Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı mühüm tarixi əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Ölkəmiz bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını nümayiş etdirib. Bu mənada 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. 200 milyondan çox insanın yaşadığı bir coğrafiyanı əhatə edən türk dünyası çox böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyinə də diqqət çəkib: “Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə yüksəlib. Azərbaycanın xarici siyasətində əsas prioritet Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Türk dünyası böyük bir ailədir. Burada milli maraqları nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərilməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı istiqamətində ölkələr arasında mühüm perspektivlər mövcuddur. Eyni zamanda təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın fəallaşması qarşıda duran mühüm vəzifələrdən hesab edilir. Sözsüz ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafiyası, sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqları, təhlükəsizliyi də bu gündəmdə olan məsələlərdəndir. Milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı çatıb”.
Millət vəkili hesab edir ki, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilməsi tarixi hadisədir: “Bu türkdilli ölkələrin və xalqların bir mərkəzdə, vahid təşkilatda birləşməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda yetişməkdə olan gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Ona görə də, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları üçün bir çox işlər görülür. Onların azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün addımlar atılır”.
Deputat vurğulayıb ki, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd edir: “İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. Çünki İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Bunun fonunda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edir. Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü kimi Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir. Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaq”.
Eldar Quliyev II Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirdiyini bildirib: “Artıq Qarabağ münaqişəsi tarixdə qaldı. Bu baxımdan da İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açıb. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Ölkəmiz dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Çünki Zəngəzur dəhlizinin açılması bütün region ölkələri faydalı olacaq”.