22 Dekabr 2023 11:15
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz ərazisində konstitusiya quruluşunu bərpa edəndən sonra faktiki olaraq yeni dövr başlandı. Bu mənada Prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verdiyi qərar reallıqlara uyğundur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

Onun sözlərinə görə, bu, gələcəyə hesablanmış böyük strateji plandır:

“Seçki qərarı xalq tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycanda yaranmış yeni şəraitə uyğun olaraq müasir dövrün tələbləri, həm də mövcud vəziyyətlə əlaqədar siyasi-iqtisadi xətti uğurla həyata keçirmək üçün cənab Prezidentin bu barədə iradəsi yekdiliklə qəbul olunur. Azərbaycan demokratik ölkədir, azad seçkilər keçirilir və qarşılıqlı rəqabətə əsaslanır. Demokratiyanın bütün tələblərinə uyğun həyata keçirildiyinə görə digər şəxslər də namizədliyini verir və mübarizə aparırlar. Ayrı-ayrı partiya və qruplar tərəfindən irəli sürülən namizədlər təkcə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə yarışmaq deyil, həm də öz güclərini sınamaq, cəmiyyətdə tanınmaq üçün mübarizədə iştirak edirlər”.

Məhəmməd İmanlı bildirib ki, birmənalı şəkildə Azərbaycan xalqının seçimi İlham Əliyevin strategiyası, onun siyasi xətti və iqtisadi kursudur:

“Artıq beynəlxalq aləmdə Azərbaycan dedikdə İlham Əliyevin gördüyü işlər önə çıxır. Kursun davamlılığını, Azərbaycan xalqının gələcəyini təmin etmək, qlobal dünyada yerini möhkəmləndirmək üçün zamanın tələbinə uyğun olaraq İlham Əliyev seçimi zərurətdir. Alternativlər isə gələcəkdə övladları, nəvə-nəticələrinə kiminlə yarışdıqları haqqında fəxrlə danışa bilərlər ki, o zamanın görkəmli sərkərdəsi İlham Əliyevlə yarışa qoşulmuşduq.

Çoxqütblü dünyada Azərbaycanın yerini daha da möhkəmləndirməsi, bütöv Azərbaycan uğrunda, Qərbi Azərbaycanla bağlı cənab prezidentin apardığı xətt, irəli sürdüyü vəzifə və funksiyalar bu seçkilərdə milyonlarla insanın onun vəkili olacağını göstərir. Hesab edirəm ki, cənab Prezidentin bir il öncə başlatdığı və təqdim etdiyi Qərbi Azərbaycan proyekti də növbəti prezident seçkilərində ölkə başçısının qarşıya qoyduğu proqramının içərisinə daxildir. Milyonlarla insan o proqramın uğurla həyata keçməsinin şahidi olacaq. Seçkilərin azad və demokratik rəqabətlə keçirilməsi dünyaya nümunə olacaq. Bu, Azərbaycan xalqının seçimidir. Çünki Azərbaycan hakimiyyəti xalqa məxsusdur. Bu gün istənilən yerdə, auditoriyada, görüşdə, məclislərdə birmənalı olaraq İlham Əliyevin reytinqi Azərbaycanda 99 faiz təşkil edir. Hər bir ailədə İlham Əliyevin namizədliyi ürəkdən dəstəklənir Xalqımız itmiş-əzilmiş ruhunu ayıldan şəxsiyyət İlham Əliyevin ətrafında birləşəcək. Böyük Azərbaycanın böyük gələcəyi də İlham Əliyevlə bağlıdır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər