ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistanın Azərbaycana qarşı təxribatı davam edir. Düşmən sərhəddə növbəti dəfə təxribata əl atdı. Bununla bağlı irəli sürülən ehtimallardan biri budur ki, Baş nazir Nikol Paşinyan Azərbaycanla yaxınlarda sülh müqaviləsini imzalaya bilər və daxildən bunu pozmaq istəyənlər belə təxribatlara əl atırlar. Sizcə, bu ehtimal nə qədər məntiqlidir, yoxsa bunun arxasında elə Paşinyanın özü dayanır?
- Əslində gərginliyin artmasının qrafikinə baxdıqda görürük ki, Azərbaycanla Ermənistan arasında hansısa formada Rusiyanın iştirakı olmadan görüşlər keçiriləndə və müəyyən anlaşmaların əldə edilməsi ehtimalı artanda belə təxribatlar da meydana çıxır. Ermənistan son təxribatları prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda Armen Qriqoryanla görüşü ərəfəsində və bundan sonra baş verdi. Bu onu göstərir ki, hər dəfə belə görüşlər intensivləşən və münasibətlərin normallaşdırılması istiqamətində hansısa addımlar atılan kimi Ermənistan tərəfindən də təxribatlar ara vermir.
Əslində Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi həm də ondan irəli gəlir ki, İrəvanda proseslərə təsir etmək imkanları olan müxtəlif güc mərkəzləri var. Ermənistanın Azərbaycandan ən böyük fərqi budur. Azərbaycanda dövlətin ərazi bütövlüyü, sərhədlərin təhlükəsizliyi, sülh müqaviləsinin imzalanması və bu yöndəki digər məsələlərlə bağlı apardığı siyasətə müxalif olanlar yoxdur.
Hamımızın istəyi bundan ibarətdir ki, sülh müqaviləsi bağlansın, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı təmin edilsin. Amma Ermənistanda müxtəlif güc qrupları var ki, bir-birindən fərqli maraqlara xidmət edirlər.
Paşinyanın özünə qarşı çox ciddi müxalifət var. Bu müxalifət də daha çox “Qarabağ klanı”na bağlıdır. Onlar əhalidən böyük dəstək görmürlər. Əgər görsəydilər, Paşinyanı devirmək üçün atdıqları addımların effekti olardı.
Rusiyanın Ermənistana çox böyük təsir imkanları var, xüsusən ordu daxilində. Obrazlı dillə desək, hələlik erməni ordusunun generalları Paşinyanın generalları deyil. Özünə yaxın generallar yetişdirmək üçün illər lazımdır. Ona görə də oradakı qarışıqlığın səbəbi bu amillərdən irəli gəlir. Müxtəlif qrupların ayrı-ayrı maraqlara xidmət etmələri, xarici ölkələrin, xüsusən də Rusiyanın təsir imkanlarının güclü olması Ermənistanın vahid fikrə gəlməsini və hansısa sənədi imzalamasını gecikdirən əsas amillərdir.
Təbii ki, Paşinyanın da öz oyunu var. Paşinyan və komandası yavaş-yavaş Rusiyadan aralanmağı düşünür. Yəni o da bu kimi hadisələrdən öz maraqları üçün istifadə edir. Məsələn, Ermənistanda Rusiyanı və KTMT-ni gözdən salır. Yəni Paşinyan da baş verənlərdən öz maraqları üçün nəticələr əldə etməyə çalışır. Amma hadisələrin arxasında konkret hansı maraq qruplarının olduğunu demək çətindir. Məntiq isə bunu deyir ki, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqları intensivləşən zaman təxribatların artması Rusiyanın burada iştirakı haqda düşünməyə əsaslar yaradır.
