1 İyul 2022 09:05
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert Azad İsazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azad bəy, öncədən NATO ölkələri liderlərinin Madrid sammitindən gözlənti böyük idi. Artıq toplantıda alyansın yeni Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Yeni sənəddə Rusiya əsas təhdid kimi göstərilir. Siz toplantı və alınan qərarları necə qiymətləndirirsiniz?

- Ümumən NATO fevralın 24-dən sonra öz acizliyini nümayiş etdirmişdi. NATO ölkələri ayrı-ayrılıqda Ukraynaya dəstək verirdi, amma alyans təşkilat kimi Ukraynanı müdafiə etmirdi. Səbəb kimi də Ukraynanın NATO üzvü olmadığı göstərilirdi. Əslində isə NATO böhran yaşayırdı. Ümid edə bilərik ki, Madrid sammitində NATO krizisdən çıxıb. Üstəlik faktiki iki yeni ölkəni üzvlüyə qəbul etdi. İsveçin Baltik dənizi vasitəsilə Rusiya ilə sərhədi var. Finlandiya isə Rusiya ilə 1280 kilometrlik quru sərhədinə malikdir. Müsbət hal həm də odur ki, Madrid sammiti çərçivəsində Türkiyənin Finlandiya və İsveçlə bağlı tələbləri də qəbul olundu.

NATO-nun yaxın bir neçə il üçün əsas sənədi olacaq Təhlükəsizlik Konsepsiyasında faktiki yazıldı ki, Rusiya əsas təhdiddir. Halbuki, buna qədər olan sənəddə Rusiya-NATO əməkdaşlığı haqqında danışılırdı. İndi Rusiya NATO üçün təhlükə kimi qiymətləndirilir. Mən deyərdim ki, bu, prinsipial məsələdir.

Onu da qeyd edim ki, Ukrayna ilə başlayan müharibə fonunda konflikt genişlənə bilər. Xüsusilə, Pribaltika istiqamətində. Pribaltika ölkələri NATO üzvüdür və konsepsiyanın dəyişməsi göstərir ki, NATO Qərargahında reallığı qiymətləndirə bilirlər. Amma Estoniya prezidenti sammit zamanı çox maraqlı məqama toxundu. Bildirdi ki, NATO üzvündən hər hansı birinə təcavüz olduğu təqdirdə 100 gün ərzində hərbi reaksiya verilə bilər. Amma biz kiçik ölkəyik və müdaxilə olarsa 100 gün dözə bilməyəcəyik, işğal olunacağıq. Ehtimal edirəm ki, bu məsələ də müzakirə edilib. Bu gün artıq söhbət ondan gedir ki, Baltikyanı ölkələrdə NATO hərbi kontingenti genişləndirməlidir.

- Yeni konsepsiyadan məlum olur ki, NATO-nun 300 minlik ordusu yaxın bir ildə lazımi vəziyyətə çatdırılacaq və hazır saxlanılacaq. Bu nədən xəbər verir?

- Hazırda bəhs edilən 300 minlik ordunun sayı 40 min nəfərdir. Burada söhbət cevik qüvvələrdən gedir. NATO orduları daha böyükdür. Çevik qüvvələr hər bir NATO ordusunda kifayət qədərdir. İndi onlar NATO çərçivəsinə salınacaq, ezam olunacaq. Həm də NATO qüvvələri dedikdə anlamalıyıq ki, üzv ölkələrin bütün ordusu NATO qüvvələrinə aid deyil. Məsələn, elə ölkə var ki, onun S-300 kompleksləri NATO-ya inteqrasiya edilməyib. Deməli, hər ölkənin NATO çərçivəsində olmayan qüvvələri də var. İndi 40 minlik çevik qüvvələr birliyini bir həftə ərzində sənədlərdə 300 minə çatdırmaq mümkündür. Amma bu ordunun daşınması, kommunikasiya, logistika, yaşamaq məsələsi var. Onların lokasiyası dəyişəcək. Amma bu qüvvələr var və onların üzərində planları qurulacaq. Sözsüz ki, onlar Rusiya sərhədinə yaxın olacaq.

- Açıqlanan məlumatlardan belə aydın olur ki, NATO-nun 5-ci qərargahı birdəfəlik Polşada məskunlaşacaq. Niyə?

