Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, ötən gün Soçidə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş naziri arasında növbəti iki və üçtərəfli danışıqlar baş tutdu. Gözləntilər fərqli olsa da, yekun bəyanat tamam başqa istiqamətdə oldu. Nəticələrin Azərbaycan üçün müsbət tərəfləri hansılardır?
- Soçi görüşü Azərbaycanın növbəti siyasi diplomatik qələbəsi idi. Bunu dərk etmək üçün bir çox məsələləri yada salmaq lazımdır. İndi hadisələrin gedişi Azərbaycanın xeyrinə davam edir. Əgər bu hadisələrin gedişinə hansısa bir dəyişiklik əlavə edilməyibsə, onun inkişaf istiqaməti dəyişməyibsə, bu o deməkdir ki, Azərbaycan uğur qazanmağa davam edir. Bu, tədricən, addım-addım baş verir. Amma əsas odur ki, tarix bizim xeyrimizə işləyir. Bunu anlamaq üçün hadisələrə bir qədər geniş baxmaq lazımdır.
- Xankəndidə Soçi görüşü öncəsi keçirilən mitinq və ortaya atılan bəzi təxribat xarakterli məsələlər bu prosesdə nə dərəcədə təsirli ola bilərdi?
- Xankədidə mitinq keçirməyin heç bir əhəmiyyəti yox idi. Mitinqlə hakimiyyəti devirmək olar. Amma beynəlxalq hadisənin gedişinə hansısa bir mitinqlə təsir etmək mümkün deyil. İrəvanda bir milyonluq mitinq baş tutsa, Nikol Paşinyanı devirə bilərlər. İndiki halda isə İrəvanda 5-10 min adam toplaşa bilmir. Onlar da nəhayət Paşinyanı devirməyə qadir deyil. Çünki Paşinyan mümkün qədər Ermənistanı Rusiyadan qoparmaq istəyir.
- Rusiyanın moderatorluğu ilə baş tutan Soçi görüşü Qərbin vasitəçilik missiyasına necə təsir edəcək?
- Əslində, Vladimir Putin Soçi görüşünü ona görə təşkil etmişdi ki, təşəbbüsü Qərbin əlindən alsın. Görüş baş verdi, danışdılar, görüşdülər. Amma Putin yenə də təşəbbüsü ələ ala bilmədi. Çünki yeni bir şey əldə edilmədi.
- Sizcə niyə konkret bir nəticə əldə olunmadı? Səbəb nə idi?
- Ermənistan tərəfi bildirir ki, Rusiyanın dediyi təkliflərlə razıyam. Sözsüz ki, buna Azərbaycan da razı olmalıdır. Azərbaycan isə razı deyil.
- Azərbaycan nəyə razı deyildi?
- Azərbaycanın Rusiyanın təklifinə razı olmamasının bir neçə səbəbi var. İlk səbəb odur ki, Azərbaycanın pulu var və o, Qərbdən, Rusiyadan asılı deyil. İkinci səbəb Azərbaycanın yanacağı var və bu məsələdə də onun Rusiyadan, Qərbdən asılılığı yoxdur. Üçüncü səbəb isə Azərbaycanın güclü ordusu var və ona görə də, nə Ermənistandan nə də ki, Rusiyadan qorxur. Çünki indi rus ordusunun başı Ukraynadakı məsələlərə qarışıb. Onun əli Azərbaycana çata bilməz. Dördüncü səbəb isə Azərbaycanın arxasında Rəcəb Tayyib Ərdoğan və Türkiyənin durmasıdır. Bütün bu amillər imkan verir ki, Azərbaycan Rusiyaya yox desin.
- Bu necə baş verdi?
- Azərbaycan mədəni şəkildə Rusiyaya yox dedi. Dava salmadan, qalmaqalsız Azərbaycan Rusiyaya dedi ki, “biz nə Qarabağın “status”unu, nə də ki, digər məsələləri müzakirə edəcəyik. Ümumiyyətlə, biz gözləyirik ki, 2025-ci il gəlsin və rus sülhməramlıları buradan getsin. Çünki indiki halda Azərbaycan sülhməramlılara heç bir mandat vermir.
- Soçi görüşünə qədər “Amerika sənədi” gündəmə gətirilmişdi. Bu nədən ibarət idi?
- “Amerika sənədi”ni ABŞ Dövlət Departamenti və yaxud hər hansı bir rəsmi tərəf təqdim etməyib. Bu, əslində bir vərəqdən ibarətdir. O, birdən-birə informasiya aləmində peyda olub. Hamı da onun adını “Amerika sənədi” qoyub. Amma bu sənədin altında heç bir rəsmi imza və qeydiyyat yoxdur. Kim necə verib, haradan gəlib, bu da bilinmir. Bunu internet məkanında ortaya atıb deyiblər ki, “Amerika sənədidir”. Ona görə də, bundan danışmağın da əhəmiyyəti yoxdur.
- Bu sənədi amerikalı konqresmen Frenk Polloninin mövqeyi kimi də qeyd edirlər. Onun mövqeyi hansı məsələlərə əsaslanırdı?
- Əsas odur ki, qatı ermənipərəst konqresmen Frenk Polloni açıqlama verib ki, Qarabağa Azərbaycanın tərkibində “status” vermək lazımdır. Vaxtilə Azərbaycanın Qarabağdan getməli olduğunu, Qarabağın “müstəqilliyini” dəstəkləyən Polloni indi quzu balası kimi deyir ki, Qarabağ Azərbaycana aiddir. Əslində o dedi deyə biz kiməsə status verə bilməzdirk. Çünki status erməni əhalisinin rifahına, mədəni, əqli səviyyəsinin yüksəlməsinə xidmət etmir. Bu, xarici qüvvələrə uzun qulplu çömçə kimi bölgəni bulamaq üçün lazım idi.
- Ümumilikdə Soçi görüşünün siyasi diplomatik mübarizədə yerini necə dəyərləndirmək olar?
- Hesab edirəm ki, sonuncu Soçi görüşü Prezident İlham Əliyevin növbəti siyasi uğurudur. Bu uğur şübhə doğurmamalıdır. Bu uğura şübhə ilə yanaşmaq olmaz. İnsaflı, obyektiv olmaq lazımdır. Soçi görüşündə Azərbaycan istəyinə nail oldu.
- Brüssel və Praqa gündəliyinin mahiyyətinə bu prosesin təsiri olacaqmı?
- Təbii ki, bundan sonra Brüssel və Praqa formatı daha aktıv işləməyə başlayacaq. Çünki burada Azərbaycanın ərazi bütövlüyü əsas prinsip kimi qəbul edilib. Qarabağ erməniləri üçün kimlərsə “status” qoparmağa cəhd edəcək. Amma Prezident İlham Əliyev onlara heç bir “status” verməyəcək.