- ABŞ prezidentinin müşaviri Ceyk Sallivanın Vaşinqtondakı son görüşlə bağlı açıqlaması müsbət oldu. Necə düşünürsünüz: Ukraynada ciddi problemlərlə üzləşən Rusiyanın mövqelərinin zəiflədiyi bir fonda Amerikanın vasitəçiliyi ilə sülh müqaviləsinə qədər yol qət etmək mümkündürmü?
- Bəli, Rusiyanın mövqeləri zəifləyir, amma bu o demək deyil ki, prosesə müdaxilə etmək imkanları yoxdur. Rusiyanın əsas hədəfi bu prosesdə baş moderator rolunu əlindən buraxmamaqdır. Vaşinqton və Brüssel də önə keçib sülh quruculuğu prosesində əsas moderator olmağa və oyunu quran tərəf olmağa çalışır. Bilirsiniz, fərq nədədir? Qərbin səmimiyyət və ya qeyri-səmimiyyətini bir kənara qoysaq, bu güclərin məqsədlərini analiz etmək daha məntiqlidir. Siyasətdə səmimiyyət axtarmaq qədər mənasiz bir iş yoxdur. Hər kəs öz maraqları çərçivəsində davranır.
Qərbin marağı bundan ibarətdir ki, iki ölkə hansısa formada anlaşsın. Bunun kimin xeyrinə, kimin ziyanına olacağı onun düşündürmür. Qərb istəyir ki, anlaşsınlar və sülh müqaviləsinin imzalanmasından sonra böyük investisiyalar və dinc qonşuluq şəraitində yaşamaq üçün imkanlar yaransın. Məsələn, təsadüfi deyil ki, Avropa Birliyi böyük sülh müqaviləsindən sonra bölgəyə 4.6 milyard avroya yaxın yardımın olacağını vəd edib, buna söz verib. Bunun 2.2 milyardı Azərbaycana, 2.4 milyardı isə Ermənistana ayrılacaq.
ABŞ-ın mövqeyi də aşağı-yuxarı eynidir ki, öz aralarında necə istəyirlərsə, elə anlaşsınlar, amma bölgədə sabitlik olsun, eyni zamanda, Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxa bilsin. Bunun üçün yeganə yol Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Çünki Ermənistanın Qərbə inteqrasiyası coğrafi, siyasi və iqtisadi olaraq Türkiyəsiz mümkün deyil. Bu məsələdə Azərbaycanla Türkiyə eyni mövqedə dayanır.
Rusiya da müəyyən məsələlərin həllində önə çıxmağa çalışır ki, həlledici tərəfin o olduğunu göstərsin. Rusiya kommunikasiyaların açılması və bir sıra digər məsələlərin həllinə razı olsa da, böyük sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Çünki sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması Rusiyanın hər iki ölkəyə təsir rıçaqlarını azaldacaq. Kreml bunu yaxşı bilir, ona görə də prosesi əldən buraxmaq istəmir.
- Paşinyan tez-tez beynəlxalq müşahidəçilərin sərhəddə yerləşdirilməsindən danışır. Sizcə, Bakının buna münasibət necə ola bilər, yaxud Paşinyanın dediyi beynəlxalq müşahidəçilər bölgədə Rusiyanı əvəzləsə, bu, hansı gəlişmələrə yol aça bilər?
- Bu, Azərbaycan tərəfindən ancaq o halda normal qarşılana bilər ki, sülh müqaviləsi Bakının təklif etdiyi 5 prinsip əsasında imzalansın. Bununla sərhədlərin toxunulmazlığı qarşılıqlı olaraq tanınsa, bu istiqamətdə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi mümkündür. Dediyim kimi, bu, ancaq sülh müqaviləsindən sonra ola bilər.
Əslində Paşinyanın bu açıqlaması daha çox daxili auditoriyaya hesablanıb. Paşinyan da uşaq deyil, bilir ki, bu, indiki şəraitdə mümkün deyil. Əslində Ermənistan cəmiyyətinə verilən bu mesajın ana leytmotivi ondan ibarətdir ki, ruslardan ermənilərə yar olmaz, çünki dəstək vermirlər, bunu birdəfəlik anlamaq lazımdır, beynəlxalq güc mərkəzlərinin prosesdə iştirakını təmin etmək üçün çalışaq, bunun yolu isə Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir.
