Özbəkistan prezidenti Şavkat Mirziyoyevin avqustun 22-23-də Azərbaycana səfəri iki ölkə arasında qarşıdakı illər üçün geniş spektorda səmərəli əməkdaşlığı bir qədər də gücləndirdi. Bu səfər bir sıra önəmli məsələlərlə diqqəti çəkir. İlk növbədə qeyd etmək lazımdır ki, cənab Mirziyoyev ötən ay keçirilən növbədənkənar seçkilərdə prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etdi. Bu çox mühüm bir hadisədir və iki ölkə arasında mövcud qardaşlıq, dostluq münasibətlərinin bariz nümunəsidir. Digər tərəfdən bu görüşlər fikir mübadiləsi aparmaq, birgə tapşırıqların icrasına nəzarət etmək və əməkdaşlığa dair ümumi öhdəliklərini gücləndirmək üçün platforma rolunu oynayır.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə birgə mətbuat konfransı zamanı qeyd etdiyi kimi, artıq əldə edilmiş nəticələr hər iki ölkənin düzgün yolda olduğunu göstərir: “İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə-beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik”. Azərbaycan və Özbəkistan arasında diplomatik əməkdaşlığın konkret nəticələri onların ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqliyinə əyani sübutdur. Belə ki, səfər zamanı bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb. Qeyd etmək lazımdır ki, bunların sırasında xüsusi mühüm əhəmiyyət daşıyan “Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Saziş”dir. Bu saziş iki ölkə arasında hökumət səviyyəsində münasibətləri yeni və daha yüksək səviyyəyə çatdırmaq üçün nəzərdə tutulur. İki dost dövlətin iqtisadi əlaqələri təkcə ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə genişləndirməklə deyil, həm də neft-kimya, qaz, mədənçıxarma və nəqliyyat sektorlarında birgə layihələrin həyata keçirilməsi üçün investisiya komponentini gücləndirmək niyyətindədir. Bakı və Daşkənd Türk Dövlətləri Təşkilatının inteqrasiya təşəbbüslərində çox yaxından iştirak edir. Regional nəqliyyat, tranzit və logistika layihələrində əməkdaşlıq mövcuddur. Eyni zamanda ikitərəfli və çoxtərəfli ticarət əlaəqlqəri fəal şəkildə artır. Xüsusilə, Xəzər dənizinə birbaşa çıxışı olmayan Özbəkistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Orta Dəhlizin digər marşrutlarının iştirakçısı olan ölkələrinin aktiv yükdaşıyıcısı və tərəfdaşıdır. Bu gün hər iki ölkənin tranziti genişləndirmək və Transxəzər dəhlizi boyunca yükdaşımaların həcmini artırmaqla bağlı mövqeləri tam üst-üstə düşür. Son vaxtlar mülki aviasiya sahəsində əməkdaşlıq çox fəal şəkildə inkişaf etdirilir. İki ölkənin aviaşirkətləri həftədə 15 uçuş həyata keçirir. Bu baxımdan Bakı forumunun yekunlarına əsasən, hava hərəkətinin intensivliyinin artırılması ilə bağlı razılıq əldə olunub”.
Komitə sədri Azərbaycanla Özbəkistan arasında son iki ildə işgüzar əməkdaşlığın daha bir mühüm rolunu avtomobil sənayesi, kənd təsərrüfatı sektoru və yüngül sənaye sahələrində birgə istehsal layihələrinin həyata keçirilməsi ilə bağlı olduğunu söyləyib: “O cümlədən, artıq iki ildir ki, Hacıqabul sənaye məhəlləsində “Chevrolet” markalı avtomobillərin yığılması üçün Azərbaycan-Özbəkistan birgə müəssisəsi fəaliyyət göstərir. İkinci mərhələ çərçivəsində Azərbaycan-Özbəkistan layihəsinin modellərinin çeşidi və istehsalın lokallaşdırılması səviyyəsi daha da genişlənəcək. Bununla əlaqədar cari ilin may ayında dizaynlı yeni zavodun təməlqoyma mərasimi keçiriləcək. Hacıqabulda ildə 30000 avtomobil tutumu həyata keçirilmişdir. Azərbaycanın “Azərmaş” və Özbəkistanın “UzAvtoSanoat” SC-nin yaratdığı birgə müəssisədə “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” kimi Chevrolet brendlərinin istehsalına başlanılması planlaşdırılır. Gələcəkdə Azərbaycan-Özbəkistan birgə müəssisəsinin məhsullarının Türkiyəyə, Mərkəzi Asiya, MDB ölkələrinə, digər yaxın xarici ölkələrin bazarlarına çıxarılması planlaşdırılır. Ən böyük regional pambıq təmizləyici avadanlıq istehsalçısı Özbəkistanın PAHTAMAŞ şirkətinin dəstəyi ilə Azərbaycanda pambığın ilkin emalı zavodunun tikintisi nəzərdə tutulur. Bütün bunlar Özbəkistanla əməkdaşlığın çoxşaxəli və iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyini göstərir. Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu da iki ölkə arasında sürətlə iqtisadi inteqrasiyanın həyata keçirildiyinin əyani təzahürüdür”.
Millət vəkili Azərbaycan-Özbəkistan əməkdaşlığının regional sabitliyə və qlobal tərəfdaşlığa töhfə verdiyini bildirib: “İki dövlətin birgə səyləri Mərkəzi Asiya regionunda qarşılıqlı etimadın gücləndirilməsində və əlaqənin təşviqində mühüm rol oynayır. Hər iki ölkə Türk Dövlətlərinin Təşkilatı, eyni zamanda, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində çoxtərəfli əlaqələrin inkişafına sadiqliyini nümayiş etdirir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər inkişaf etdikcə gələcək əməkdaşlığın perspektivləri ümidvericidir. Prezidentlər Əliyev və Mirziyoyevin diplomatik müzakirələrin və təşəbbüslərin aparılmasında nümayiş etdirdiyi liderlik, qətiyyət daha dərin əməkdaşlığın təməl daşı olacaqdır. Hər iki liderin həyata keçirdiyi şəxsi diplomatiya onların ikitərəfli münasibətlərinin istiqamətinin formalaşmasında həlledici amil olaraq qalır”.
Deputat Özbəkistan prezidenti Mirziyoyevin Azərbaycana səfəri zamanı Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışının tarixi hadisə olduğunu qeyd edib: “Ölkə başçısı İlham Əliyevin bildirdiyi kimi, "Bu, Qarabağın bərpasında xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk”. Özbəkistanın dövlət başçısı Şövkət Mirziyayev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra işğaldan azad olunmuş Füzuli və Şuşanı ziyarət edən ikinci xarici ölkə prezidentidir. Bu, çox böyük addımdır. Hər ki dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin yanında dayanaraq ölkəmizin qələbəsindən sevindiklərini və hər zaman ölkəmizin yanında olduqlarını bir daha nümayiş etdilər”.
Hicran Hüseynova hesab edir ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında keçirilən görüşlər Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələrin davamlı və dinamik inkişaf etdiyini sübut etdi: “Açıq dialoq və ortaq baxış, dəyərlər, mədəniyyət sayəsində bu liderlər təkcə öz ölkələrinin strateji tərəfdaşlığını möhkəmləndirməyib, həm də sənayedən tutmuş mədəniyyətə qədər müxtəlif sektorlarda əhəmiyyətli nəticələr əldə ediblər. Onların diplomatik səyləri regional sabitlik, iqtisadi artım və qlobal əməkdaşlıq vəd edir”.