10 Dekabr 2022 09:16
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İlin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi müzakirə mövzusudur. İrəvandan verilən son açıqlamada mümkün görüş üçün iki şəhərin adı çəkilib: Brüssel və Sankt-Peterburq. Üçüncü ehtimal isə Vaşinqtondur. Sizcə, görüş hansı şəhərdə keçirilə bilər?

- İlin axırına çox az vaxt qalıb, amma Brüsseli istisna edirəm. Çünki Brüsseldəki mümkün görüşə Makron da qatıla bilər. Bu da Azərbaycan üçün arzuolunmazdır. Əgər Avropa Birliyi söz versə ki, Fransa prezidenti görüşə qatılmayacaq, onda bəlkə də bu mümkündür. Bu halda Şarl Mişel Makrona danışmalıdır və izah etməlidir ki, onun görüşə qatılması arzuolunan deyil. Şarl Mişelin bunu edə biləcəkmi? Buna cavab vermək çətindir.

Ümumilikdə isə bizə görüş naminə görüş lazım deyil. Görüşün nəticəyə hesablanmış və hər iki tərəf üçün məqbul bir gündəliyi olmalıdır. Tərəflər belə bir gündəlik əsasında razılaşma əldə edə bilərlər. Əgər həmin gündəlik təqdim edilməsə, görüş kimə və nəyə lazımdır? Ona görə ki, belə görüşlər ancaq bunu təşkil edənlərə mənfəət qazandırır? Bu bizə lazım deyil.

- Bəs Brüssel prosesini tormozlayan Makron öz siyasətində korrektə edəcəkmi?

- Buna inanmıram. Amma Avropa İttifaqının rəhbər şəxsləri – Şarl Mişel, Ursula fon der Leyen və Jozef Borrel Makronu inandıra bilsələr, bu siyasətindən vaz keçirə bilərlər. Bunu etməsələr, dəyişən heç nə olmayacaq. Edəcəklərini də düşünmürəm. Çünki Makronla münasibətlərini kormalamaq istəməzlər. Hər halda istəyirdilərsə, bunu indiyədək edərdilər.

Toivo Klaar region ölkələrində oldu. Amma Klaar o oyunçu deyil ki, Fransanı öz siyasətindən çəkindirə bilsin. Digərlərinin də bunu və ya Fransanın öz siyasətində dəyişiklik edəcəyinə inanmıram.

- Görünən budur ki, deyilənlərin əksinə olaraq, ilin sonunadək sülh müqaviləsini imzalamaq mümkün olmayacaq. Amma Ermənistan bildirir ki, Azərbaycan yeni müqavilənin mətnini İrəvana göndərib və bunun üzərində müzakirələr gələn il də davam edəcək. Nəhayət, yeni ildə bu yöndə irəliləyiş əldə etmək mümkün olacaqmı?

- Belə yanaşmayla çətin. Yəni kimsə Ermənistana təzyiq etməlidir ki, sülh müqaviləsini imzalasın. Bəli, Ermənistan rəsmiləri ara-sıra açıqlamalar verirlər ki, Azərbaycanla sülh sazişi imzalamağa hazırdırlar, amma İrəvanın təqdim etdiyi mətn bizi qane etmir. Çünki bu, konkret yox, ümumi sənəddir. Təcrübə də göstərir ki, Ermənistan həmişə ümumi sənədləri öz xeyrinə yozur. İndiyədək imzalanmış üçtərəfli anlaşmalara da bu münasibəti göstərir, bütün bəndləri öz lehinə yozmağa çalışır.

Ermənistanın qarşısına elə bir sənəd qoymaq lazımdır ki, bunu imzaladıqdan sonra Azərbaycana qarşı əsassız iddialarından vaz keçsin. Düşünürəm ki, Ermənistan hələ belə bir sənədi imzalamağa hazır deyil. Ümumi sənədin imzalanması isə bizə lazım deyil. Ona görə də, Ermənistan bu yanaşmasını davam etdirsə, heç kim ona təzyiq göstərməsə, görünən də budur ki, nə Fransa, nə Rusiya, nə ABŞ, nə də Avropa Birliyi ona təzyiq etmək istəyir, onda müzakirələr yüz il də aparıla bilər. İstəməzdim ki, yüz il getsin, amma gələn ilə dair də nikbin deyiləm.

- Ermənistan iddia edir ki, masada iki mətn var, birini Azərbaycan, digərini Rusiya təqdim edib, Qərb isə öz təklifini verməyib. Prosesin kifayət qədər mürəkkəbləşdiyi bir vaxtda Qərbin öz planının olmaması nə qədər həqiqətə uyğun ola bilər?

- Təbii ki, plan ola bilər. Amma bu planı həyata keçirmək üçün konkret addımların atılması zəruridir. Biz də belə addımların atıldığını görmürük. Yəni danışıqlar gedir, artıq bu da rutin xarakter alır. Vasitəçilər də aktivdir, amma irəliləyiş əldə etmək üçün daha təsiredici addımların atılması lazımdır. Təəssüf ki, indi bunu görmürük.

- Bölgədə durum olduqca mürəkkəb görünür. Maraqları toqquşan güclər Cənubi Qafqazda özlərinə yer etmək istəyirlər və bu yöndə kifayət qədər fəaldırlar. Sizcə, bu fəallıq özündə hansı riskləri, yaxud üstünlükləri daşıyır?

- Görünən budur ki, güc mərkəzləri regiona təsirlərini gücləndirmək üçün mübarizə aparırlar və bu da müxtəlif formalarda təzahür edir. Daha çox Ermənistanı bu mübarizəyə qatırlar. Təbii ki, Ermənistan bu güc mərkəzlərinin əllərində bir alət rolunu oynayır. Ermənistanın da məqsədi budur ki, digərlərinin əllərində alət olmaq şərtilə öz maraqlarını təmin etsin. Bu, illərlər görməyə alışdığımız mənzərədir. Düşünürəm ki, taxın gələcəkdə bu mənzərə dəyişməyəcək. Bunu dəyişmək üçün Ermənistanın siyasi rəhbərliyində müəyyən fikir formalaşmalıdır ki, Türkiyə və Azərbaycanla qarşıdurma vəziyyətində bu maraqlarını təmin edə bilməyəcək.

Ermənistan maraqlarını yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqla təmin edə bilər. Təəssüf ki, indi Ermənistan rəhbərliyi bunu dərk etmir. Buna görə də regionda güc amili üstün olacaq. Digər qüvvələr də bilməlidirlər ki, maraqlarını Ermənistanın əliylə həyata keçirə bilməyəcəklər. Azərbaycan belə planların üstündən xətt çəkə biləcək qədər güclənib. Azərbaycan və Türkiyə arasındakı hərbi yaxınlıq və strateji müttəfiqlik, bundan başqa, ölkəmizin hərbi-iqtisadi gücünün artırılması ona yönəlib ki, xarici oyunçular da bölgədəki yeni reallıqları qəbul etsin və Azərbaycanın maraqlarını təmin etməklə regionda öz siyasətlərini qura bilsinlər.


Müəllif: Mənsur Rəğbətoğlu