31 Yanvar 2023 09:25
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran səfirliyimizdə baş verən terror aktına görə hələ də Azərbaycandan üzr istəmir. Üstəgəl, faktlar göz önündə olduğu halda, olayı “məişət zəminində baş vermiş hadisə” kimi cəfəng iddia ilə ört-basdır etməyə çalışır. Molla rejimi nə etməyə çalışır?

- İran həmişə qeyri-səmimi olub, riyakar mövqe sərgiləyib. Ümumiyyətlə, İran diplomatiyası riyakarlıqda çox “usta”dır. Hadisələrlə bağlı Bakının əlində ciddi faktlar var. Olay ərəfəsində səfirlik ətrafında müşahidə edilən müəyyən fəallıqlar lentə alınıb. İddia edirdilər ki, hücum edərkən yanında üç uşağı olub. Bu da özünü doğrultmadı. Hücum edən terror aktını törətməzdən əvvəl səfirliyin xidməti avtomobilinə zərər verib. Bununla diqqəti çəkərək, səfirliyin qapısının açılmasına nail olmaq istəyib.

Nədənsə belində tapança, əlində “Kalaşnikov”la səfirliyin qapısını ağır çəkiclə qırmağa çalışan terrorçu yaxınlıqdakı İran polisi tərəfindən dayandırılmadı. Hətta kamera görüntülərinin analizi göstərir ki, polisə nəsə dedikdən sonra polis oturduğu yerin qapısını örtərək, hadisələrə seyirçi münasibət sərgiləyir. Azərbaycan əlindəki bütün faktlarla İrana müraciət edib. Araşdırmanın şəffaf aparılmasını, aparılan istintaqın təfərrüatlarını təqdim etməsini istəsək də, İran bundan vaz keçib. Üstəgəl, terror aktını “məişət olayı” kimi təqdim edir. Halbuki əksər dövlətlər bunu terror hadisəsi kimi qiymətləndirib. Azərbaycan da bunu terror aktı kimi tanıyaraq, İrandan üzr istəməsini tələb edir. Amma molla rejimi buna da məhəl qoymur.

İranın bu münasibətindən sonra Azərbaycan Tehrandakı səfirliyini tam heyətdə geri çəkdi. Təbrizdəki baş konsulluğumuzun fəaliyyətin davam etdirilməsi şərtilə İrandakı digər bütün diplomatik korpusumuzun fəaliyyətinin dondurulduğunu deyə bilərik. Üstəgəl, Azərbaycanın maraqlarının təmsil edilməsi üçün Türkiyənin İrandakı səfirliyindən də müəyyən xahişlər edilib. Türkiyə səfirliyi bundan sonra Azərbaycanın İrandakı maraqlarını qoruyacaq. İran etdiklərinin cavabını verməli olacaq.

İrandan öz səfirliyini çıxaran təkcə Azərbaycan deyil. Artıq ondan çox dövlət öz səfirliklərini İrandan çıxarmaq üçün qərar verib. Həmin ölkələr öz səfirliklərinin əməkdaşlarının təxliyyəsinin ölkəmiz üzərindən həyata keçirilməsinə kömək etməsi üçün Azərbaycana müraciət ediblər. Kifayət qədər mürəkkəb bir prosesin getdiyini görürük. Molla rejimi isə baş verənlərə adekvat reaksiya verməyi bacarmır. Üstəgəl, nüvə silahı əldə edilməsi yönündəki fəaliyyətlərini artırmaqla öz çöküşünü sürətləndirir.

- Sizin də qeyd etdiyiniz kimi, İrandakı səfirliyimizin fəaliyyəti qeyri-müəyyən vaxtadək tam dayandırıldı. Bəs bundan sonra nə baş verə bilər, sizcə, münasibətlər hansı məcrada gedəcək?

- İran yenə də “heç nə olmayıbmış” kimi bizi “dost-qardaş” adlandırır, amma etdikləri əsl düşmənçilikdir. İranın hərəkətləri yaxın qonşuluq və ortaq dini dəyərlərə sığmır. Üstəgəl, hadisənin mahiyyətini təhrif etməsi və bu barədə Azərbaycana yanlış məlumatlar ötürməsi də, heç bir həddə sığmır.

Beynəlxalq təzyiqlərin artdığı bir vaxtda İranın ölkəmizə qarşı atdığı addımlar ona yaxşı heç nə vəd etmir. Azərbaycan hələ də bu prosesdə öz neytrallığını qoruyur. Hələlik bu prosesdə iştirak etmirik. Zənnimcə, yaxın gələcəkdə ABŞ və İsrail tərəfindən İrana qarşı sərt tədbirlər görüləcək və ya hərbi əməliyyatlara başlanılacaq. Azərbaycanın bu prosesə qoşulacağını düşünmürəm.

- Molla rejiminin ölkəmizə qarşı açıq düşmənçilik müstəvisinə keçən siyasətinə Güney Azərbaycandan adekvat reaksiya gələcəkmi?

- Azərbaycan səfirliyinə hücum hiddətlə qınanılır. Hadisənin baş verdiyi gün Təbrizdəki konsulluğumuzun önünə güneyli soydaşlarımız tərəfindən gül-çiçək dəstələri, çələnglər qoyulub. Həmin gün Təbrizdə keçirilən futzal yarışında həm oyunçular, həm də tamaşaçılar “Yaşa, Azərbaycan” şüarları səsləndiriblər. Güneydə Azərbaycana dəstək aksiyaları da keçirilir. Məsələn, güneylilər Tehranda hücuma məruz qalan səfirliyimizin önünə çələnglər qoyublar. Mitinq keçirməyə cəhd etsələr də, İran rejiminin orqanları buna imkan verməyib.

Bir sözlə, Güney bu və digər formada Azərbaycanla öz həmrəyliyini nümayiş etdirir. Gələcəkdə bu dəstəyin başqa formalarda özünü göstərəcəyinə zərrə qədər də şübhə etmirəm.


Müəllif: Mənsur Rəğbətoğlu