Məncə, bu mesajın ana xətti Rusiya və KTMT-nin bölgədə heç bir fəaliyyət göstərmədiyini, hətta bunun Ermənistana ziyanlı olduğunu sübut etməkdir.
Paşinyan da bilir ki, Rusiya orada güclü olduqca, beynəlxalq müşahidəçilərin bölgəyə gəlməsinə imkan verilməyəcək. Təbii ki, indiki şəraitdə Azərbaycan da haqlı olaraq bundan narazı qalacaq. Böyük sülh müqaviləsi imzalanmadan və sərhədlər qarşılıqlı tanınmadan hansısa bir beynəlxalq missiyanın bölgədə yerləşdirilməsi maraqlarımıza cavab vermir. Beynəlxalq missiya o zaman effektli ola bilər ki, artıq problemlər həll olunacaq. Bundan sonra beynəlxalq müşahidəçilər monitorinq üçün hansısa fəaliyyətlə məşğul ola bilər.
İndi isə sərhədlərin haradan keçdiyi və ya keçəcəyi bilinmir və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, belə bir missiyanın bölgədə olması mümkünsüzdür.
- Sürətlənən ABŞ-Ermənistan yaxınlaşması ilə bağlı diqqətçəkən məqamlardan biri də İranın bu prosesə reaksiyasız qalmasıdır. Sizcə, Amerikanı “Böyük Şeytan” və “İranın düşməni” elan edən molla rejimi niyə susqundur?
- İranın bölgədəki maraqları və maksimal gözləntilərinə bir az fərqli prizmadan baxmaq lazımdır. Birincisi, onun üçün nə qədər çətin olsa da cənub qonşumuz birdəfəlik anlamalıdır ki, şimaldakı qonşusu Azərbaycan müstəqildir və bu əbədidir. İran bununla birdəfəlik barışmalıdır. Görünən budur ki, İran öz siyasətində müstəqil Azərbaycan faktoru ilə barışmaq istəmir.
İkincisi, sərhədlərin və kommunikasiyaların açılması İrana da xeyirdir. İran sanksiyalar altında yaşayır, bu addımlar da onun izolyasiyadan çıxmasına yardım edə bilər. Amma gələcəkdə Ermənistandan keçəcək kommunikasiya xətlərinin təkcə Rusiyanın nəzarətində olması və İrəvanın buna təsir rıçaqlarının olmaması da İranı narahat edir.
Əslində Ermənistandan keçəcək kommunikasiya xətlərinin və ya dəhlizin kimlərin mühafizə etməsi Azərbaycan üçün o qədər də önəmli deyil. Bunun bizim üçün prinsipial əhəmiyyəti yoxdur. Bizim üçün önəmli olan budur ki, yol açılsın. Amma bunun İran üçün prinsipial əhəmiyyəti var. İran bölgədəki sərhəd rejiminin dəyişməsini istəmir. O mənada istəmir ki, əgər həmin yola təkcə Rusiya nəzarət etsə, bu, İran-Ermənistan münasibətlərinə Moskvanın nəzarətini gücləndirəcək. İranın son zamanlardakı açıqlamaları ilə bağlı bu amillərə diqqət yetirmək lazımdır.
Cənub qonşumuzun xisləti, Azərbaycana münasibəti aydındır, bunu dəfələrlə vurğulamışıq. Amma Ermənistanın İranla sərhədlərinin tamamilə Rusiyanın nəzarətinə keçməsi, onun maraqlarına cavab vermir. İki fərqli mövqelərdə duran ölkələrin, o cümlədən, ABŞ və İranın bəzi məsələlərdə fikirlərinin üst-üstə düşməsi həm də bununla əlaqəlidir.