- Əslində, Polşada ABŞ ordusu var. ABŞ ordusunun strukturu belədir ki, bir batalyonu bir həftəyə birqadaya çevrilə bilər. Batalyonun hər rotası da batalyona çevrilə bilir. Biz bilirik ki, ABŞ Rumıniyaya da briqada göndərib. Bu briqada da tədricən şişir və korpusa çevrilir. İndi verilən qərarlardan biri də Rumıniyada 5 minlik yeni ordu formalaşdırmaqdır. Bu da qısa şəkildə həyata keçiriləcək. Həmçinin İspaniyaya göndərilən hərbi gəmilərin sayı artırılacaq.

- Maraqlı qərarlardan biri də ABŞ-ın Britaniyaya iki eskadro F-35 qırıcıları göndərmsi ilə bağlıdır. Buna səbəb nədir?

- Ola bilər, mümkün və məntiqlidir. O cümlədən Almaniya və İtaliya üçün yeni hava müdafiə sistemləri qurulacaq. Məncə, son 4 ayda NATO başa düşdü ki, təhlükə realdır. Buna qədər Ukrayna çağırışlar edirdi ki, əgər biz Rusiya qarşısında dözməsək və məğlub olsaq, bu ordu sizin üzərinizə gələcək. İndi NATO anlayır ki, gec-tez belə bir təhlükə ilə üzləşəcəklər. Avropa ölkələri əslində sosialist quruluşunda yaşamadıqları üçün Moskvanın nə etmək istədiyini anlaya bilmirlər. Amma Polşa, Rumıniya, Ukrayna, elə bizim özümüz də bilirik ki, Moskva nədir və nələr edə bilər. Qoca Avropa isə hesab edirdi ki, Moskva ilə danışar, onu dilə tuta və razılaşa bilərlər. İndi anlamağa başlayıblar ki, Moskva ancaq güc faktorunu anlayır.

- Siz hesab edirsiniz ki, artıq NATO Moskvanın nələrə qadir olduğunu, yalnız güclə hesablaşa biləcəyini qəbul etdiyindən belə geniş spektrli müdafiə kordonları qurmağı planlaşdırır?

- Mən ümid edirəm ki, bütün bunlar sadəcə sənəddə qalmayacaq. Müsbət hal kimi onu deyə bilərəm ki, heç olmasa bütün bunlar NATO-nun yeni sənədində yazılıb. Əvvəl heç bunlar da yox idi.

- Konsepsiyada gərginliyi artırmamaq məqsədilə Rusiya ilə kanalları açıq saxlamaq müddəsı da var. Əgər NATO Rusiyanı təhdid kimi qiymətləndirirsə, nədən həm də onunla danışıqlar qapısını açıq saxlayır?

- NATO ölkələri bir-birindən fərqlidir. Məsələn, İngiltərə birmənalı döyüşə girməyə hazırdır. Fransa və Almaniya isə Rusiya ilə savaşa psixoloji hazır deyil. Polşa və Pribaltika bilir ki, uduzacaqlar, amma müharibəyə hazırdırlar. Macarıstan hazır deyil. Odur ki, NATO tərkibində cürbəcür baxışlar var. Misal üçün, Türkiyə döyüşə girməyə hazırdır. İstər Cənubi Qafqazda, istərsə də Suriyada. Amma danışıqlara da hazırdır. Əslində NATO-da üç cür reaksiya var. Biri yalnız danışıqlara meyl edənlərdir. Digəri ancaq müharibəyə köklənənlər. Sonuncusu Türkiyə kimi həm müharibəyə, həm də danışıqlara hazır olan ölkələrdir. Moskva bilir ki, Türkiyə boş yerə demir, əgər vuracağam deyibsə, deməli, vuracaq. Ona görə də Türkiyə ilə danışır, müzakirələr aparır. Bilir ki, Türkiyə ilə danışmasa, Türkiyə vuracaq. Amma birbaşa danışığa meylli olan ölkələri sadəcə yola verir. Türkiyəni isə yola vermək olmur, onunla danışıqlar aparmaq lazımdır.

NATO-nun Moskva ilə kanalları açıq saxlamasına gəldikdə, məncə, nümayiş etdirirlər ki, biz danışıqlara hazırıq. Bu gün Ukrayna ilə Rusiya arasında kanallar açıqdır, ötən gün 100-dən çox əsir dəyişdirilib. Deməli, kanallar açıqdır və işləyir. II Dünya müharibəsi zamanı da Berlin və Moskva arasında kanallar mövcud idi. Bu baxımdan NATO-nun Rusiya ilə bağlı kanalları açıq saxlaması başadüşüləndir.


Müəllif: Nemət