11 Yanvar 15:26
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan tez-tez açıqlamalar verir, nitqlər söyləyir, parlamentdə çıxış edir. Paşinyanın çıxışlarında Azərbaycanla danışıqlar prosesinə də toxunulduğundan Prezident İlham Əliyev də il ərzində bir neçə dəfə mövcud vəziyyət və aktual məsələlər barədə ictimaiyyəti məlumatlandırmağı lazım bilir. İlham Əliyev bu yolla həm də dost və düşmənlərə, o cümlədən Ermənistana mesajlarını göndərmiş olur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlərinə görə, prezidentin yerli telekanallara son müsahibəsindən aşağkdakı nəticələri çıxarmaq mümkündür:

Birincisi, Fransa anti-Azərbaycan mövqeyindən geri çəkilməsə, rəsmi Bakı da beynəlxalq aləmdə Fransanın kolonial siyasətinə qarşı mübarizəsini davam etdirəcək. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi başa çatmaq üzrə olsa da, Bakının hərəkat çərçivəsində Fransanın kolonial siyasətinə qarşı formalaşdırdığı “Bakı təşəbbüsü” çərçivəsində fəaliyyətini davam etdidəcək. Bununla İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona mesaj göndərdi ki, siz bizə problem yaratmaqda davam edəcəyiniz halda, biz də sizə beynəlxalq aləmdə problem yaratmaqda davam edəcəyik.

İkincisi, İlham Əliyev Nikol Paşinyanın təbliğat məqsədilə irəli sürdüyü “Sülh qovşağı” ideyasını qəbul etmir. Paşinyan bu ad altında bölgə ölkələri arasında kommunikasiya xətlərinin hər bir ölkənin suverenliyi çərçivəsində açılmasının tərəfdarıdır. Bakı Paşinyanın təklifinə o halda razılaşmağa hazırdır ki, Ermənistan Azərbaycan vətəndaşlarına Zəngəzur dəhlizi ilə rahat gediş-gəliş imkanı yaratsın. Bu olmadan Azərbaycan Ermənistanla sərhədində heç bir məntəqəsini açmayacaq.

Üçüncüsü, İlham Əliyev Azərbaycanın tarixi qələbəsindən sonra yeni hədəflər barədə düşünülməsinin tərəfdarıdır. Prezidentin “tarixi zəfəri istismar etmək olmaz” tezisini “tənbəlləşmək olmaz” kimi oxumaq lazımdır. Prezidentin bu tezisindən çıxış edərək, Azərbaycan diplomatiyasının və diasporunun fəallaşmasına ehtiyac var.

Ermənistan və havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndirib. Məsələn, Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir. Sərginin təşkilatçıları arasında Paris meriyası da var. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri Avropanın digər dövlətlərində Qarabağda dağıdılan məscidlərlə bağlı toplantı və sərgilər keçirməlidir və bu, erməni təxribatına ən tutarlı cavab olar.

Ermənistanda səfərdə olan Yunanıstanın xarici işlər naziri də deyib ki, Afina “Dağlıq Qarabada erməni irsinin qorunması” üçün Avropa İttifaqında və YUNESKO-da təşəbbüslərlə çıxış edəcək. Yunanıstan vətəndaşları soyuq qış aylarında evlərini Azərbaycan qazı ilə qızdırırlar. Bunu Afinaya xatırlatmağa ehtiyac var ki, Yunanıstan hökuməti Azərbaycanla bağlı siyasətində diqqətli olsun”.

Dördüncü məqama gəlincə, təhlildə qeyd olunur ki, İlham Əliyev bu il sülh sazişinin imzalanması üçün şəraitin yarandığı qənaətində olsa da, Ermənistanın silahlanmasının prosesi əngəlləyə biləcəyinə diqqəti çəkib:

“Prezident bir daha o fikri xatırladıb ki, Ermənistan Azərbaycana təhlükə yaradan silah və ya raketlər əldə etsə, Azərbaycan buna qarşı qabaqlayıcı addımlar atacaq. İlham Əliyevin bu xəbərdarlığı Ermənistanı xarici ölkələrdən hücum xarakterli silah və hərbi texnika almaqdan çəkindirməlidir. Əks halda müharibə qaçılmaz olacaq. Azərbaycan yeni müharibədə maraqlı deyil.

Beşinci, İlham Əliyev iki ölkə arasında sərhədlərin müəyyənləşməsinin sülh sazişinin imzalanmasına mane olmayacağı qənaətindədir. Həqiqətən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar uzun illər davam edə bilər, bu, sülh sazişinin xaricində qalacaq. Azərbaycanın sərhəddəki strateji yüksəkliklərdən geri çəkilməyəcəyi bir daha vurğulandı. Sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə də ehtiyac yoxdur. Azərbaycan anklav kəndləri geri qaytarmaq siyasətindən imtina etməyəcək. Azərbaycana bitişik kəndlər təhvil verilməli, Ermənistanın içində qalan kəndlərlə bağlı vəziyyət isə iki tərəfin formalaşdırdığdığı komissiyasının müzakirə predmeti olmalıdır.

Altıncı, Azərbaycan Cənubi Qafqazda böyük dövlətlər arasında gesosiyasi rəqabətin əleyhinədir. Çünki bu rəqabət bölgə üçün əlavə problemlər yaradır. Bu mənada sülh sazişinin harada imzalanması mübahisə predmeti olmamalıdır. Önəmli olan heç bir dövlətin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və sonrakı danışıqlar prosesinə mane olmamasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər