Azərbaycanlı aktivistlərin, vətəndaş cəmiyyəti inistitutlarının təmsilçilərinin, qeyri-hökumət təşkilatları nümayəndlərinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyaya hər bir Azərbaycan vətəndaşı kimi öz dəstəyimi ifadə edirəm. Bu haqlı bir tələbdir. Çünki rus sülhməramlıları öz məsuliyyətlərindən kənar işlərlə məşğul olurlar. Həmçinin sülhməramlılar öz nəzarətlərində olan ərazilərdə azərbaycanlı mütəxəssislərin tədqiqat, monitorinq aparmasına imkan yaratmaq əvəzinə buna əngəl törədirlər. Əksinə isə biz görürük ki, sülhməramlılar separatçılarla əlbir olub orada qeyri-qanuni işlərlə məşğuldur. Qanunsuz olaraq Azərbaycan ərazisində olan faydalaı qazıntı və mineral yataqların istismarına şərait yaradırılır. Bütün bunlar isə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bir müddət öncə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi:
"Lakin sülhməramlılar buna imkan yaratmamışdılar. Ona görə də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekoloqlar ərazidə monitorinq aparılmasını tələb edir. Bu məqsədlə bölgədəki vəziyyətlə bağlı birbaşa məsuliyyət daşıyan rus sülhməramlılarından haqlı tələblər edilir”.
Aqil Məmmədov hesab edir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə öz üzərinə mühüm öhdəliklər götürmüş sülhməramlılar bunun heç birini icra etməyib:
“Eynilə Ermənistan hakimiyyəti də götürdüyü öhdəlikləri yerinə yetirməyib. Sülhməramlılar hələ üstəlik yerləşdikləri ərazilərdə bölgənin talanması, eko sistemin məhv edilməsi, təbii sərvətlərin qeyri-qanuni istismarına da yol açan fəaliyyətlərlə bağlı ciddi faktlar mövcuddur. Ermənistanın Azərbaycan ərazilərində ekoloji terror törətməsi ilə bağlı kifayət qədər danılmaz, təkzibolunmaz faktlar mövcuddur. Çünki 30 ilə yaxın Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla bölgədə ekoloji terror törədib. Bu gün də Azərbaycana məxsus ərazilərdə separatçılar sülhməramlıların dəstəyi ilə təbii ehtiyyatların mənimsənilməsi, mineral yataqların qanunsuz istismarı həyata keçirir. Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı monitorinqlərə başlamağa təşəbbüs göstərib. Amma bölgədə təhlükəsizliyə birbaşa cavabdeh olan sülhməramlılar heç cür bu faktların aşkara çıxması ilə bağlı Azərbaycan tərəfinə yardım etmək istəmir”.
Deputat bildirib ki, məhz qeyri-hökumət təşkilatları təmsilçiləri, fəal vətəndaş cəmiyyəti qruplarıın Şuşa-Xankəndi yolunda keçirilən aksiyasının da əsas tələbi budur:
“Aksiya iştirakçılarının tələbi odur ki, həmin mineral yataqlarda monitorinqlər aparılsın. Amma çox təəssüf rus sülhməramlılarının komandanı Aleksandr Volkov azərbaycanlı mütəxəssislərin tələbinə reaksiya verməyib. Belə olan halda aksiyaların bundan sonra da davam etməsi qaçılmaz olacaq. Çünki Azərbaycan tərəfi ona məxsus təbii sərvətlərin talanmasına imkan verməyəcək”.