Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni hərbi birləşmələri növbəti təxribata əl atıb. Bu, əslində hər an hərbi toqquşmanın olması üçün qaçılmaz bir haldır. Çünki heç bir ölkə ərazisində özünü “dövlət” adlandıran separatçı, terrorçu qurumun olmasını qəbul edə bilməz. Təxribatların baş verməsi də məhz bu reallıqdan qaynaqlanır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, bütün bunlara birdəfəlik son qoymaq üçün Ermənistana məxsus silahlı qüvvələr və separatçı rejimin tör-töküntüləri ərazidən dərhal çıxarılmalıdır:
“Burada terrorçulara yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı da konkret addım atılmalıdır. Bu qüvvələrin Azərbaycan ərazisində olduğu müddətdə burada sabitlikdən söhbət gedə bilməz”.
Millət vəkilinə görə, bu qüvvələrin sülh və ya danışıqlar yolu ilə bölgədən çıxarılması mümkün olmayacaq:
“Həmçinin Rusiya ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların müsbət nəticə verməsinə imkan yaratmayacaq. Moskva hər vəchlə bunun qarşısını alacaq. Çünki bölgədə münaqişə ocağının olması Rusiya üçün lazımdır”.
Elman Məmmədov bildirib ki, hazırda Xocalıda olan aeroportdan rus sülhməramlıları ermənilərin Qarabağa və Ermənistana daşınmasını təmin edir:
“Eyni zamanda rus sülhməramlıları öz hərbi imkanları ilə separatçıllara maksimum dəstək verir. Fakt odur ki, bu gün Rusiya separatçıların mövcudluğu üçün hər şeyi edir. Avropanın da yanaşması bu məsələdə konkret nəticə əldə etməyə imkan vermir. Onlar da sadəcə olaraq Ermənistana vaxt qazandırmaqla məşğuldur”.
Deputat hesab edir ki, Azərbaycan bütün bunları nəzərə alıb güc yolu ilə öz ərazilərini separatçı və terrorçulardan təmizləməlidir:
“Kimlərsə buna qarşı çıxacaqsa onlara da cavab verilməlidir. Bu olmasa Qarabağda növbəti müharibənin başlanması qaçılmaz olacaq”.