Azərbaycanın Qarabağla bağlı məqsədləri bəllidir. Ölkəmizin bu məsələdə hara qədər gedəcəyi, hədəfi də aydındır. Artıq bir müddət sonra Laçın sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərdən Azərbaycan pasportu tələb olunacaq. Bu, Azərbaycanın addım-addım gördüyü işlər sırasındadır.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, Qarabağda qalmaqda olan qanunsuz silahlılara qarşı Azərbaycanın antiterror əməliyyatlarına başlamasının sadəcə olaraq vaxtı var:
“Azərbaycan gözləyir ki, ermənilər dinc yolla silahı yerə qoysunlar. Amma bu olmadığı tərzdə Azərbaycanın yanaşması sonsuz olmayacaq. Sözsüz ki, Rusiya buna qarşı çıxacağını desə də, onun bu planı alınmayacaq. Ukrayna müharibəsi fonunda hərbi güc və potensialının zəiflədiyi şəraitdə Rusiya bunu edə bilməyəcək. Çünki Rusiya indiki şəraitdə Azərbaycanla münasibətlərdən də asılıdır. Blokada şəraitində Azərbaycan Rusiyaya bu prosesdən çıxmağa mümkün qədər kömək edir”.
Politoloq hesab edir ki, Rusiya sadəcə olaraq Azərbaycanı antiterror əməliyyatlarından çəkindirməyə çalışır:
“Amma sözsüz ki, Azərbaycan antiterror əməliyyatlarına başlamaq istəsə, bunu edəcək. Rusiya təbii olaraq buna dəstək vermiş olsa, Azərbaycan bunu daha sürətlə edəcək. Sadəcə olaraq burada ağılabatan dərəcədə gözləmə müddəti var. II Qarabağ müharibəsinə də Azərbaycan bəlli bir müddət gözlədikdən sonra başladı. Burada isə yanaşmalar sonsuz olmayacaq”.
Fərhad Mehdiyevə görə, Rusiya-Azərbaycan münasibətləri çox da gərgin olaraq qalmayacaq:
“Zaman-zaman bu cür gərginlik olub və daha sonra münasibətlərdə yumşalmalar olub. İndiki halda da bu tendensiya izlənəcək”.