28 Dekabr 2023 15:06
2 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan müzakirələr haqqında ətraflı məlumata malik deyilik. Məhdud xarakter daşıyan məlumatlar əsasında fikir söyləmək olar. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri ayaqüstü görüşdülər. Ona görə də, geniş müzakirə xarakteri daşıyan bir görüşün olmadığı qənaətindəyəm.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Amma yayılan görüntülərdən də məlum olur ki, ayaqüstü görüşlərdə də ciddi məsələlər ortaya qoyulub. Xüsusi olaraq Prezident İlham Əliyevin inamlı və məğrur duruşu, fikirlərini bədən dili ilə ifadə etmək görüntüsü onu deməyə imkan verir ki, Paşinyan tutduğu mövqeyə görə tənbeh edilib. Ona başa salınıb ki, sülh sazişini gecikdirməyə, bəhanələrlə təxirə salmağa ehtiyac yoxdur. Ümumi görüntülərdən biz bu cür nəticə çıxara bilərik” – deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, Paşinyan tərəfindən də buna hər hansı etiraz ifadə olunmayıb:

“Ermənistan baş nazirinin görünüşü, müti şəkildə dayanması Prezident İlham Əliyevlə onun razılaşması anlamına gəldiyini və çıxılmaz bir vəziyyətdə durduğunu da bu görüntülər ifadə edir. Həmin görüşdən sonra Ermənistanın xarici işlər naziri Azərbaycanla sülh sazişinin bağlanmasına dair nikbin açıqlamalar verməsi də belə nəticəyə gəlməyə əsas verir. Demək ki, ölkə liderlərinin ayaqüstü görüşünün prosesə ciddi təsiri var. Ermənistana bir daha izah olundu ki, onun başqa çıxış yolu yoxdur və tezliklə sülh sazişinin imzalanması reallaşmalıdır”.

Fəzail Ağamalıya görə, buna qədər verilən məlumatlar da göstərir ki, Ermənistan artıq sülhə yaxındır:

“Azərbaycanın verdiyi təkliflər rəsmi İrəvan tərəfindən öyrənilir. Yəqin ki, buna yaxın vaxtlarda cavab veriləcək. Gözlənilən odur ki, 2024-cü ilin yanvarında sülh sazişinin bağlanması çox böyük surpriz olardı. Azərbaycanda keçiriləcək prezident seçkiləri bitdikdən sonra sülh sazişinin imzalanması daha real görünür. Çünki sülh sazişinin bağlanması 2024-cü ilin birinci yarısından o tərəfə keçməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər