13 Yanvar 09:06
3 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirdi ki, Qazaxın sərhədə bitişik 4 kəndi qeyd-şərtsiz qaytarılmalı, qalan 4 anklavla bağlı məsələ də bundan sonrakı dialoqla həll edilməlidir. Əliyev ayın sonunda Ermənistanla keçiriləcək görüşdə bu məsələnin müzakirə olunacağını açıqladı. Sizcə, bundan sonra hansı gəlişmələr ola bilər?

- Azərbaycan Prezidenti haqlıdır, çünki Qazaxın 7 kəndindən dördü anklav hesab edilə bilməz, sərhədə bitişikdir. Qazaxın üç kəndində isə ermənilər Rusiyaya gedən strateji yol tikiblər və bunu bəhanə edərək həmin əraziləri anklavlar sırasından “çıxarıblar”. Bəli, sərhəd komissiyaları yanvarın sonunda bu məsələnin müzakirəsini aparacaq. Çünki ermənilərin də Gədəbəyin Başkənd kəndi ilə bağlı anklav iddiaları var. İndi bu məsələ ya mübadilə, ya da beynəlxalq hüquq çərçivəsində digər prinsiplərlə həllini tapmalıdır. Amma deyim ki, Başkəndin ərazisi Naxçıvanın qaytarılmalı olan Kərki kəndinin üçdə biri qədər də deyil. Eyni zamanda, Qazaxın anklav olmayan 3 kəndindən də xeyli kiçikdir. Bu da razılığa gəlmək prosesində müəyyən çətinliklər yarada bilər.

- Prezident Əliyev sülh danışıqlarının vasitəçilərsiz davam etdirilməsinin məqbul olduğunu söylədi. İrəvandan verilən son açıqlamada isə prosesin Vaşinqton və Brüsseldə davam etdirilməsinin tərəfdarı olduqları bildirildi. Belə olan halda proses necə gedəcək?

- Ermənistan diktə edən tərəf olmamalıdır, ola da bilməz. Ermənistan müharibədə məğlub olub. Üstəgəl, Azərbaycan prezidentinin təklif etdiyi birbaşa – vasitəçilərsiz danışıqlar məsələlərin sürətlə həlli baxımından ən yaxşı variantdır. Azərbaycan tərəfi bildirir ki, bizə beynəlxalq qarant lazım deyil.

Digər yandan, Azərbaycan qərəzli mövqelərinə görə Brüssel və Vaşinqtonun vasitəçiliyini rədd edir. Lap ikitərəfli sülhyaratma prosesinə beynəlxalq zəmanət verən qüvvələr lazım olacaqsa, bu, bizim daxili işlərimizə qarışmamalı, yalnız beynəlxalq prinsilər pozularsa, öz səslərini qaldırmalıdırlar. Başqa sözlə, İrəvanın qaldırdığı Brüssel, Vaşinqton və ya beynəlxalq zəmanət məsələsi kifayət qədər mübahisəlidir. Ermənistan bunun müqabilində özünə tərəfdar toplamağa və Azərbaycana qarşı “müdafiə səddi” qurmağa çalışır. Azərbaycan bunu qəbul etmək fikrində deyil, axıra qədər də bu işin üstündə dayanacaq.

- Azərbaycan lideri Zəngəzur dəhlizindən manəsiz keçidi gündəmə gətirdi. O dedi ki, insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir, çünki bu, Azərbaycandan Azərbaycana keçiddir. Sizcə, məsələ bu kontekstdə çözüləcəkmi?

- Bəli, məsələ bu çərçivədə həllini tapa bilər. Amma ortaya yeni nüanslar çıxmağa başlayıb. Ermənistan yeni bir iddia irəli sürərək bildirir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üçün başqa kommunikasiya xətlərindən istifadə edilə bilər. Məsələn, ermənilər Qazax-İcevan xəttini göstərirlər. Deyirlər ki, bu dəmir yolu ilə Naxçıvana sərbəst şəkildə getmək olar. Eləcə də bu istiqamətdəki avtomobil yolu ilə. Ermənistan bunu dəfələrlə gündəmə gətirsə də, Azərbaycan qəbul etmir və Zəngəzur dəmir və avtomobil yollarının açılmasında israr edir.

Ortada həll edilməmiş bir məsələ də var: Ermənistan Rusiyanın bu yollara nəzarətini qəbul etmək istəmir. İrəvan bunun Ermənistanın suverenliyinə zidd olduğunu söyləyir. İrəvanın fikrincə, bu xətdən keçəcək yüklər və sərnişinlər Ermənistan tərəfindən yoxlanılmalıdır. Üstəgəl, deyirlər ki, bu məsələlər müzakirə olunmalı və razılığa gəlinməlidir, amma bu prosesdə Rusiyanın iştirakı olmamalıdır. Ermənistan Rusiya məsələsində “prinsipial” mövqe tutur.

Azərbaycan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinə qarşı çıxmır. Bu, Azərbaycan üçün daha məqbul görünür. Əlbəttə, vəziyyət dolaşıqdır və bundan çıxmağın dəqiq yollarını göstərmək o qədər də asan deyil. Bütün hallarda Azərbaycan prezidentinin irəli sürdüyü xətt doğrudur və bu, müdafiə olunmalıdır.

- Zəngəzurdan danışarkən Əliyev ABŞ-nin bu dəhlizinə açılmasına imkan verməyəcəyi iddiasına da toxundu. Azərbaycan lideri Amerikaya belə bir sual ünvanladı ki, Vaşinqton niyə İranın Qərbi Zəngəzurda konsulluq açmasına etiraz etmir? Yəni Amerikanı niyə Zəngəzurda şübhəli fəaliyyətlə məşğul olan “əzəli düşmən”i İran yox, Ermənistana qarşı bu yöndə heç bir addım atmayan Azərbaycan “narahat” edir?

- Amerika siyasətinin qeyri-obyektiv olduğu bu məqamda üzə çıxır. Amerika açıq şəkildə göstərir ki, İran yox, Azərbaycana qarşı mövqedə dayanıb. Bəli, ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi kifayət qədər mübahisəli və qeyri-konstruktivdir. Görünən budur ki, kənar güclər sülhyaratma prosesinə qatıldıqca, onların maraqları ön plana çıxır, bununla da sülh prosesinin önündə əngəllər yaranır. Buna görə də, Azərbaycan “beynəlxalq qarant” kimi prosesə girməyə çalışan Brüssel, Vaşinqton və Moskvanın vasitəçiliyinə qarşı çıxır. Azərbaycan təklif edir ki, kənar vasitəçiyə ehtiyac yoxdur, iki dövlət üz-üzə oturub məsələləri çözməlidir.

- İlham Əliyev ölkəmiz qarşısında hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, ilk zəng edəcəyi xarici liderin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacağını dedi. Azərbaycan Prezidenti 44 günlük müharibədə də ən çox Ərdoğanla danışdığını söylədi. Əliyevin bu açıqlamasını necə şərh edə bilərik?

- İlham Əliyevin bu açıqlamasında bir eyham da var, bu da Nikol Paşinyana yönəlib. Nikol Paşinyan 44 günlük müharibədə telefondan əl çəkmədi, dünyanın əksər dövlətlərinə zəng etdi, onlardan yardım istədi. İlham Əliyev isə həmin günlərdə yalnız Rəcəb Tayyib Ərdoğanla əlaqə saxladı, məüyyən məqamlarda Putinlə danışdı, başqa heç kimə müraciət etmədi. Yəni Prezident o mesajı verdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz məsələsini özü həll elədi. Dövlət başçısı onu da söylədi ki, yenə də hansısa məqam yaranarsa, yenə ilk olaraq qardaş Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edəcək.

Prezidentin bu açıqlaması həm də Türkiyə-Azərbaycan əlaqələrinin hansı səviyyədə olduğunu, bu bu iki qardaş ölkənin bir-biri verdiyi dəyərin, bir-birinə olan güvəninin ölüçüsünü göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər