Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Ermənistanın baş nazirinin Cənubi Qafqazdan Rusiyanın gedəcəyi ilə bağlı bəyanatına qarşı tərəfin reaksiyası çox sərt oldu. Sizcə, Nikol Paşinyanın bu qənaəti nədən qaynaqlanıb?
- Ermənistan hakimiyyəti Rusiyadan incikdir. Çünki ermənilər ümid edirdilər ki, I Qarabağ müharibəsində olduğu kimi II Qarabağ müharibəsində də Rusiya onların yanında olacaq. Düşünürdülər ki, Rusiya döyüş başlasa, onlara kömək edəcək, əsgər göndərəcək və Azərbaycana zərbə vuracaq. Amma onların gözləntilərinin heç bir olmadı. Ona görə də, erməni tərəfi Rusiyadan öz incikliyini bu və ya digər şəkildə ifadə edir.
- Erməni tərəfinin bu incikliyinə Rusiyanın reaksiyası necədir?
- Bu, Rusiya üçün əhəmiyyətsizdir. Rusiya belə şeyləri ciddi qəbul etmir. Fakt odur ki, nökər ağadan küsüb. Ağanın isə heç vecinə də deyil. Çünki nökərin pulu ağadan gəlir. O, istəsə çıxıb gedə bilər, qalmaq da onun seçimidir. Yemək, yaşamaq istəyirsə, ağanın yanında qalacaq, incik də olsa ağasına qulluq edəcək.
- Sizcə, Paşinyanın “bir gün gözümüzü açacağıq ki, Rusiya yoxdur” yanaşması hansı məntiqə əsaslanır?
- Əslində bu çox mənasız, səfeh sözdür. Çünki coğrafiya, tarix, dövlət qanunları baxımından Rusiya bu bölgədə var. İstədik-istəmədik Rusiya bu bölgədədir. O, böyük dövlətdir. Bir faktı da Rusiya tərəfi Paşinyana xatırlatdı ki, bu gün Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur.
- Tərəflər arasında bir-birini bu və ya digər məsələlərdə ittiham etmək, söz atışması necə yekunlaşacaq?
- Bu cür məsələlərin prosesə bir qara qəpiklik təsiri yoxdur. Çünki Rusiya hərbi bazası Ermənistandadır. Eyni zamanda Qarabağda iki minə yaxın rus hərbçisi var. Ona görə də, ermənilərin ipi Rusiyanın əlindədir. Sadəcə olaraq Paşinyan öz xalqına göstərməyə çalışır ki, guya o, Rusiyadan qopmaq istəyir. Amma bu mümkün deyil. Az müddət sonra elə Paşinyanın özü quzu balası kimi Moskvaya, Putinin hüzuruna gedəcək.
- Ermənistanın hansı halda Rusiyanın asılılığından xilası mümkün görünür?
- Bu ölkənin Moskvanın təsirindən xilası üçün yeganə yol Azərbaycanla barışıqdan keçir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayıb özünün müstəqil siyasət xəttinə keçə bilər. Bununla Rusiyanın təsirindən çıxması mümkündür.
- Bu halda Rusiyanın bölgədən çıxacağına kim təminat verə bilər?
- Rusiya heç bir halda Cənubi Qafqazdan çıxmayacaq. Amma proseslərə indiki qədər təsir etmək imkanları zəifləyəcək.
- Ermənistanda müzakirələrə və tənqidlərə səbəb Vladimir Putinin həbsini nəzərdə tutan Roma Statutu parlamentə təqdim edilib. Hələ 2022-ci ilin sonunda hökumət məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlamışdı. Sizcə, bu fakt iki ölkə arasındakı gərginliyə necə təsir edəcək?
- Bu, əslində gücsüzlüyün göstəricisidir. Ermənistan tərəfi bununla Rusiya tərəfində qıcıq yaratmağa çalışır. Bu, sadəcə Paşinyanın işləridir. O, ölkədə Qərbə meyilli olan şəxslərə göstərmək istəyir ki, Putinin həbsini nəzərdə tutan məsələni parlamentə təqdim edib. Bu əslində rəmzi xarakterli bir işdir. Putin Roma Statutu qəbul etməmiş Türkiyəyə, Cənubi Afrikaya belə getmədi.
- Rusiya-Ermənistan gərginliyi Azərbaycanla bağlı proseslərə necə təsir edəcək?
- Azərbaycan bu prosesdə öz maraqları üçün yararlanır. Vaxtilə Ermənistan Azərbaycan rəhbərliyinin Rusiyaya yönəlik yanlış siyasətindən bəhrələnirdi. İndi proseslər tərsinə gedir. Sözsüz ki, bu, siyasi bir prosesdir. Çünki siyasət ancaq maraqlar müstəvisi üzərində qurulur.