15 Avqust 12:52
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, dövlət başçısının siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edərək möhtəşəm uğurlara imza atıb:

“Avqustun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri də ölkəmizin inkişafı naminə atılan növbəti addımların nümunəsi kimi səciyyələndirilə bilər. Prezident həmçinin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, regionda baş verən proseslər, xüsusilə Ermənistanın son hərbi təxribatları haqqında da fikirlər bildirib. Dövlət başçısının dediyi kimi “Qisas” əməliyyatı Ermənistanın cəzalandırılması oldu və şəhidimizin qisası alındı. Əgər erməni tərəfi yenə təxribatlara əl atarlarsa daha sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan da 10 noyabr razılaşmalarına əməl etməlidir. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. “Qisas” əməliyyatından sonra Ermənistan qanunsuz hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmaya başlayıb. Görünən odur ki, erməni tərəfi cəzalandırıldıqdan sonra müəyyən qədər ağıllanır. Dövlətimizin başçısının dediyi kimi, əgər Ermənistan prosesi uzatmaqla bir-iki il ərzində vəziyyətin öz xeyrinə dəyişəcəyini gözləyirsə, yanılır. Çünki həm geosiyasi proseslər, həm də artan gücümüz vəziyyətin bundan sonra da Azərbaycanın xeyrinə olacağını sübut edir”.

Sevinc Fətəliyeva Ermənistanın hakimiyyət nümayəndələrinin Qarabağın “statusu” haqqında səsləndirdiyi fikirlərə lazımi cavab verilib: “Dövlət başçısı müsahibəsində bir daha vurğuladı ki, Qarabağ ermənilərinə heç bir “status” verilməyəcək. Dövlətimiz bütün vətəndaşlarımız kimi, onların da hüquq və təhlükəsizliyinə təminat verir. Bundan əlavə, Laçın dəhlizi ilə bağlı məsələlərə toxunan Prezident yeni alternativ yolun istifadəyə verilməsindən sonra vətəndaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirib. Yəni orada məskunlaşmış ermənilər ərazini tərk edəcək, bundan sonra həmvətənlərimizin doğma yurdlarına qayıdışı məsələləri həll olunacaq. Artıq həmin ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilərin köçürülməsi prosesi başlayıb”.

Deputatın fikrincə, erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün müsbət addımlar atmalıdır: “Əks halda, qeyri-konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq. Artıq ölkəmiz regionda yeni reallıqlar yaradıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atır. Yeni reallıqlar isə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib”.


Müəllif: Tapdıq Qurbanlı