23 İyun 2023 09:05
2 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyir ki, Vaşinqton Qarabağ ermənilərini Bakı ilə üçüncü ölkədə görüş keçirməyə çağırır. Zaxarovadan əvvəl RİA “Novosti” bu iddia ilə çıxış etmişdi. Sizcə, Rusiya niyə tez-tez Qarabağ məsələsində ABŞ-ın adını çəkməyə başlayıb?

- Əslində, Rusiya tərəfindən elan edilən bu mövqe yeni deyil. Hələ ötən ilin oktyabrında “Valday” klubundakı çıxışında Rusiya prezidenti də belə bir açıqlama vermişdi. O bildirmişdi ki, hazırda ortada bir Moskva, bir də Vaşinqton planı var, əgər ermənilər Vaşinqton planı ilə razılaşaraq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edirlərsə, Rusiyanın buna deyəcək sözü yoxdur. Rusiya bu məsələlərdə Qərbə qarşı həqiqətdən daha çox bir psixoloji və təbliğat savaşı aparır. Çünki Rusiya baxır ki, sülh prosesini irəli aparmaqla bağlı Qərbə, xüsusən də ABŞ-a uduzur.

ABŞ son bir ildə israrla hər iki tərəfi birbaşa dialoqa dəvət edir, yaranmış tarixi şəraitdən istifadə edərək, sülhə nail olmaq istiqamətində addım atmağa çağırır, özünün də bu prosesi dəstəkləməyə hazır olduğunu bəyan edir. ABŞ dövlət katibi ötən il xarici işlər nazirlərini bir araya gətirdi, bundan başqa, bu ilin fevralında Münxendə liderlərin görüşündə vasitəçilik etdi. Nəhayət, xarici işlər nazirləri mayın əvvəlində Vaşinqtonda geniş tərkibli heyətlə dörd gün müzakirə apardılar. Yəni Qərb formatında prosesi mümkün qədər irəli aparmağa çalışırlar. Görünən budur ki, Qərb sülh prosesində Rusiyadan daha səmimi və konstruktiv mövqe tutur.

Rusiya da Ermənistan cəmiyyətinə, xüsusən də oradakı revanşist qüvvələrə mesajlar verərək, prosesi əngəlləməyə çalışır. Rusiya maneələr yaratmaq üçün müəyyən təsir və təzyiq rıçaqlarına malik olsa da, tam şəkildə prosesi tormozlaya bilmir. ABŞ və Avropa Birliyinin prosesə təsir imkanlarını azaltmaq üçün müxtəlif variantları nəzərdən keçirir. Bu kimi açıqlamalara da həmin səylərin tərkib hissəsi kimi baxmaq olar.

- Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn həftə Vaşinqtonda görüşəcəklərini açıqladı. Bu görüşdən nə gözləyirsiniz?

- Çox ciddi, kardinal dəyişikliklərin olacağını düşünmürəm. Amma bu görüşün baş tutması irəli atılmış addım sayılacaq. Çünki ABŞ-dan Ermənistana müəyyən mesajlar verilir ki, sülh prosesini çox da uzatmasın. Əgər Rusiyadan yayılan məlumatlar həqiqətdirsə, bu, olduqca ciddi mesaj sayıla bilər. Amma bir məsələ də var ki, Azərbaycan prezidentinin mayın 28-də Laçında separatçı rejimlə bağlı verdiyi açıqlama ABŞ tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan prezidenti demişdi ki, separatçılar təslim olarlarsa, onlara aministiya şamil oluna bilər. Bu na görə də, irəli doğru müəyyən addımların atılacağını düşünürəm.

Ermənistan hələlik prosesi kardinal şəkildə irəli aparmaqla bağlı tərəddüd içindədir, buna hazır deyil. Buna görə də, prosesin tədricən irəli gedəcəyi qənaətindəyəm.

- Laçında sərhəd-buraxılış məntəqəsinin bağlanmasından sonra Ermənistanda Azərbaycan ordusunun Xankəndi və ətrafında əməliyyata başlayacağı ilə bağlı iddia dolaşır. Son olaraq bunu Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini, general Tiran Xaçaturyan dilə gətirib. Bu iddia ilə bağlı siz nə düşünürsünüz?

- Ermənistanın həm şərti sərhəddə, həm də Qarabağ istiqamətində təxribatları davam edir. Bu da son dövrlərdə intensivləşib. Hazırda bölgə üçün təhlükə yaradan əsas amil Ermənistan ordusunun hələ də Qarabağın dağlıq hissəsində qalan qalıqlarıdır. Onlar Qarabağ ərazilərimizdə təxribatlara əl atırlar, vəziyyəti gərginləşdirirlər. Azərbaycanın Rusiya və Ermənistandan əsas tələbi bu hərbi birləşmələrin ərazilərimizdən çıxarılması ilə bağlıdır. Əgər Rusiya və Ermənistan 10 noyabr sənədinin 4-cü bəndini pozaraq həmin birləşmələri ərazimizdən çıxarmayacaqlarsa, onda Azərbaycanın legitim hüququdur ki, terrorçu dəstələr statusunda olan bu qeyri-qanuni birləşmələrə qarşı antiterror əməliyyatları keçirsin, onların ya ərazilərimizdən çıxarılmasını, ya da zərərsizləşdirilməsini təmin etsin.

- Belarus Prezidenti Aleksandr Lukaşenko isə iddia edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı tələb və iradları əsaslıdır. Maraqlıdır, indiyədək Ermənistan-Azərbaycan məsələsində obyektiv mövqe tutan Belarus lideri niyə mövqeyini İrəvandan yana dəyişir?

- Lukaşenkonun fikirlərini çox da ciddiyə almıram, çünki onun özü də müstəqil dövlətin prezidenti deyil. Baxmayaraq ki, Azərbaycana qarşı münasibəti həmişə normal olub, amma Lukaşenko Rusiyanın vassalı rolunda çıxış edir. Səsləndirdiyi fikirlərin əksəriyyəti də Rusiyadan gələn tezislərin əsasında olur. Belə bəyanatlar verməklə Ermənistanın könlünü almağa çalışırlar. Çünki Ermənistanın KTMT-dən çıxması onsuz da bir işə yaramayan və Rusiyanın əlində bir alət olan bu təşkilatın gələcəyini sual altında qoyacaq. O baxımdan, bunu könül almaq kimi də dəyərləndirmək olar. Lukaşenkonun açıqlamasını da buna görə təəccüblənmirəm.

Onu da nəzərə almaq lazımdır ki, Lukaşenko Belarusu ciddi şəkildə Rusiyadan asılı vəziyyətə salıb. Belə açıqlamalar verməsi də təsadüfi deyil.

- Son gəlişmələr fonunda xarici işlər naziri Ceyhun Bayramovun britaniyalı həmkarı Ceyms Kleverli ilə görüşü də diqqət çəkdi. Görüşdə bölgədə sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi vurğulandı. Britaniyanın bölgəmizdəki proseslərdə oynadığı rolla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanla Britaniya arasında 30 ildən artıq bir dövrü əhatə edən ciddi əməkdaşlıq və tərəfdaşlıq münasibətləri var. Britaniya Qərb dövlətləri arasında Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Aramızda enerji sahəsində böyük layihələrimiz var. Azərbaycanın müstəqilliyindən bəri olduqca konstruktiv münasibətlərimiz formalaşıb. Xüsusən də Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu yöndə sahib olduğu strateji tərəfdaş statusu ölkəmizin önəmini artırır. Avropanın təhlükəsizliyində, o cümlədən enerji təhlükəsizliyində maraqlı olan Britaniya da Azərbaycanla münasibətlərə önəm verir.

Britaniya ilə Azərbaycan arasında təkcə enerji yox, müxtəlif sahələrdə münasibətlər inkişaf edir. Təhlükəsizlik məsələsinə gəlincə, bu, uzunmüddətli dövrü əhatə edən məsələdir. Britaniya həmişə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bunu 90-cı illərdən bəri görməkdəyik. 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə hazırlanmış qətnamənin qəbuluna da Britaniya mane olub. Veto qoyaraq bunu dayandırdı. Bu, Azərbaycanda yüksək qiymətləndirilir.

Düşünürəm ki, münasibətlər bundan sonra da inkişaf edəcək. Çünki Britaniyanın həm Xəzər regionu, həm də Orta Asiya ilə bağlı ciddi planları var. İngiltərənin Xəzər, Orta Asiya və Cənubi Qafqazdakı maraqları ilə Azərbaycanın maraqları üst-üstə düşür. Azərbaycan kimi İngiltərə də Orta Dəhliz, xüsusən də Pekini Londona bağlayacaq “Bir Yol, Bir Kəmər” projelərdə maraqlıdır. Azərbaycan da Orta Dəhlizin əsas faktorudur. Azərbaycan bu baxımdan da diqqət çəkir. Buna görə də, ikitərəfli münasibətlər daha da inkişaf edəcək.

Son zamanlarda yaşıl enerji sahəsində də Azərbaycanla Britaniya arasında ciddi əməkdaşlıq formalaşıb. BP azad edilmiş ərazilərdə, xüsusən də Cəbrayılda yaşıl enerji ilə bağlı iri layihə həyata keçirəcək. Təhlükəsizlik sahəsində də müzakirə olunacaq xeyli məsələlər var. Britaniya və Azərbaycan arasında hərbi sahədə də əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcəksə, bu, hər iki tərəfin xeyrinə olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər