Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları bir ünvana yönəlmişdi. Azərbaycan Prezidenti tələb edirdi ki, Nikol Paşinyan Qarabağı Azərbaycan torpağı olduğunu elan etsin. Prezident İlham Əliyevin tələbini Ermənistanın baş naziri ifadə etdi. Burada onun ikinci mesaj ünvanladığı hədəf Rusiya Prezidenti Vladimir Putin idi. Moskva görüşü ərəfəsində Paşinyan Kremlə təxirə salınmış “status”dan danışmaqdan əl çəkməyə çağırıb və bununla sülhə doğru yolun əngəllənməsinə etiraz edib.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Paşinyanın Moskva görüşü ərəfəsində məhz Qarabağın Azərbaycan torpağı olduğunu deməsi və bura anklavları da əlavə etməsi mühüm mesaj idi:
“Görünən odur ki, Ermənistan bu cür yanaşması ilə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu göstərməyə çalışır. Əslində Ermənistan rəhbərliyi Moskva görüşündə “status” məsələsinin yenidən qaldırılmasını, onun gələcəyə saxlanması ilə bağlı yanaşmalardan da imtina etdiyini bəyan edir. Fakt odur ki, bu məsələdə Paşinyan Azərbaycanla həmrəy olduğunu göstərməyə çalışıb”.
Politoloq hesab edir ki, Moskvada Azərbaycan və Ermənistanın sülh məsələsində həmrəy mövqe sərgiləməsi gözlənilir:
“Bu da öz növbəsində sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıracaq. Artıq Azərbaycanla Ermənistan iki tərəf olaraq sülhə hazır olduğunu bəyan edir. Burada indiyə kimi ən böyük maneə Ermənistan rəhbərliyinin və erməni cəmiyyətinin düşüncəsi idi. Onlar düşünürdülər ki, Qarabağa hətta Azərbaycanın tərkibində belə müstəsna bir “status” təmin etmək olar”.
Zərdüşt Əlizadəyə görə, indi ermənilərin bu gözləntisi puç olub:
“Onlar artlq gerçəkliyi etiraf etməyə məcbur olublar. Etiraf ediblər ki, Qarabağ Azərbaycan torpağıdır. Xankəndidəki ermənilərə də açıq şəkildə deyirlər ki, öz gələcəkləri ilə bağlı Bakı ilə birbaşa danışıqlara, diloqa başlasınlar”.