29 Dekabr 2023 14:29
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyada bir çox ölkələr var ki, onların arasında sülh olsa da ərazi mübahisələri qalır. Azərbaycanla Gürcüstan arasında da bu məsələ müzakirə mövzusudur. Görünən odur ki, tərəflər arasında sərhəd məsələsində fikir ayrılığı var.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsində bir-birinə hücum etməmək kimi prinsip əsas götürülür. İki ölkə arasında digər əlaqələrin yaradılması da burada öz əksini tapır. Sərhədlərin müəyyənləşməsi isə təbii olaraq uzun çəkən bir prosesdir. Burada kompromis tapılmalıdır”.

Partiya sədri hesab edir ki, razılaşdırılacaq məsələyə hər iki tərəf qane olmalıdır: “Sülh müqaviləsinin sərhədlərin müəyyənləşməsindən başqa həlli ilə bağlı yanaşmalar fərqlidir. Sərhədlərin müəyyənləşməsi uzun müddət tələb etdiyinə görə, sülh müqaviləsinin bundan sonraya saxlanılması Ermənistanla Azərbaycan arasında hərbi konfliktin saxlanılması deməkdir. Bu da istənilən vaxt iki ölkə arasında müharibənin başlamasına əsas ola bilər”.

Sərdar Cəlaloğluna görə, sülh müqaviləsi imzalamaqla müharibə təhdidini aradan qaldırmaq və digər mübahisəli məsələləri həll etmək olar: “Azərbaycanın burada əsas tələbi tək sərhədlərin dəqiqləşməsi ilə bağlı deyil. Həmçinin Ermənistanın 30 illik işğal dövründə Azərbaycana vurduğu maddi-mənəvi ziyanın kompensasiya edilməsi məsələləri var. Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilmiş ağır hərbi cinayətlərlə bağlı prinsipial mövzular gündəmə gətirələcək. Amma iki ölkə arasında sülhün əldə olunması əsas şərtdir. Çünki sülh olmadıqca müharibə vəziyyəti aktual olur və beləliklə xarici faktorların Qafqaza müdaxiləsinə imkan yaranır”.


Müəllif: Tapdıq Qurbanlı