Prezident İlham Əliyev bildirir ki, Bakı Münxendə keçirilən görüşdə “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” təklifini rəsmi olaraq irəli sürüb.
Bu, “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” mövqeyinin rəsmi şəkildə elan edilməsidir.
Zəngəzur dəhlizi 10 noyabr bəyanatında Azərbaycandan Naxçıvana “maneəsiz keçid”in verilməsi məntiqi ilə əksini tapsa da, Ermənistan razılaşmada “dəhliz” ifadəsinin olmadığına istinad edərək, bundan imtina edir. Və Rusiyadan fərqli olaraq, Qərb Azərbaycandan Naxçıvana gedən yolun “dəhliz” yox, “yol” məntiqi – nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə açılmasından yanadır. Bu məsələ ilk dəfə Brüssel görüşündə gündəmə gələndə Bakı “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” prinsipini irəli sürdü və bu gedişlə hər iki platformada – Qərb və Rusiya masasında proseslərin inkişafına uyğun qazanclı çıxmaq manevri etdi:
- Ermənistan Zəngəzurdan dəhliz vermirsə, o zaman, Azərbaycan Laçın dəhlizinə nəzarət-buraxılış postu qurur;
- Laçından dəhliz keçirsə, 10 noyabr razılaşmasına uyğun Zəngəzurdan da dəhliz verilməlidir;
Bu, həm də beynəlxalq oyunçuların – həm Qərbin, həm də Rusiyanın istəklərini Azərbaycanın maraqlarına uyğunlaşdırmaqdır.
Əliyevin sözlərindən aydın olur ki, Münxen görüşündə kommunikasiyanın hansı prinsiplə açılması müzakirə olunub. İrəvan “yol məntiqi”ni irəli sürüb, Bakı da buna uyğun təklif verib: Zəngəzur dəhlizinin hər iki başında – həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Naxçıvan MR-yə daxil olan hissəsində və Laçın rayonu ilə Ermənistan arasında – Laçın dəhlizinin Gorusa çıxan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradılır;
Bu təklif – hər iki dəhlizin eyni rejimlə işləməsi Rusiyanın bölgədəki maraqlarına uyğun deyil, lakin Moskva buna görə təklifi verən Bakıya qarşı hər-hansı irad belə bildirə bilməz, çünki prosesin bu istiqamətdə inkişafını İrəvan şərtləndirir. Bakının bu təklifi əslində Ermənistandan daha çox, beynəlxalq oyunçulara ünvanlanıb: Qərb Rusiyaya üstün gələrək, “dəhliz məntiqini” gündəmdən çıxararsa, Laçın dəhlizinə nəzarət-buraxılış məntəqəsini quracağıq; Rusiya Qərbin önünü kəsərək, 10 noyabr razılaşmasının icrasını ön plana çıxararsa, Laçından “dəhliz” verən Bakı Ermənistan ərazisindən də “dəhliz” ala biləcək;
İndi Bakının rəsmi şəkildə irəli sürdüyü təklifə İrəvan cavab verməlidir. Ermənistanın cavabı görüşdə verməməsi təsadüfi deyil, çünki bunun Rusiya tərəfindən sərt qarşılanacağını anlayırlar və belə demək mümkünsə, “ümid etdikləri Qərb masasından qazanclı çıxmaq istədikləri yerdə, özlərini daha çətin vəziyyətə salırlar”.
Paşinyanın Ermənistana qayıdandan sonra “Laçın dəhlizi 10 noyabr razılaşmasında əks olunub, Zəngəzur dəhlizi isə razılaşmada yoxdur” izahına istinadən açıqlamalara üstünlük verəcəyi və bununla Qərbin sülh təşəbbüslərini də tormozlayacağı istisna deyil.