27 Yanvar 2023 09:26
1 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qərbdən Azərbaycan əleyhinə çağırışlar artır, bəzi ölkələrin ən müxtəlif ittihamlarına məruz qalırıq. ABŞ da az qala hər gün açıqlama verir, aşkar şəkildə neytrallığını pozur, Azərbaycanı “fakt” qarşısında qoymağa çalışır. Sizcə, baş verənlər nə ilə əlaqəlidir?

- Təəssüf ki, bütün bu güc mərkəzləri bu hadisələrdə öz ermənipərəstliklərini göstərirlər. Müxtəlif yollardan istifadə edərək, bunu nümayiş etdirirlər. Mahiyyət etibarilə bu belədir. Biz ABŞ-dan, Avropa Birliyindən və Rusiyadan fərqli mövqe gözləyə bilərikmi? Təəssüf ki, bizim cəmiyyətimizdə böyük gözləntilər vardı. Məsələn, deyirdilər ki, Rusiya məsələsi aydındır, bizim əleyhimizə çıxış edir, çünki illərdir erməni lobbisi orada kök salıb, burada onların maraqları var və sair.

Bəs bu, Amerikada belə deyilmi? Amerikada erməni lobbisi bizə qarşı bu qədər təsirli deyilmi? İndi Demokratlar Partiyası ABŞ-da hakimiyyətdədir. Bu partiya Amerikada ermənilərin əsas dayağı sayılır. İllərdir partiyanın daxilində işləyirlər. Təsəvvür edin ki, ABŞ Konqresinin (Senat və Nümayəndələr Palatası) yüzə qədər üzvü erməni maraqlarını müdafiə edir. Bu faktordur. Amerikanın aparıcı siyasətçiləri bu insanlarla sıx təmasda olan insanlardır. Siz onlardan nə gözləyirsiniz? Onlar durub Azərbaycana fərqli münasibət bəsləyəcəklər? Bunu gözləmək əbəsdir.

Fransa Avropa Birliyində fövqəl rola malik olan bir ölkədir. Avropanın ən iri iqtisadiyyatı və siyasi gücü Fransa, Almaniya və İtaliya kimi ölkələrdir. Tutaq ki, İtaliya və Almaniya neytraldırsa, Fransa aşkar formada ermənipərəst mövqedə durub. Yəni oradan nəsə gözləməyə dəyməz.

İndi bəzi fərziyyələr var ki, guya bu, daxili siyasi məsələlərlə əlaqəlidir və ya hakimiyyətə görədir. Bu, belə deyil. 1992-ci ildə hakimiyyətdə Xalq Cəbhəsi idi. Amma ABŞ Konqresində Azərbaycan əleyhinə qətnamə (“902-ci Düzəliş”) həmin dövrdə qəbul olunmuşdu. Halbuki o dönəmdə Ermənistan Azərbaycan ərazilərini işğal edirdi. Amma buna baxmayaraq, ABŞ Konqresi anti-Azərbaycan və ya ermənipərəst qətnamə ilə çıxış etmişdi. Təəssüf ki, bu “ənənə”, ikili standartlar qalır. İndi baş verənlər də bunun təzahürüdür.

- Çağırışların davamı kimi Azərbaycana sanksiyalar tətbiq edilə bilərmi? Bununla bağlı da Fransa və bəzi Qərb dövlətlərindən çağırışlar var.

- Azərbaycana qarşı sanksiyalar tətbiq etsələr, onda öz maraqlarına zidd getmiş olardılar. Bir var, sözdə Azərbaycanı qınamaq, bir də var, əməli addımla Azərbaycanla münasibətlərini məhdudlaşdırmaq. Sanksiya Azərbaycanla münasibətlərin məhdudlaşdırılması anlamına gələcək. Bu o deməkdir ki, Azərbaycanla həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri məhdudlaşdırılır. Belə olsa, onda Avropa Birliyinin bölgədəki rolu da azlacaq. Çünki Azərbaycan regionun ən böyük ölkəsidir. Azərbaycanla münasibətlər məhdudlaşdırılsa, bu, Gürcüstana da təsir edəcək. Çünki bu layihələrin böyük əksəriyyəti Gürcüstanla birlikdə həyata keçirilir.

Belə bir durum Mərkəzi Asiya maraqlarına da təsir edəcək. Çünki Mərkəzi Asiyadan Avropaya gedən əsas kommunikasiyalar Azərbaycandan keçir. Digər yandan, yeni projelərdən, məsələn, Transxəzər qaz layihəsindən danışırlar. Azərbaycanla münasibətlər məhdudlaşdırılsa və ya sanksiyalar tətbiq edilsə, bu layihənin, enerji dəhlizinin aqibəti necə olacaq? Ona görə bu addımı atmırlar, yoxsa çoxdan edərdilər.

Avropa Birliyində Fransadan başqa oyunçular da var, onların da öz maraqları mövcuddur. Həmin oyunçular bu ağlasığmaz təklifin qarşısını alırlar.

- Bəs Avropa Birliyinin Ermənistana göndərəcəyi iki illik müşahidə missiyasından gözləntiniz necədir?

- Bölgədəki proseslərə heç bir təsir göstərməyəcək. Yəni konstruktivlik baxımından heç bir müsbət təsiri olmayacaq. Ötən ilin iki ayı ərzində həmin missiya Ermənistanda fəaliyyət göstərmişdi. Bu iki ayda hansı işi gördü və ya proseslərə hansı təsiri göstərdi? İndi yeni missiyanın göndərilməsi ilə nə dəyişə bilər?

Avropa Birliyi missiya göndərir, amma bundan necə istifadə edəcəyini bilmir. Əgər Azərbaycan bu missiyaya öz ərazisində fəaliyyət göstərməyə icazə verməyibsə, hansı təsiri edə bilər? Belə təsəvvür yaranır ki, bu missiyanın məqsədi regionda vəziyyəti düzəltmək yox, Rusiyanın bölgədəki təsirlərini məhdudlaşdırmaqdır. Bəs bura Azərbaycanı da qatmaq nəyə lazımdır? Başqa fürsət tapmadılar ki, yaranmış vəziyyətdən istifadə etmək istəyirlər?

Rusiyanı sıxışdırmaq istəyirsənsə, bu, sənin problemindir, get, başqa üsullardan istifadə et. Bu həssas məsələdən istifadə etmək nəyə lazımdır? Yeni infrastruktur yaratmaq istəyirlər. Ötən otuz il ərzində belə bir infrastruktur ATƏT-in Minsk qrupunun timsalında vardı. Minsk qrupunun məqsədi vəziyyəti olduğu kimi saxlamaqdan ibarət idi. İndi də məqsədləri belədir, hansısa formada öz maraqlarını qoruyub saxlamağa çalışırlar. Məqsədləri məsələnin həlli deyil. Məsələn, bu missiyanın sərhədin delimitasiya və demarkasiyasına hansı töhfəsi ola bilər? Bəs bu missiya onu da fikirləşmir ki, Ermənistan otuz ildən çoxdur Azərbaycana məxsus anklavları işğalda saxlayır? Bu ərazilərin aqibəti necə olacaq? Missiya bu reallığı necə dəyişdirə bilər?

Biz bu suallara cavab tapa bilmirik. Cavabsız suallar müxtəlif fərziyyələr yaradır ki, bu da işin xeyrinə olmur.

- Belə olan halda gərginlik hansı yolla aradan qaldırıla bilər? Ermənistan xarici işlər naziri Ararat Mirzoyan son açıqlamasında problemlərin ya hərbi güc, ya da danışıqlarla həll ediləcəyini dedi.

- Son otuz ildə baş verənlər göstərdi ki, məsələni danışıqlar yolu ilə həll etmək mümkün deyil. Nəticədə güc yolu ilə həll etməli olduq. İndi Rusiya, ABŞ və Avropa Birliyi rəsmiləri tez-tez deyirlər ki, bu ərazilər Azərbaycana məxsusdur. Hətta Fransa parlamentinin sədri İrəvanda olarkən də, beynəlxalq hüquqa istinadla Qarabağın Azərbaycan ərazisi olduğunu bildirdi. Əgər beynəlxalq hüquq bunu deyirsə, siz də bunu təsdiqləyirsinizsə, demək, bu məsələnin necə həll ediləcəyi də Azərbaycanın hüququdur. Əgər hüququ və imkanı varsa, bunu niyə etməsin? Zatən, ötən illər ərzində geosiyasi vəziyyəti, müxtəlif güc mərkəzlərinin buradakı maraqlarını nəzərə alırdıq, amma məsələ budur ki, bura bizim ərazimizdir. Məsələ budur ki, maraqlarını nəzərə aldıqlarımız bizim maraqlarımızı nəzərə almırlar.

Otuz il ancaq bu sözü təkrarlayırdılar ki, məsələnin hərbi güc yolu ilə həlli yoxdur. Bəs Azərbaycan məsələni hərbi yolla həll etdikdən sonra bizə qarşı nə etdilər, hansı təzyiqi göstərdilər? İndi otuz il ərzində mövcud olmuş durum başqa formada təkrarlanır. Düzdür, biz birmənalı şəkildə güc tətbiq etmək istəmirik. Çünki humanitar məsələlər də var, bölgədə mülki ermənilər yaşayırlar, vardanyankimilər də onların arxasında gizləniblər. Onlar bunun üzərindən manipulyasiya etməyə çalışacaqlar, biz də onların əllərin arqument vermək istəmirik.

Növbəti proseslərdə hərbi-siyasi pressinq daha çox rol oynamalıdır və ya davam etməlidir. Artıq bunun əlamətlərini görürük.


Müəllif: Mənsur Rəğbətoğlu