19 İyul 2022 15:16
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAL partiyasının sədr müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Azərbaycanın Avropa Birliyi ilə yeni enerji sazişinin ölkəmiz, Cənubi Qafqaz üçün qazandıracağı dividentlər nədən ibarətdir? Bölgənin Qərbə inteqirasiyasında bu cür ciddi iqtisadi layihələrin təsiri nə dərəcədə böyükdür?

- Cənubi Qafqaz regionuna dünyanın, Avropa Birliyinin marağı daha da artıb. Bölgədə sabitliyin, münaqişələrin arxada qalması üçün böyük enerji sazişləri həmişə önəmli rol oynayır. Azərbaycanın AB ilə yeni enerji (qaz) sazişi də ölkəmizin Avropa Birliyinə yaxınlaşması baxımından əhəmiyyətlidir. Avropa Birliyi ölkələri ilə bölgənin, o cümlədən, Azərbaycanın daha sıx əlaqələri formalaşır. Bu yeni enerji koridorlarının təhlükəsizliyinin təmin olunması də önəmlidir. Bölgədə sülh, əmin-amanlığın bərqərar olması, münaqişələrin keçmişdə qalması, Azərbaycanla Ermənistan arasında ölkəmizin təklif etdiyi şərtlərlə sülh müqaviləsinin bağlanması və gələcəkdə regionun əməkdaşlıq üçün açılması böyük layihələrin tərkib hissəsidir. Bu layihələr daha sabit və təhlükəsiz bir bölgənin olmasına zəmin yaradır. Bundan başqa bölgə investorlar üçün də cəlbedici olur.

Ümumilikdə, Avropa Birliyi bu regiona daha çox maraq göstərəcək. Çünki Avropa Birliyinin bu günə qədər olan siyasəti regional baxışa malik idi. Yəni Azərbaycan, Ermənistan və Gürcüstanın ayrı-ayrılıqda Avropa Birliyi ilə əlaqələrinin yaxınlaşması paralel olaraq bölgənin Avropa, Qərb dövlətləri ilə daha yaxın olması üçün prioritet yaradacaq. AB-nin aparıcı şəxsləri də dəfələrlə bu məsələni vurğulayıb. Son olaraq Gürcüstanla bağlı olan proseslərdə də bu qeyd edildi. Moldova və Ukraynanın Avropa Birliyinə namizəd statusu təsdiqlənərkən Gürcüstana bu status verilmədi. Bu, Gürcüstan tərəfindən də etirazlara səbəb oldu. Ona görə də, Avropa Birliyinin yüksək səviyyəli məmurları Cənubi Qafqazın onlar üçün daha çox önəm daşıdığını vurğulamışdılar. Bu isə bir daha təsdiq edir ki, Cənubi Qafqaz bölgəsi, ümumilikdə üç respublika birlikdə Avropa Birliyi ilə əməkdaşlığın genişlənməsi daha böyük maraq kəsb edir. Burada Azərbaycan da bir lokomotiv rolunu oynayır.

- Azərbaycanla AB arasında imzalanan yeni enerji (qaz) sazişinin ölkəmizin iqtisadi vəziyyətinə təsirlərini necə qiymətləndirirsiniz?

- Bu ilin ilk rübündə Azərbaycanda neft-qaz gəlirləri az qala bərabərləşdi. Bu o deməkdir ki, qazın indiki qiyməti ilə onun qiymətinin artması paralel olaraq Azərbaycanın əlavə valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Yaxın gələcəkdə neft gəlirlərini qaz gəlirlərinin üstələməsi də gözlənilir. Nəzərdə tutulmuş proqram və plan üzrə hasilatın artırılması və ixracatın artması baş verəcəksə, 2027-ci ilə qədər qaz gəlirləri neft gəlirlərini üstələyə bilər. Bu da kifayət qədər əlavə valyuta ehtiyatları deməkdir. Neft gəlirləri isə texniki olaraq azalır. Çünki neftin hasilatı getdikcə azalacaq. Burada pik nöqtə 2011-2012-ci ildə keçilib. İndi isə 2024-2025-ci ilə qədər bu azalma trendi davam edəcək. Daha sonradan isə müəyyən sabitlik yaranmalıdır. Bundan sonra hasilatın sabitləşməsi mümkündür. Amma obyektiv olaraq neft gəlirləri azalacaq. Bu, hasilatın azalması ilə əlaqəli olacaq. Bunu isə qaz gəlirləri əvəz etməsi kifayət qədər ciddi ehtimal yaradır. Bu da Azərbaycanın neftdən-qazdan asılı olan bir ölkə kimi büdcəsinin formalaşmasında, sosial-infrastruktur layihələri üçün əlavə pul mənbəyi deməkdir. Bura həmçinin əlavə investisiyalar da cəlb olunacaq. Cənub Qaz Dəhlizi koridorunun genişləndirilməsi yeni hasilat imkanlarının artırılması üçün əlavə investisiyaların da cəlb olunması gözlənilir. İlkin olaraq 60 milyon avro kəşfiyyat işlərinin aparılması, sürətlənməsi üçün ölkəmizə əlavə vəsait daxil olacaq. Bu, yeni qaz yataqları ilə bağlı kəşfiyyat işlərinin sürətlənməsi üçün atılan addımdır.

- Burada yeni çağırışlar nədən ibarətdir? İqtisadiyyatın şaxələnməsi, real sektora yatırılan investisiyaların həcmində hansı halda artımlar ola bilər?

- Azərbaycan yeni fürsət qazanırsa, bu, elə yeni çağırışlar deməkdir. Ölkəmizə daxil olan böyük neft pulları bu günə qədər daha çox infrastruktur obyektlərinə, layihələrinə xərclənməli oldu. Çünki sovetdən çıxmış bir ölkənin yolu-izi yox idi. Ona görə də, infrastrukturun yenilənməsinə ehtiyac var idi. İndi isə yeni bir şans yaranıb. Artıq bu infrastruktur layihələrinin böyük hissəsi icra edilib. Yeni qaz gəlirlərinin bundan sonra real iqtisadi modelə keçid üçün xərclənməsi mümkün olacaq. Bununla da Azərbaycanın neft-qazdan asılılığının azaldılması istiqamətində addımlar atılacaq. Çünki Azərbaycanın bu gün ixracatının hələ də 90 faizini neft-qaz təşkil edir. Bu ciddi təhlükə və çağırışdır. İndi isə yeni fürsətlər yaranır ki, artıq yeni bir iqtisadi modelə keçmək mümkün olsun. Bu da çox önəmlidir. Çünki neft-qaz gəlirlərinin bu qədər yüksək olduğu dövr təxminən 2030-cu ilə qədər davam edəcək. Belə olan halda bizm 7-8 illik bir dövrümüz var. Ondan sonra artıq dünyada yeni enerji keçidi baş verəcək və neft-qazın qiyməti, önəmi azalacaq.

- Avropaya inteqrasiya məsələsində imzalanan yeni iqtisadi layihələrin əhəmiyyəti nə dərəcədə təsirli ola bilər?

- Azərbaycanla Avropa Birliyi arasında yeni strateji bir sənəd imzalanmalıdır. Uzun müddətdir ki, bunun danışıqları gedir. Bu gün də yeri gəlmişkən Brüsseldə bununla bağlı toplantı olacaq. Çox güman ki, burada son ştriklər, dəqiqləşdirmələr aparılacaq. Bundan öncəki məlumatlara görə saziş artıq 92-93 faiz razılaşdırılıb. Burada razılaşdırılmamış məqamlardan biri strateji qaz müqaviləsi idi. Bu sənəd də ötən gün imzalandı və artıq bu məsələ həllini tapıb. Hazırda isə iki məsələ üzərində iş gedir. İlk növbədə hava məkanı və ticarət münasibətləri ilə bağlıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil deyə Avropa Birliyi ilə ticarət razılaşmalarında bu problem yaradır. Yəqin ki, bu məsələlər də yoluna qoyulacaq. Yaxın həftələrdə Azərbaycanla Avropa Birliyi arasında yeni bir sazişin imzalanması gözlənilir. Çox guman ki, Azərbaycan Prezidentinin növbəti Brüssel səfərində bu saziş imzalanacaq. Bu da Azərbaycanın iqtisadi olaraq Avropa Birliyi ilə bağlı olması fonunda digər sahələrdə də daha sıx əməkdaşlığını özündə ehtiva edir. Bütün bunlar Azərbaycan üçün Avropaya, Qərbə inteqirasiyada çox önəmli addım olacaq. Çünki ölkəmiz strateji olaraq maraqlı mövqe tutub. Azərbaycan Avropa Birliyi ilə yaxınlaşdıqda başqa ölkələrlə o cümlədən Rusiya ilə münasibətləri korlamadan bu addımların atılmasında israrlı idi. Ukrayna-Gürcüstan, Moldova bu proseslərdə daha öndə görünürdülər. Amma onların öndə getməsi həm də ərazi itkisi ilə nəticələndi. Azərbaycan isə bu yolda daha inamla irəliləməyə başladı. Azərbaycan heç bir ərazi itkisi olmadan, ciddi problemlər yaşamadan Avropa Birliyi ilə strateji sazişə doğru kifayət qədər yaxınlaşıb.


Müəllif: Tapdıq Qurbanlı