20 İyul 2022 13:18
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa Birliyi arasında münasibətlər inkişaf edir. Artıq bu münasibətlər qarşılıqlı maraq doğuran məsələlərin həlli istiqamətində yüksəlir. Ölkəmizdə Avropaya inteqrasiya və Qərb dəyərlərinin inkişafı, təbliği istiqamətində ciddi addımlar atılır. Azərbaycan müstəqilliyinin ilk illərindən başlayaraq Avropa İttifaqı ilə qarşılıqlı maraq doğuran məsələlərin həllinə və əməkdaşlığa xüsusi önəm verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, ölkəmiz Aİ ilə Şərq Tərəfdaşlığı çərçivəsində qarşılıqlı əməkdaşlıq edir:

“Bu mənada bir neçə gün öncə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan yeni enerji strategiyasına dair Memorandum mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, bu Azərbaycanın enerji siyasətində mühüm tarixi hadisədir. Azərbaycan özünün enerji strategiyası ilə Avropanın enerji təhlükəsizliyində vacib rola malik olduğunu nümayiş etdirir. Birmənalı olaraq imzalanan bu saziş Aİ ilə münasibətlərin keyfiyyətcə yeni bir məzmunda inkişafına dəlalət edəcək”.

Deputat Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərin mütləq əksəriyyəti ilə sıx münasibətlərinin olmasına baxmayaraq bir çox hallarda ölkəmizə qarşı qeyri-konstruktiv yanaşmaların ortaya çıxdığını söyləyib:

“Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişellə olan yüksək səviyyəli münasibətlər hər kəsə bəllidir. Eyni zamanda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Azərbaycana səfəri, imzalanmış Memorandum da münasibətlərin məzmun və keyfiyyat baxımından yeni bir səviyyəsi hesab olunur. Amma bütün bunların fonunda biz ölkəmizə qarşı Avropa Parlamentinin qeyri-obyektiv yanaşmalarını müşahidə edirik”.

Aqil Məmmədov ötən gün Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi tənqidin mahiyyətindən bəhs edib:

“Avropa Parlamentində zaman-zaman ayrı-ayrı lobbi qruplarının ölkəmizə qarşı həyata keçirməyə çalışdığı təxribatlar var. Bu təxribatlar çox təəssüf ki, Avropa Parlamentinin çıxarmış olduğu “qətnamələrdə” də öz əksini tapıb. Belə qondarma qətnamələrdən biri guya Qarabağda "erməni mədəni irsinin dağıdılması" ilə bağlıdır. Əslində bunun necə absurd bir “qərar” olduğu indi hamıya bəllidir. Çünki Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən törədilmiş vandalizmi, barbarlığı indi hər kəs görür. Belə olan halda Avropa Parlamentinin işğala, təcavüzə məruz qalan tərəflə, barbarlığı törətmiş tərəf arasında seçim edə bilməməsi sadəcə olaraq təəccüblüdür. Əslində Avropa Parlamentinin bu cür mövqeyi onun erməni lobbisinin əlində oyuncağa çevrilmiş deputatların rəyi əsasında qərarlar çıxarması Qərb dəyərləri ilə ziddiyyət təşkil edir”.


Müəllif: Tapdıq Qurbanlı