Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Brüssel görüşündə sonra Ermənistanın sərhəd bölgələrə təxribatı ardıcıl xarakter alıb. Sizcə baş verən bu təxribatlar fonunda sülh üçün inam qalırmı?
- Ermənistan daimi olaraq danışıqlardan vaxt uzatmaq üçün istifadə edib. Bu baxımdan istər Moskvada, istərsə də Brüsseldə hansısa razılıq əldə olunursa, bunun Ermənistan tərəfindən icrası ən yaxşı halda qismən baş verir. Bu dövlət üzərinə götürdüyü öhdəliklərin icrasını qismən təmin edə bilir. Çünki Ermənistan indiki şəraitdə Rusiyadan uzaqlaşıb Qərbə üz tutmaq niyyətindədir. Düşünürlər ki, bəlkə Qərbin köməyi ilə hansısa “məsələləri” həll etmək olar. Onların təxminən strateji xətti məhz bu cürdür. Çünki erməni tərəfi avqustda baş verən hadisələrdən sonra bir daha əmin olub ki, Rusiya onlara istədikləri kimi dəstək verməyəcək. Ona görə də ümidləri zəifləyən Rusiyadan uzaqlaşıb Qərbə üz tutmaqdır. Ermənistanın Qarabağ mövzusundan da tam şəkildə azad olmaq və beynəlxalq qanunlara əməl etmək niyyəti yoxdur.
- ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfəri çərçivəsində Ermənistanda olub. ATƏT-in Minsk Qrupuna ABŞ-ın münasibətinin ortada olduğunu nəzərə alsaq bu səfərin prosesin gedişinə təsiri haqqında nə düşünürsünüz?
- İndiki mərhələdə Qərbin “status” barəsində və Ermənistanın mövqeyinə yaxın olan bəyanatları hazırkı münasibətlərə aid deyil. Bu, daha çox Qərbin erməni ictimaiyyəti üçün etdiyi bir “jest”, vasitədir. Çünki onlar yaxşı başa düşürlər ki, uzun müddət erməni cəmiyyəti rusiyapərəst bir şəraitdə formalaşıb. İndi isə bu ruspərəst əhval ruhiyyəni neytarallaşdırmaq lazımdır. Bu baxımdan onlar erməni cəmiyyəti üçün cəlbedici bəyanatlar verirlər. Məqsədləri erməni cəmiyyətinin mütləq əksəriyyətini öz tərəflərinə çəkməkdir. Sözsüz ki, Qərbin və ABŞ-ın bəzi siyasətçilərinin bəyanatları da məhz bu məsələyə yönəlib. Bəllidir ki, bu, müvəqqəti bir mövqedir. İnandırıcı deyil ki, ABŞ bəyan etdiyi prinsiplərdən uzaqlaşıb ermənipərəst mövqedə dayanmalı olsun. Görünür, uzun müddət bu mövqe davam edəcək. Biz həmişə əmin olmalıyıq ki, bu məsələdə əsas faktor Azərbaycan və Türkiyənin bir yerdə olmasıdır. Bu da bizim imkanlarımızı qat-qat gücləndirir. Ermənilərin bu cəhdlərinin də nəticəsiz qalacağına heç bir şübhə yoxdur.
- Azərbaycan-Ermənistan xarici işlər nazirləri tərəfindən son Brüssel görüşündən sonra bir ay müddətində sülh razılaşmasının mətni üzərində müzakirə aparmaqla bağlı açıqlama verilmişdi. Artıq yarım ay vaxt qalıb, amma ortada konkret bir nəticə yoxdur. Belə olan halda Avropa Birliyinin tərəflərlə davranışlarında hansı dəyişiklik gözlənilir?
- Ermənilərin siyasi ənənəsi ondan ibarətdir ki, onlar öhdəliklərə ciddi yanaşmır. Sülh sazişinin mətninin hazırlanması heç də böyük problem deyil. İstənilən ölkə arasında sülh sazişi əsas prinsiplərə söykənməlidir. Bu prinsipləri Azərbaycan artıq təqdim edib. Beynəlxalq təcrübədən irəli gələn prinsiplər burada öz əksini tapıb. Amma Ermənistan yenə də öz mövqeyini ziddiyyətli formada təqdim edir. Onlar bəyan edilər ki, sülh sazişinə imza atmağa hazırdır. Amma bundan sonra onların əmması başlayır, yenə də Qarabağda hansısa “statusdan” danışmağa başlayırlar.
- Azərbaycanın Ermənistanın bu cür davranışlarına qarşı hansı mövqedən çıxış etməlidir?
- Ermənistanın xarici işlər naziri açıqlama vermişdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü 1992-ci ildən tanıyırıq. O, MDB çərçivəsində imzalanan sənədi bu məqsədlə gündəmə gətirib. Amma onlar Azərbaycanın ərazi bütövlüyünü tanıya-tanıya ölkəmizin ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə aparıblar. Ona görə də, ermənilər üçün imza atılan sənəd sanki bir kağız parçasını ehtiva edir. Bu baxımdan da onların sülhə imza atan kimi işğalçı niyyətindən uzaqlaşacaqlarını da düşünmək olmaz. Bu, mümkün deyil. Sadəcə olaraq bu cür siyasi leksika onlara vaxt uzatmaq üçündür. Onlar da bunu müxtəlif yerlərdə istifadə edirlər. Brüsseldə və Moskvada biz bu cür mövqeləri gördük. Hətta bir çoxları Brüssel danışıqlarından sonra qısa zamanda sülhün əldə ediləcəyini söyləyirdi. Amma bu hələki mümkün deyil. Çünki Ermənistan buna imza atsa belə öhdəlikləri icra etməyəcək. Ona görə də, qəti şəkildə bu məsələ ilə bağlı illuziyalara qapılmaq olmaz. Bizim mövqeyimiz ondan ibarət olmalıdır ki, qarşı tərəfin götürdüyü öhədliklərə riayət etsin. Bunun üçün də Azərbaycan əsas mexanizmləri daim işlər vəziyyətdə saxlamalıdır. Beləliklə qarşı tərəfi məcbur etməliyik ki, onlar bu prinsiplərə əməl etsin. Hər zaman da bunu nəzarətdə saxlamalıyıq. Çünki erməniləri sülhə gətirən elementlərdən biri də güc faktorudur.