Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Qardaş ölkədə - Türkiyədə baş vermiş şiddətli zəlzələ ilə bağlı bir sıra iddialar dilə gətirilir. Bu iddialardan birinə görə, zəlzələ süni şəkildə ABŞ tərəfindən HAARP projesi çərçivəsində yaradılıb. Sizin bu kimi iddialarla bağlı fikriniz necədir?
- Belə iddialara inanmıram, qeyri-ciddi hesab edirəm. Amma təəssüf ki, həm Türkiyə, həm də Azərbaycanda belə qeyri-ciddi versiyaları ortaya atan kifayət qədər insan var və buna inananlar da tapılır. Türkiyə və Azərbaycan cəmiyyətində belə bir rəy formalaşıb ki, nə olur-olsun, böyük pisliklərin arxasında duran müəyyən dövlətlər var. Deyir, aşıq gördüyünü çalar. Biz də indiyədək bunu görmüşük: indiyədək bizə edilən pisliklərin arxasında ya Rusiya, ya İran, ya Ermənistan, ya da Qərb dövlətləri çıxıb.
Türkiyədə də belədir. ABŞ və bir sıra Avropa dövlətləri son illərdə Türkiyədə siyasi çevrilişlərdən tutmuş iqtisadi sabotajlar, daxili təxribatlar və terror aktlarına qədər hər şeyi ediblər. Bu baxımdan, insanlar bunda da xarici ölkənin barmağının olduğu fikrinə gələ, belə bir axtarışa düşə bilirlər. Amma bu, inandırıcı deyil. Bu, təbii fəlakətdir və Türkiyə seysmik baxımdan ən fəal bölgədə, layların qırılma xəttinin üzərində yerləşən ölkədir. Yəni belə təbii fəlakətlər olur və təəssüf ki, olacaq. Amma digər nəzəriyyətlərə inanmıram.
Belə absurd nəzəriyyələrdən danışmaqdansa, yaranmış vəziyyətdən çıxış yolları axtarılmalıdır, dövlət və vətəndaş olaraq nə edə biləcəyimizə baxmalıyıq. Bu məsələlərin müzakirəsi daha effektli ola bilər. Hidrogen və ya atom bombalarını Yerin dərinliklərində sınaqdan keçiriləndə çox cüzi seysmik hərəkətlilik nəzərə alınır. İndi düşünün ki, bu miqyasda zəlzələ törətmək üçün nə boyda texnologiya və ya bomba lazımdır? Yəni inandırıcı deyil, belə versiyalar isə həmişə olub və olacaq. Məsələn, Amerikada hələ də inanırlar ki, Elvis Presli ölməyib.
- Bir neçə gün əvvəl Güney Azərbaycanda (Xoy) da şiddətli zəlzələ baş verdi. Təbii fəlakətin soydaşlarımıza verdiyi can və mal itkisi böyük olsa da, nə İran rejiminin özü yardım əli uzatdı, nə də Azərbaycan və Türkiyənin köməyini qəbul etdi. Rusiyanın Ermənistan üzərindən yardım göndərməsinə isə heç nə demədi. Molla rejiminin bu davranışını necə izah etmək olar?
- Əvvəla onu deyim ki, İran rejiminin öz ata-baba yurdlarında yaşayan türklərə - soydaşlarımıza münasibəti heç vaxt birmənalı olmayıb, həmişə onlara qarşı ayrı-seçkilik edib. İranın həmişə bununla bağlı dövlət siyasəti olub ki, onlar öz yurdlarında möhkəmlənməsinlər, orada yaşamasınlar. Buna görə də həmişə türklərə qarşı ögey münasibət sərginlənib, bu bir fars siyasətidir. Necə ki, Çin rejimi Uyğurustanda uyğurlara qarşı bu siyasəti tətbiq edir, Güney Azərbaycanda da fars rejimi bunu türklərə qarşı həyata keçirir. Bunu Xoyda baş vermiş zəlzələyə münasibətində də gördük. Ya özü yardım edə bilmir, ya etmir, ya da yardım etmək istəyən dövlətlərə imkan vermir. Bunu ona görə etmir ki, bu halda Türkiyə və Azərbaycanın Güneydə nüfuzu daha da arta bilər. Çünki bu halda öz dövlətlərindən əvvəl Türkiyə və Azərbaycan onların köməyinə çatacaq. Bu səbəbdən də imkan vermir.
Sizin də dediyiniz kimi, Azərbaycan və Türkiyənin yardım əlini geri çevirən İran Rusiyanın Ermənistan üzərindən yardım göndərməsinə icazə verir. Bunu da məqsədyönlü şəkildə edir. Əsas niyyəti də Güneydə Ermənistan və Rusiyaya “müsbət imic” formalaşdırmaqdır. Bu, İran rejiminin nə qədər mürtəce olduğunun, Azərbaycan və Türkiyəyə qarşı hansı formada düşmən mövqeyində dayanmasının bariz göstəricilərindən biridir. Bunun başqa adı yoxdur, yəni düşmənçilik siyasətinin davamıdır.
- İrandan söz düşmüşkən, Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı yeni görüntü yayılıb. Bunun əsasında terrorçu səfirliyə hücum edib qanlı aktı törədərkən İran polisinin olayın baş verdiyi ərazidən uzaqlaşdığı məlum olub. Bu isə terror aktının İran rejimi tərəfindən törədildiyi ehtimalını yüksəldir. Belədirsə, molla rejimi bu terror aktını təşkil etməklə hansı mesajı vermək istəyə bilərdi?
- İlk gündən olay baş verərkən səfirliyin önündəki köşkdə dayanan İran polisinin fəaliyyətsizliyi və müdaxilə etməməsi diqqət çəkmişdi. Təsəvvür edin ki, əli silahlı bir adam gözlərinin önündən keçib binaya daxil olur, amma polis heç nə etmir. Bir neçə dəqiqə sonra isə polis maşınının gəlməsi və heç nə baş vermirmiş kimi ərazidən uzaqlaşması kimi amillər də bu günə qədər deyilənləri təsdiqləyir: İran dövlətinin burada əli var. Bu inkarolunmazdır. Bu aktı törədən insanın (Yasin Hüseynzadə) keçmişi, fəaliyyəti və əlindəki silahın mənşəyi də sübut edir ki, bu, əvvəldən təşkil olunmuş və ya planlaşdırılmış xüsusi əməliyyat olub.
Təbii ki, İran dövləti tərəfindən hazırlanmış bu əməliyyatın bir məqsədi var idi: Azərbaycanı qorxutmaq, onu dizə gətirmək və öz siyasətinə uyğun siyasət aparmağa məcbur etmək. eləcə də gözdağı vermək. Yəni hədə-qorxu gəlmək istədilər. Xatırlayırsınızsa, bir neçə il əvvəl Bakıda Neft Akademiyasında da terror aktı (Fərda Qədirov tərəfindən) törədilmişdi. Həmin olayda da Azərbaycana mesaj vermək istəmişdilər. İndi Tehrandakı səfirliyimizə edilən qanlı hücumla İran eyni mesajı vermək istədi.
Düşünürəm ki, İranın atdığı addım əks effekt verdi, istədiklərini ala bilmədi, tam əks effekt aldı. Yəqin düşünürdülər ki, Azərbaycan bundan sonra geri çəkiləcək, bəyanatlar yumşalacaq, onun İran siyasəti dəyişəcək və xarici siyasətində İran amilinə daha çox yer veriləcək. Amma gördük ki, nə Azərbaycan iqtidarı, nə müxalifəti, nə də xalqı İranın bu şantajına boyun əydi, əksinə, bu məsələ onun üzərinə getdik.
İndi İranın özü geri addım atmağa məcbur olur. İran Azərbaycanda pulla ələ aldığı üç-beş rəy liderini də itirmiş oldu. Əlbəttə, bu casus şəbəkəsinə bulaşmış və boğazına qədər orada batmış insanlar xaric, demək olar ki, könüllü şəkildə İran dövlətini dəstəkləyən kimsə qalmayıb. Düşünürəm ki, bu da İranın ən böyük itkilərindən biridir. Çünki İran burada kifayət qədər möhkəmlənmişdi, din pərdəsi altında bəzi insanlarda özünə bağlılıq və özü haqda “ədalətli dövlət” rəyi yaratmışdı. Yəni bir təsir mexanizmi formalaşdırmışdı. Amma son olaylardan sonra bu insanların əksəriyyətinin gözləri açıldı.
Düşünürəm ki, Azərbaycanın xüsusi xidmət orqanları bundan sonra İranla əlaqəli insanları xüsusi nəzarətə götürməlidir və bu məsələdə daha qətiyyətli, belə desək, amansız olmalıdır.