Video əlavə olunub:
***
Hər bir dövlətin sərhədini onun hərbçiləri qorumalıdır. Eyni zamanda beynəlxalq normalar çərçivəsində sərhədlərlə bağlı problemlər tam şəkildə həllini tapmalıdır. Azərbaycan da Ermənistanla sərhədlərin məhz bu prinsiplər əsasında həll edilməsini istəyir. Ona görə də iki dövlət arasında yekun sülh müqaviləsi imzalanmalıdır. Məhz bundan sonra konkret sərhəd xəttindən danışmaq olar.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, artıq sərhədləri müəyyən etmək üçün hər iki tərəfdə komissiya faliyyət göstərir:
“Əgər erməni tərəfi sərhədlərin müəyyənləşməsi ilə bağlı praktiki işə başlayacaqsa, bu məsələdə irəliləyişə nail olmaq olar. Beləliklə də, dəqiqləşmiş sərhəd xəttində sərhəd qoşunlarının nümayəndələri dayana bilər. Amma mübahisəli sərhəd məsələsində sözsüz ki, problemlər qalacaq. Şimal qonşumuz Rusiya ilə Azərbaycan arasında sərhəd məsələləri 15 ilə həll edildi. Digər qonşumuz Gürcüstanla bu tip məsələlər hələ də var. Bu da iki qonşu dövlət arasında olan normal bir haldır”.
Polkovnik hesab edir ki, Ermənistanla şərti sərhəddən Azərbaycan Ordusunun ağır texnikasının geri çəkilməsində biz də maraqlıyıq:
“Bununla da sərhəddə Azərbaycan Sərhəd Xidmətinin əsgərləri dayanmalı olacaq. Üçtərəfli bəyanatda da bu məsələ öz əksini tapıb. Amma bunu etmək üçün real addımlar atılmalıdır. Burada erməni tərəfi öz üzərinə düşən məsələni həll etməlidir. Eyni zamanda sərhədlərin haqnsı xəritələr əsasında müəyyənləşməsi məsələsi də aydınlaşmalıdır. Məhz bunun əsasında konkret sərhəd xəttini müəyyənləşdirmək olar”.