24 İyul 2023 19:50
5 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur bəy, Prezident İlham Əliyev bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında erməni tərəfinin ərazi iddialarından imtina edəcəyi təqdirdə sülhün mümkünlüyündən bəhs edib. Sizcə, indiki situasiyada, yəni Ermənistan baş nazirinin Qarabağın Azərbaycanın ərazisi kimi açıqlaması fonunda sülh nə dərəcədə real görünür?

- Burada paradoks ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Bu, olduqca vacib bir bəyanatdır. Hətta Paşinyan sülh sazişinə imza atmasa belə onun bu bəyanatı tarixə düşüb. İllər keçdikcə Azərbaycan tərəfi əlində bu şüarı saxlayaraq bildirəcək ki, baş nazir Nikol Paşinyan vaxtilə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Ona görə də, hazırda Azərbaycanla Ermənistan arasındakı danışıqlarda erməni tərəfi reallığı görməyə başlayır. Artıq onlar dərk edirlər ki, Qarabağın müstəqilliyi, heç muxtariyyət alması belə müzakirə predmeti deyil. Ötən gün Serj Sərkisyanın Rusiya, ABŞ, Fransa prezidentlərinə müraciəti də reallığı dərk etməsinin göstəricisi hesab edilir. Görünən odur ki, onun və Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı” Ermənistanı uçuruma gətirib çıxarıb. Bu baxımdan da Qarabağ erməniləri öz gələcəklərini müəyyən etməlidir.

- Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı gözləntilər nədən ibarətdir? Vaşinqtondakı danışıqların ardınca Moskvada diplomatların hansı məsələləri müzakirə edəcəyi gözlənilir?

- Hər iki ölkənin xarici işlər nazirləri arasında Moskvada baş tutacaq görüş olduqca önəmlidir. Sözsüz ki, burada yekun nəticə əldə edilməyəcək. Reallıq odur ki, Cənubi Qafqazda ABŞ və Rusiya arasında ciddi toqquşma var. Tərəflərin bir-birinə qısqanclığı da açıq şəkildə görünür. Qarabağın dağlıq hissəsindəki çağırışlar məhz Rusiyadan asılıdır. Separatizmin gələcəyi bu formatdakı görüşdən və dialoqdan asılı olacaq. Hətta bu məsələdə Ermənistanın Rusiyanın yanında olacağı, yaxud tək halda suveren şəkildə davranacağı ilə bağlı proqnoz vermək olmur. Eyni zamanda onun bundan öncə Qərb formatında əldə etdiyi danışqlara sadiqliyik nümayiş etdirəcəyi də müəmmalıdır. Sözsüz ki, biz bu yanaşmaları həmin görüşdə görəcəyik.

- Regionun gələcəyi ilə bağlı proqnozlar nədən ibarətdir?

- Azərbaycan Qarabağda yaşayan ermənilərə mövcud qanunvericilik şəraitində imkanlar yaradacaq. Burada Azərbaycan dövlətinin başlıca şərti ölkə vətəndaşlığının qəbul edilməsi ilə bağlıdır. Ermənistana aid qanunsuz hərbi birləşmələr bölgəni tərk etdikdən sonra proseslər ardıcıllıqla icra ediləcək. Regionun gələcəyi bundan ibarətdir. Gözlənilən odur ki, erməni tərəfi növbəti dəfə vaxt uzatmağa çalışacaq. Sözsüz ki, burada proseslərin tezləşməsi ABŞ, Rusiya, Ukrayna və Avropa İttifaqının prezidentliyinə gələn il baş tutacaq seçkilərdən çox asılıdır. Ona görə də, bu il məsələnin həlli daha vacibdir.

- Xankəndidə separatçıların aksiyası fonunda Şuşada keçirilən Qlobal Media Forumunda verilən mesajın mahiyyətini necə şərh etmək olar?

- Şuşa artıq beynəlxalq tədbirlərin təşkil edildiyi bir məkana çevrilib. Bu dəfə media təmsilçilərinin və müxtəlif qonaqların iştirakı ilə burada mötəbər tədbir baş tutdu. Tədbirdə iştirak edən xarici qonaqlar Şuşa ətrafında, Laçın yolunda baş verənləri görmüş oldular. Bir daha əmin oldular ki, əslində yerdə vəziyyət deyilənlərdən fərqlidir. Azərbaycan Prezidentinin məhz bu forumda verdiyi mesajlar xüsusi ilə diqqəti cəlb edir. Ölkə başçısı bir daha qeyd etdi ki, Azərbaycan son iki ildə Ermənistanı danışıqlar masasında oturmağa vadar edib. Eyni zamanda bu günlərdə separatçıların başçısı Araik Arutyunyanın beynəlxalq ictimaiyyətə verdiyi bir həftəlik müddət başa çatıb. Amma bütün bunlara baxmayaraq Arutyunyan Azərbaycanın tələblərinin icra olunmayacağı təqdirdə onu necə həbs ediləcəyini çox gözəl bilir. Reallıq odur ki, Xankəndidə vəziyyət qarışan kimi Arutyunyan və Ruben Vardanyan bölgəni tərk edib Rusiyaya qaçacaqlar.

- Beləliklə Vardanyan layihəsinin artıq başa çatdığını söyləmək olarmı?

- Ruben Vardanyanın bura gəlməkdə məqsədi tamam başqa idi. O, ciddi şəkildə Ermənistan baş naziri Nikol Paşinyana qarşı addımlar atır. Hətta Anna Akopyanın da əleyhinə təhqiramiz ifadələr işlədir. Burada məqsəd hər kəs bəllidir. Çünki Vardanyan Ermənistanın Bidzina İvanişvilisi olmaq istəyir. Bununla da o, Ermənistanda hakimiyyəti öz maddi imkanları və populist fikirləri hesabına əl almağa çalışır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər