“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "prezident seçkiləri"ndən narahatıq. Bu "seçkilər" Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir”.
Teleqraf.com xəbər verir ki, bunları Bolqarıstan Milli Assambleyanın sədri Rosen Jelyazkov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O qeyd edib ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır. Spiker bildirib ki, Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsə də bu regionlarda bənzər hadisələr baş verib. Hazırda mövcud olan vəziyyət sadəcə bəyanatların səsləndirilməsini deyil, uzunmüddətli sülhü təmin edəcək sazişin imzalanmasını tələb edir.
Davranışlar səsləndirilən bəyanatlara uyğun olmalıdır. O, ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini vurğulayaraq, ümid etdiyini bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.