16 Dekabr 2023 21:45
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərar mühüm tarixi əhəmiyyət kəsb edir. Sözsüz ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti siyasi-diplomatik uğuru hesab olunur. Bu eyni zamanda dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmətinin bariz nümunəsidir. Ölkəmiz məhz bu cür yüksək dəyərlərə layiqdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olub.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

“Bu bir reallıqdır ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bunu ölkəmiz həyata keçirilən siyasətlə qazanıb. Çünki ölkəmizin müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda dövlətimizin öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən ona olan hörməti daha da artırıb” – deyə o qeyd edib.

Deputat hesab edir ki, bu qərarın antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunması mühüm önəm kəsb edir: “Beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmiş olur. Təbii ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olan qərardır. Yəni, burada yekdil mövqe bir daha özünü göstərib. Çünki antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürdü. Sözsüz ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yox idi. Fakt o idi ki, Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini bir daha təmin edib. Ölkəmiz həmçinin bütün humanitar normalara riayət edərək öz suverenliyinin bərpasına nail olub”.

Millət vəkili bəzi Qərb ölkələrinin bu xüsusda Fransa kimi dövlətlərin reallığı qəbul etməməklə bağlı ikili mövqeyinə diqqət çəkib: “Halbuki, Fransanın açıq şəkildə dəstək verdiyi Ermənistan belə bu vəziyyətlə barışıb. Məhz ölkəmizdə COP29-un konfransının keçirilməsi bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq Azərbaycan COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək. Bu ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da dövlətimizin qarşısında yaşıl enerji ilə bağlı mühüm hədəflərin olduğu bir daha bəyan ediləcək. Çünki yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda dövlətimizin həyata keçirdiyi enerji siyasətinin prioritetini təşkil edir. Bu reallıqları həmin konfransda bütün dünya bir daha görmüş olacaq”.

Sevinc Hüseynova Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyində böyük təcrübəyə malik olduğunu söyləyib: “Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini nümunə göstərmək olar. Ölkəmiz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməklə yeni bir nümunə yaradıb və bunun nəticəsində Azərbaycanın təşkilata sədrliyinin müddəti daha bir il uzadılmışdı. Bu sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlu, müdrik və uzaqgörən siyasətin bariz nümunəsidir. Azərbaycan Qoşulmama Hərəkatı ilə yanaşı Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda aktiv iştirak etməklə yanaşı vacib təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edir. Məhz COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun təzühürü kimi dəyərləndiriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər