Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, ötən ilin sonuna yaxın Azərbaycanla Ermənistan arasında müsbət dinamika müşahidə edildi. Qarşılıqlı olaraq saxlanılan şəxslər təhvil verildi və Ermənistan COP29-un Azərbaycanda keçirilməsi məsələsinə dəstək ifadə etdi. Bu tendensiyanın bu il sülhlə yekunlaşacağı ehtimalı nə dərəcədə böyükdür?
- Bu il də tərəflər arasında sülh prosesi davam edəcək. Sözsüz ki, sülh prosesinin vacib mərhələsi sülh sazişinin imzalanmasıdır. Bunun bir mərhələ adlanması da təsadüfi deyil. Çünki ilkin imzalanacaq sənəd çərçivə razılaşması olacaq. Çərçivə sülh sənədində gələcəklə bağlı prinsiplər öz əksini tapacaq. Məhz bundan sonra aparılan danışıqlarla məsələlər həll olunmalıdır.
- Ən çox hansı mövzuları ətrafında müzakirələrin gedəcəyi ehtimalı var?
- Sərhədlərin dəqiqləşməsi və kommunikasiyaların açılması burada həssas mövzu kimi qəbul olunur. Xüsusi olaraq bu məsələlərə aid danışıqlar nəzərdə tutulur.
- Təzminatla bağlı hansı addımların atılacağı gözlənilir?
- Humanitar və təzminat məsələsi, cinayətkarların məsuliyyətə cəlb olunması və sair kimi proseslər mərhələli formada həllini tapa biləcək. Məhz mərhələli həll dedikdə çərçivə sülh sazişində vaxtilə irəli sürülmüş prinsiplər daha geniş şəkildə bəyan olunacaq. Beləliklə, hər iki tərəf, yəni Azərbaycan və Ermənistan buna imza atacaq.
- Sizcə, sülh müqaviləsinin imzalanması ilə bütün məsələlərin həlli mümkün olacaqmı?
- Təbii ki, bu məsələlər bir hadisə və sənədin imzalanması ilə həll olunası proses deyil. Bu, uzun bir prosesdir.
- Belə çıxır ki, sülh razılaşmasından sonra sərhədlərlə bağlı uzun müzakirələr aparılacaq...
- Delimitasiya və demarkasiya texniki bir prosesdir. Amma sərhədlərin müəyyən edilməsi siyasi məsələdir.
- Anklavlar və eksklavlarla bağlı məsələnin həllini necə görürsünüz?
- Erməni tərəfi də burada müəyyən iddialar irəli sürür. Nikol Paşinyan da bir çox hallarda hansısa rəqəmləri səsləndirir. İstisna deyil ki, Azərbaycan da öz növbəsində hansısa bir rəqəmləri gündəmə gətirə bilər. Ona görə də, bu, danışıqlar mövzusudur. 1929-cu ildə Ermənistana verilən Göyçə mahalını buna misal gətirmək olar. Çünki həmin dövrdə Göyçə mahalına birləşmiş ərazi olub. Göyçə mahalının tən ortasından sərhəd keçirdi. Sadəcə olaraq bolşeviklərin “qərarı” ilə Azərbaycan Göyçə mahalından məhrum edilib. Amma unutmaq olmaz ki, ən böyük şirin su mənbəyi Göyçə gölüdür.
- Azərbaycan hansı əsasla şirin su qaynağından məhrub edilib və bu məsələnin geri dönüşü necə həll olunacaq?
- Həmin şirin su ehtiyatından istifadə Azərbaycanın maraqlarına uyğun olan məsələdir. Eyni zamanda Zəngəzurun qanunsuz olaraq ermənilərə verilməsi də gündəmdədir. Bu məsələnin də danışıqlar mövzusu olması labüddür. Bütün bunlar onu göstərir ki, tərəflər qarşılıqlı olaraq öz baxışlarını və mövqelərini ortaya qoymalıdır.
- ABŞ Dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri zamanı da Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olundu. Vaşinqton Ankara ilə bu məsələni müzakirə etməkdə nə məqsəd güdür?
- Bu məsələlərlə bağlı ABŞ-nin baxışları fərqlidir. Ağ Ev danışıqlar prosesini dəstəkləyir. Azərbaycan da məsələlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Sözsüz ki, burada Amerikanın mövqeyi ikinci dərəcəli bir məsələdir.
- Zəngəzur dəhlizi ilə bağlı Türkiyədən verilən mesajın əsas hədəfi nədən ibarət idi?
- Dəhliz mövzusunu Azərbaycan birtərəfli qaydada həll edib. ABŞ isə hazırda İrandan keçən kommunikasiya xəttinə qarşı çıxır. Digər tərəfdən də Ermənistanın Zəngəzur mövzusuna aid mövqeyi də tənqid edilmir. Azərbaycan isə post-konfilikt dövrünə aid bu və ya digər məsələləri gündəmə gətirir. Bu məsələlər danışıqların mövzusu olmaqla yanaşı beynəlxalq qurumlar tərəfindən diqqətdə saxlanılır.
- Azərbaycanın Zənguzrla bağlı başqa bir gündəliyinə eyham vurulur...
- Bəli, bu tarixi faktlara əsaslanan bir reallıqdır. Azərbaycan üçün Zəngəzur mövzusu tarixi ədalətin bərpası ilə öz həllini tapa bilər. Beləliklə dəhlizlə bağlı da Ermənistan və başqalarının mövqeyinə ehtiyac qalmayacaq. Çünki vaxtilə qanunsuz olaraq Ermənistana verilmiş torpaq niyə geri qaytarılmamalıdır? Hətta bu, Ermənistan qarşısında şərt kimi qoyula bilər.
- İranın buna yanaşması necə olacaq?
- Əslində bu məsələdə İranın mövqeyi ziddiyətlidir. Azərbaycan-İran arasında Xəzər dənizindən Astara-Qasanquli sərhəd xətti üzərində sovet dövründə aid bir reallıq var. İran isə indi bunları qəbul etmir. Tehran fərqli bir sərhəd xəttinin olmasını iddia edir. İran bu mövzuda sərhədin dəyişməsini istəyir. Digər mövzularda isə guya mövcud sərhəd xəttlərini dəstəkləməklə məşğuldur. İlk növbədə İran dərk etməlidir ki. Azərbaycan-Ermənistan sərhədi iki ölkə arasında həll olunacaq prosesdir. Burada İran, ABŞ, Fransanın mövqeyi siyasi əhəmiyyət daşıyır. Əsas qərar sahibi isə Azərbaycan və Ermənistandır.