur. Amma Rusiya indiki məqamda bu xətlərin sürətlə açılmasına tərəddüd edir. Avropadan Asiyaya daşımalarda böyük rol oynayan Ukraynanın Azov və Qara dəniz sahillərinin Rusiyanın nəzarətinə keçməsi Avropa Birliyini ciddi şəkildə narahat edir. Rusiya Brüssel üçün bu narahatlığı həm də Cənubi Qafqazda yaratmağa çalışır ki, Avropada insanlar bahalaşmanı hiss edərək, hökumətlərə təsir etsinlər, nəticədə Brüssel Rusiyanın Ukraynada atdığı addımlara göz yummağa məcbur olsun. Yəni Rusiyanın həm Cənubi Qafqaz, həm də Qara və Azov dənizləri hövzələri ilə bağlı belə qısamüddətli məqsədləri var. Amma uzunmüddətli prosesdə bunu istəmir. Çünki bu, sonda özünün maraqları əleyhinə çevrilə bilər.

Cənubi Qafqaza gəldikdə, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması prosesi Rusiyanın iştirakı ilə olacaqsa, olacaq, olmayacaqsa, heç kim buna çox da dözməyəcək və ya gözləməyəcək. Onsuz da, buradakı proseslər 44 günlük Vətən Müharibəsində qismən Rusiyanın nəzarətindən çıxıb. Baxmayaraq, sonradan müdaxilə etdi, sülhməramlı qismində bölgədəki mövcudluğunu gücləndirdi, amma buna rəğmən, 44 gün ərzində proseslər onun nəzarətindən çıxmışdı. Hətta 44 günlük müharibənin son günlərində - vertolyot vurulana qədər onun zəngləri cavabsız qalırdı. Yəni onun maraqları ilə bağlı sualları cavabsız qalırdı, telefon zənglərinə sadəcə cavab verən yox idi.

- Bəs indiki durum necədir?

- İndi Rusiya anlayır ki, ya çıxıb getməlidir, ya da proseslər onun nəzarətindən kənarda qalacaq. Hazırda Ermənistan və Azərbaycan arasındakı ən kiçik hərəkətlilik bölgədə radial proseslərə səbəb olacaq. Yəni burada baş verən prosesin radial dalğası özünü Gürcüstanda və ya Cənubi Osetiyada göstərə bilər. Cənubi Qafqazın altındakı “barıt çəlləyi”nə bir kibrit lazımdır ki, partlasın. Artıq Cənubi Osetiyadan Rusiyaya birləşəcəklərinə dair separatçı fikirlər səsləndirilir. Bu baxımdan, bu məqamda hadisələrin axarının əks istiqamətə dəyişməsi Gürcüstan üçün nümunə olacaq. Yəni bu, Gürcüsyana motivasiya verəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Belə bir gəlişmə isə Rusiyanın Cənubi Qafqazdakı maraqlarını ağır zərbə altında qoyacaq.

Hesab edirəm ki, “Ukrayna bataqlığı”nda batan Rusiyanın yanında olan Çin belə Cənubi Qafqazda belə bir durum yaransa, onun yanında olmayacaq. Çünki hamının buradakı daşıma maraqlarını Rusiyadakı etnik ermənilərdən ibarət bir siyasi qrupun sifarişi əsasında zədələmək olmaz. Bütün dünyada hamı fərqindədir ki, bölgədəki sabitlik və sülh Rusiyanın adı altında Lavrovun fətvası ilə zədələnir, şübhə altına alınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər