Azərbaycana qarşı istənilən təxribatı Ordumuz dərhal dəf etməlidir və bunu da edir. Ölkə ərazisində istənilən terrorçunu məhv etmək haqqına sahibik. Bununla bağlı hər hansı bir tərəddüd olmamalıdır. İmzalanmış bütün razılaşmalarda da açıq şəkildə qeyd edilib ki, Azərbaycan ərazisində mövcud olan qanunsuz silahlı birləşmələr buranı tərk etməlidir.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, bu gün Azərbaycan ərazisində hər hansı bir qanunsuz silahlı qüvvənin mövcudluğu mümkün ola bilməz:
“Azərbaycan Silahlı Qüvvələri bu qanunsuz silahlılara, terrorçulara qarşı vaxt itirmədən antiterror əməliyyatı keçirməlidir”.
Partiya sədrinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü və digər məsələlər terrorçuların məhv edilməməsinə heç bir bəhanə ola bilməz:
“Danışıqların Vaşinqtonda, Brüsseldə və digər başqa bir yerdə olması məsələnin mahiyyətini dəyişmir. Çünki təxribat baş verir və buna da adekvat reaksiya veriləcək. Təxribatın hansı halda baş verdiyindən asılı olmayaraq ona zərbə vurulacaq”.
Qeyd edək ki, iyunun 27-də qanunsuz erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - "Qisas" əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edib.