7 Yanvar 2023 19:45
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hüquq artıq iflasa uğramış bir anlayışa çevrilir. Qarabağın 30 ilə yaxın erməni işğalında saxlanılması, Gürcüstan və Moldovanın, ən nəhayət Ukrayna ərazilərinin işğalından sonra beynəlxalq hüquqdan danışmaq həddindən artıq çətindir. Eyni zamanda beynəlxalq hüququn bu səviyyədə olmasına səbəb, məhz onun “keşiyində” dayanan ölkələrin “siyasətidir”. Çünki onlar beynəlxalq hüququ öz maraqlarını ödəmək, təmin etmək üçün, faktiki olaraq özəlləşdiriblər. Amma çox hiyləgər formada beynəlxalq hüququn aliliyini və ona riayət etmək nöqteyi-nəzərdən dünyaya təqdim edirlər.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O hesab edir ki, artıq onların üzlərinə tutulmuş bütün maskalar yırtılıb:

“Artıq konkret olaraq bu mövqedə dayanan ölkələrin mövqeyi açılır. Bunun da çox sadə bir səbəbi var. Bu, Azərbaycanın yüksəlişi, ölkəmizin beynəlxalq hüququ real şəkildə bu məkana, torpağa, məmləkətə gətirməsidir. Bu da həmin ölkələr tərəfindən heç cür qəbul edilmir. Bu mənada Fransa xüsusilə seçilir. Çünki dünya artıq yeni reallıqla rastlaşıb. Bu şərait isə bəzi ölkələrin “dəyərlər hakimi” kimi çıxış etməsinə şərait yaratmır. Görünən odur ki, onlar yavaş-yavaş iç üzlərini açmağa başlayıblar”.

Deputat deyib ki, onlar ilk əvvəl vasitəçilik missiyasından istifadə edərək bunu etməyə çalışdılar: “Daha sonra hansısa bəyanatlar verməyə başladılar. Bunun ardınca Fransa parlamentinin gücündən istifadəyə cəhd etdilər. Bu cəhdləri də uğursuz olduqda, BMT-nin gücündən yararlanmağa çalışdılar. Burada da niyyətləri baş tutmadıqdan sonra açıq-aşkar ərazi iddialları ilə bağlı çıxış etməyə başlayan Fransa özünün iç üzünü tamamilə açıb. Əslində bu proses getməli idi. Çünki bu öz məntiqi əsasına malikdir. Faktlar bir daha təsdiq edir ki, onlar başqa bir Azərbaycanla üzləşiblər. Azərbaycanın dünyada güc, söz sahibi olması, yeni reallıq yaratmaq imkanı və iqtidarı onları ciddi narahat edir. Bütün bunlar onu göstərir ki, onlar hələ də köhnə Azərbaycanla ünsiyyətə can atırlar. Çünki onlar indiki Azərbaycanı qəbul etmək istəmirlər”.

Səməd Seyidova görə, onlar hazırda dünyanın bu yerində, məkanında belə bir güclü dövlətin olmasını heç cür həzm edə bilmirlər: “Burada xüsusilə Türkiyə ilə birləşən Azərbaycanın türk dünyasına başqa bir təsir göstərməsi faktı ilə barışmaq istəmirlər. Ona görə də, tamamilə ağılasığmaz hərəkətlər etməyə başlayıblar. Faciəvisi isə odur ki, Fransanın yalanlarına bel bağlayan, ondan nəsə uman, gözləyən Ermənistan hələ də dərk edə bilmir ki, bu siyasət onu tamamilə iflasa uğradacaq. Amma bu uğursuz cəhdlərin yeni ildə də davamı gözlənilir. Fransa və onun dairəsində olan İspaniya, Belçika, Hollandiya kimi ölkələr də bu oyunlara qatıla bilərlər. Amma bütün hallarda bu oyunların heç bir perspektivi və sonu yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı